manera.az
manera.az

Bu payızda məhəbbətim üşüyər - Bölgələrdən səslər - Layihə

Bu payızda məhəbbətim üşüyər - Bölgələrdən səslər - Layihə
MANERA.AZ "Bölgələrdən səslər" layihəsində Lətafət Abıyevanın şeirlərini təqdim edir:

Bu payızda məhəbbətim üşüyər

Bu payızda məhəbbətim üşüyər,
Qəfil düşən ayrılığın əlindən.
Məni məndən küsdürəcək bu payız,
Hara qaçım bu payızın əlindən?

Qəm oynadar ürəyimin başında
Həsrət adlı küləklərin əsimi.
Uçub gedən durnaların harayı
Batıracaq gileyimi, səsimi.

Bu payızın gətirdiyi qəm köçü
Gəlib mənim ürəyimdən ötəcək.
Sevincim bir qopan durna lələyi,
Düşüb həsrət yollarında itəcək.

Sevdam ağlar buludların gözüylə,
Yarpaq-yarpaq ümidlərim tökülər.
Tənha könlüm boş bir durna yuvası
Lələk-lələk, ilmə-ilmə sökülər.

Xəzəl olub çürüyəcək ürəyim
Bu həsrətin yağışından, nəmindən.
Bu payızda bir məhəbbət ağlayır,
Qəfil düşən ayrılığın əlindən...

Darıxdım

Elə gəldin, haylı-küylü gəlişlə,
Çıxıb getdin, sənsiz qalıb darıxdım.
Səndən sonra gülüşünü, səsini
Xatırlayıb fikrə dalıb... darıxdım.

Bu nə sevgi, bu nə sayğı, bilmədim.
Dərdim uçdu, qəhər-qayğı bilmədim.
Ürəyimi hansı duyğu bilmədim,
Hansı bir hiss qəfil çalıb darıxdım.

Yenilməyək bəxt adında dərdə gəl,
Sayammayaq durduğumuz yerdə gəl.
Gəl yenidən bu yerlərə, bir də gəl,
Biz tərəfdən yolun salıb, darıxdım.
Sən gedəli... Sənsiz qalıb darıxdım.
30.04.2022.

Gül döşə, gəlim

Bu üzgün ruhumla görüş umursan,
Məndə o halmı var görüşə gəlim?
Qov getsin yolumdan ayrılıqları,
Səadət adında gül döşə, gəlim.

Dəyiş bu talehi bacarsan, dəyiş,
Bəlkə ovsanaya düşdü bu gəliş.
Nə həvəs olmasın, nə də ki vərdiş,
Döndər hislərini günəşə, gəlim.

Al məni talehin savaşlarından,
Qurtulum yağan bu bəxt daşlarından.
Qəlbin nəm çəkməsin göz yaşlarımdan,
Ömrünə gülüşə-gülüşə gəlim.

Bulaq ol, canıma ax sərın-sərin,
Göyərt ürəyimin ən cadar yerin.
Nə acı dadmasın, nə də çox şirin,
Çevir et bu eşqi gülöyşə, gəlim.

Qov getsin yolumdan ayrılıqları,
Yoluma sevgidən gül döşə, gəlim...
08.04.2022

Gözlədiyim xəbər qaldı

Bir sevincdən ocaq çatdım, isinəm,
Söndü getdi, qəhər qaldı yerində.
Gələmmədi uçunduğum o müjdə,
Gözlədiyim xəbər qaldı yerində.

Sağ qolumu qaldırdım ki oynayam,
Sol qolumda ağrı duydum, sustaldı.
Hislərimi pilləkənə döndərən
Necə gözəl, necə mahir ustadı?!...

Mən hələ də aldadıram özümü -
Gur yanacaq bu küçənin işığı.
Üzülürəm ümidlərin halına,
Yuvarlansa, uçurumdur aşağı.

Neçə-neçə yığılmamış barxana,
Neçə-neçə səfər qalıb, İlahi...
O məkanda ümidlərin yerində
Bir xaraba şəhər qalıb, İlahi...
26.02.2022

27 sentyabra xitabən

Səndən başladı bizim qələbəyə yolumuz,
Şığıdı şahin kimi hər qızımız, oğlumuz.
Çox şükür, sustalmadı qılınc tutan qolumuz,
Ağlama, sentyabr.

Qarşıda qürur verən zəfərimiz var bizim,
Tarixə xoş müjdəmiz, xəbərimiz var bizim.
Ümidi çiçək açmış səhərimiz var bizim,
Ağlama, sentyabr.

Qan sızdı qəlbimizə hər şəhidin qanından,
Neçə min ərən keçdi varlığından, canından.
Bir muştuluq çiləndi bir payızın danından,
Ağlama, sentyabr.

Hər qazinin yadigar yarası yaramızdı,
Hər şəhidin yadigar balası balamızdı.
Bu zəfər haqqımızdı, bizim halalımızdı!
Bu xalq unutqan deyil, soyuda yaddaşını...
Sil gözününü yaşını.
Ağlama, sentyabr, ağlama, sentyabr.
27.09.2021

Bu xan eşqi ağla get

Bir mən idim, bir bəxt adlı boş oda
Niyə gəlib qəfil açdın qapımı?
Dizlərimin göynərtisi getməmiş,
Aldın yenə ürəyimdən tabımı.

Çöküb qaldım bir heyrətin üstünə,
Heyim yoxdur ürəyimi dikəldim.
Bu dönüşdən nida-nida qurudum,
Bu dönüşdən sual-sual tükəndim.

Sən də qaldın ayaq üstə o vaxtdan,
Oturmağa nə təklif var, nə bir yer.
Ümid etmə dincələrsən haçansa -
Görürsənmi nə gündədi bu mənzil?!
Hislərimi çətin edəm yerbəyer.

Matdım-matdım baxıb bəxtin üzünə
Bu dönüşün yozumunu istədim.
Daha başqa çıxış yolu qalmadı,
Bu sevgiyə ayrılıqla qəsd edim.

Üşüyürəm gətirdiyin ümiddən,
Durma burda, qapını da bağla get.
Görürsən ki can üstədi, son dəfə
Çırp bəxtinə, bu Xan eşqi ağla, get...
01.05.2020

Səni unutmaq olmur

İllərin arxasından
Axıb gələn sədasan.
Sən həyat ünsürümsən,
Sən ruhuma qidasan.
Sən qanıma çökmüsən,
Qanımı dəyişimmi?
Ya sənə yetmək üçün
Bəxtimlə döyüşümmü?
Səni unutmaq olmur.

Vaxt olur unuduram
Görəcəyim işləri.
Aldığım dəvətləri,
Ən ötə görüşləri.
Unuduram təbriki,
Unuduram salamı.
Bu eşq gör, necə əydi?!
Mənim kimi adamı -
Səni unutmaq olmur.

Zirvədəki qarımsan,
Uzaqlardan baxıram.
Mən o zirvəyə ancaq
Xəyallarda qalxıram.
Baxanda göz qamaşır,
Baxmasam meylim çəkir.
İradəmdən ağırmış
Sevgindəki bu çəki -
Səni unutmaq olmur.

İtirmişdim bir kərə,
Səni bir də itirdim...
Bir səadətə qıydım,
Bir sevinci bitirdim...
Amma bu ayrılıq da
Çıxış yolu olmadı...
Səni unutmaq üçün
Daha yol da qalmadı.
Səni unutmaq olmur.

Bütün təsəllilər də
Axıb gedən bir sudur
Yüyürüb tutmaq olmur.
Anladığım tək budur:
Səni unutmaq olmur,
Səni unutmaq olmur...
16.02.2020

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031