manera.az
manera.az

Allah göy üzündə Yeri saxlayır - Yeni şeirlər

Allah göy üzündə Yeri saxlayır - Yeni şeirlər
MANERA.AZ Rahil Tahirlinin yeni şeirlərini təqdim edir:

***
Nənəm deyərdi ki, duaya xatir,
Allah göy üzündə Yeri saxlayır.
Halallıq almağa əldə qabarı,
Bir də ki, alında təri saxlayır.

Bilsəydik, hər sirri açıb gedərdik,
Bir an da durmazdıq, qaçıb gedərdik,
Biz ki, bu bədəndən uçub gedərdik
Bizi bu bədənlə dəri saxlayır.

Fitrətdir, çiçəkdən çiçək doğulur,
İlahi nə varsa, göyçək doğulur,
Hər kəs bu dünyada mələk doğulur,
Hər kəs öz içində pəri saxlayır.

Hamı öz qapısın bağlayıb gedir,
Gedəndə özünə ağlayıb gedir,
Evlər xiffət çəkir, ağnayıb gedir,
Adamlar evləri diri saxlayır.


***
Keçsə əlli il də, yüz il də, yenə,
Adam bu dünyada lox olur, dədəm.
Pisdisə, çəkilib gen dayanırlar,
Yaxşının yiyəsi çox olur, dədəm.

Varın var dərdi var, yoxunku yoxdur,
Kamanın qəddi var, oxunku yoxdur,
Azın sərhəddi var, çoxunku yoxdur,
Aza qane olan tox olur, dədəm.

Bölməyə tikə var, tox yemədikcə,
Dərd-sər də az olur, çox yemədikcə.
Adam bu dünyaya yox demədikcə,
Adam bu dünyada yox olur, dədəm.


***
Bu qərib dünyada qərib bir adam
Dişini dişinə bərk-bərk sıxardı.
Havayı gələrdi dərdi, məlalı,
Çörəyi bir qara daşdan çıxardı.

Hamı sevgiliydi, hamı yar idi,
İçində bahardı, üstü qar idi,
Dünyada bir quru canı var idi,
Onu da min dəfə oda yaxardı.

Başqa bir boxçanı eşib getməzdi,
Dəydiyi ürəyi deşib getməzdi,
Çayın kənarıyla düşüb getməzdi,
Qarışıb çay ilə birgə axardı.

Elə yapışmışdı söz sinəsinə,
Elə bil yapışıb köz sinəsinə.
Söykənib evinin pəncərəsinə
Özü olmayacaq günə baxardı
Bu qərib dünyada qərib bir adam...


***
Necə görmədin bu damı,
Gələndə bu dam yox idi?!
Pərişan, boynu bükülü
Burda bu adam yox idi?!

Heç bir misram, heç bir sətrim,
Xətrini xoş edən xətrim,
Heç burnuna dəyən ətrim,
Heç səsim, sədam yox idi?!

Nə gözümü oyub getdin,
Nə dərimi soyub getdin...
Məni burda qoyub getdin -
Başqa bir edam yox idi?!


***
Vardır çoxlu günahım,
Çoxlu savab əməlim.
Bu günüm necədirsə,
Elə idi əvvəlim,
Aç qapını, mən gəlim.

Bir əlimdə çiçəyim,
Bir əlimdə xəzəlim.
Necə döyüm qapını?!
Döyməyə gəlmir əlim,
Aç qapını, mən gəlim.

Yol gəlib yorulmuşam,
Yumulmuşam - dincəlim.
Yaman verib Allahım,
Yaman gəlib əcəlim,
Aç qapını, mən gəlim.

525.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI