manera.az
manera.az

Qoy qolların yol gözləsin, mən gəlim - Yeni şeirlər

Qoy  qolların yol gözləsin, mən gəlim - Yeni şeirlər
MANERA.AZ Əbülfət Mədətoğlunun yeni şeirlərini təqdim edir.

Gəlim

Yastığını qucaqlama gecələr,
Qoy qolların yol gözləsin, mən gəlim.
Deyirsən ki, işıq düşər, görərlər -
Yaxşı, onda dönüb olum çən, gəlim!..

Səhər mehi, çəmən şehi, quş səsi
Kaş sındırsın ürək sıxan qəfəsi...
Qatmaq üçün nəfəsinə nəfəsi -
Sünbül kimi vağanayıb, dən gəlim!

Xoş qismətdi anlamaq da, anmaq da
Sonuncuyam sevdiyimi danmaqda!
Sənin üçün dirigözlü yanmaqda -
Çətin ki, mən Əbülfətə tən gəlim!

Xatırlatma

Bax nə qədər yorulubdu gözlərim,
Səndən başqa, işığı da seçmir tay!..
Ağlamaqdan durulubdu gözlərim -
Kiprikləri yarıb bulud, keçmir tay...

Vərəqlənir göz yaddaşım anbaan,
Nəfəs dərib, arada bir, nəmlənir...
Uzaqlara qanadlanan xəyaldan -
Gözlərim də xumarlanır, dəmlənir...

Cığırları düyün düşən həyatın,
Naxışları köz dağıdı - basılıb...
Barmağınla toxunduğun, ay Qadın -
Ürəyimdi, kirpiyindən asılıb!

Ömürdən bir gün

Mənzərəsi ürək sıxır bu günün,
Bir qapıdı, bir pəncərə. dörd divar...
Barmaqlarım aça bilmir düyünün -
Arasında keçilməyən hörgü var!..

Qucaqlayıb elə bil ki, daş - daşı
Bir az çapıq, bir az hamar - yaş daşı...
Mən özüməm bu günümün yaşdaşı -
Ona görə kipriyimə yağıb qar!..

Səpilibdi üzü göyə toz, duman
Bir görən var, on beş isə göz yuman!
Azaldıqca saz dinləyən, söz uman -
Dünyamız da kiçilərək olub dar!..

Gerçəkləri xəyal kimi hörmüşəm,
Bilməmişəm, bu da məni ağrıdar!..
Elə bu gün ayılmışam, görmüşəm -
Tar bağlayıb ürəyimdə, ağrı, tar!

... Mənzərəsi ürək sıxan bu günün
Bir ad gülür dodağının ucunda...
Ümid çözür gerçəkliyin düyünün -
Bant edərək ürəyimi saçında!..

Düşüncələr

Qapısında kədər durub evimin,
Gələnim də, gedənim də üzgündü...
Göz yaşına tuş gələndən sevgimin -
Dostlar deyir, bu nə qədər küsgündü!..

Səsi çoxdan uzaqlaşıb qatarın,
Yola salan qalmayıbdı perronda...
Yaş doldurub yanağımın çatların -
Dalğalanır boynubükük duranda!

Qayğıları bəhrə verir hər günün,
Xırman yeri tozanaqdı ömrümün...
Mən ümidlə becərdiyim tər gülün
Dəstə, dəstə qalayıram kömürün!

Elə bil ki, kəpənəkdi qismətim,
İlğım kimi hərdən dəyir gözümə...
Kədərimə örtük olur ismətim -
Qoşalaşıb qayıdanda üstümə!

Saymışam

Mən özüm özümə etdiklərimi -
Sən mənə edəndə şəfa saymışam...
Sən özün özünə etdiklərini -
Mən sənə edəndə cəfa saymışam!..

Olmayıb, bəlkə də, ağlım yerində,
Demə, qulağı var göyün, yerin də !
Səni gizlətdikcə mən ən dərində! -
Səni ürəyimə səfa saymışam!..

Gözlərim çevrədə görmür heç kimi!
De, sənsiz hansısa anım, keçdimi?!
Bir Allah bilir ki, sənin eşqini -
Dünyada müqəddəs VƏFA saymışam...

Əlin ilə...

İlahi, mən sevinc umurdum, sənsə
Kədəri pay verdin bol, əlin ilə!..
Mənim ürəyimin bələyin açıb -
Göstərdin sən giriş - yol, əlin ilə!

Qaya çilikləyib, qum yudum hər gün,
Arat elədikcə, şum yudum, hər gün!..
Torpağa səpməmiş , tum, yudum , hər gün -
Duasın edərək sol, əlim ilə!..

Gözləmək gücümü düzərkən sapa,
Adım yad şirif tək, düşmədi çapa!
Qoymadın kim isə, axtarıb tapa -
Sən vurdun qapıma, qol, əlin ilə!

Saysız ağrılar...

Heç dincəlmir ağrıların külüngü,
Zərbələri dəlib, keçir ürəyi...
Kədər yaman tülüngüdü, tülüngü -
Yerə dəymir, ha yıxsan da, kürəyi!..

Gah qaydalı, gah qaydasız döyüşür -
Bilmək olmur üsulunu, fəndini.
Elə bil ki, dırnaqları geyişir -
Sıxır qəfil , ürəyimin bəndini!..

Dara çəkir gizli, aşkar ruhu da,
Hər bir hala dil uzadır. əl qatır...
Bəzən mənə elə gəlir, yuxuda -
Yatağımın üst qatında qəm yatır!..

...Yorulmayan ağrıların heç biri,
Körpü altda iş gözləmir, aramır!..
Bildirmir ki, ölüdür, yoxsa diri -
Deyəsən, bu ağrı mənə yaramır!..

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 545 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031