Dağ və dələ - Ralf Ualdo Emersonun uşaq şeiri

MANERA.AZ Amerika şairi Ralf Ualdo Emersonun(1803-1882) uşaq şeirini təqdim edir.
Dağ və dələ
Dağla dələ
Girib bəhsə
Söhbət açdı.
Dağ dələni
Görən kimi
Dedi: – Bu ki
Bapbalaca,
Xırdacadı.
Dələ dedi:
Sən nəhəngsən
Bu biçimdə!
Mən bilirəm,
Öz yeri var
Böyüyün də,
Kiçiyin də.
Havalar da
Cürbəcürdür –
İstisi var,
Sərini var.
Tamamlayır
Gələn ilin
Hər birini
Bu havalar.
Kim istəsə,
Peşkəş kimi
Mən verərəm
Öz yerimi.
Sənin təki
Nəhəng olmaq
Deyil asan.
Sən də dönüb
Mənim boyda
Olammazsan.
Gücüm çatmaz
Meşələri
Sənin təki
Saxlamağa.
Dələ dedi
Sonra dağa:
Bax, sənin də
Gücün çatmaz
Şam qozunu
Sındırmağa.