manera.az
manera.az

Bir dəyişən görəndə dəyişməkdən qorxuram - Şeirlər

Bir dəyişən görəndə dəyişməkdən qorxuram - Şeirlər
MANERA.AZ Aytəkin Əzizin şeirlərini təqdim edir:

Qorxuram...

Mən gecədən qorxmuram, gecə mənə yad deyil,
Qaranlıq heç bir zaman qorxacağım ad deyil.
Acı həyat kimsənin sevəcəyi dad deyil,
Şirini mən görəndə dəyişməkdən qorxuram...

Elə dedim qorxmuram, həyatı mərd yaşadım,
Üzdə gülüş, içimdə bir yığın dərd yaşadım,
Bir qarışlıq ürəkdə nə qədər dərd yaşadım?!
Qəlbimi şən görəndə dəyişməkdən qorxuram...

Mən ölümdən qorxmuram, doğulan öləcəkdir,
Yıxılan duracaqdır, ağlayan güləcəkdir,
Ay üzünü görənlər gün üzü görəcəkdir,
Üzümü gün görəndə dəyişməkdən qorxuram...

Dünənimi danarsam, bu günüm çıxar yoxa,
Axirətdə bir olmaz məndəki iki yaxa.
Diş ilə, dırnaq ilə zirvəyə çıxa-çıxa,
Bir dəyişən görəndə dəyişməkdən qorxuram...

Dəyişmərəm yaxınlar uzaq olsa neçə il,
Həsrət ipi boynuma keçib deyəcək: " əyil! "
Səni yadla görəndə dəyişməyimdən deyil,
Kimdəsə "sən" görəndə dəyişməkdən qorxuram...
7 aprel 2023

Zaman göstərər...

Sənə yazılanın pozulduğunu
Bəlkə də qəlbinə daman göstərər.
Zamanın nə zaman düz olduğunu
Sadəcə bir dənə saman göstərər.

Fərqi yox kim səni görəcək necə,
Görən görməyəni görür sadəcə.
Gündüzün qədrini qaranlıq gecə,
Yaxşının qədrini yaman göstərər.

Keçmişi yaxamda edəndə sancaq,
Nə sən oyun oldun, nə mən oyuncaq.
Kim kimi qazandı bilmirəm, ancaq
Kim kimi itirdi zaman göstərər.
14 avqust 2023

Vaxt...

Mən elə bilirdim anam eşikdə,
Atam öz işində, bacım beşikdə,
Pişik də siçanı tutan deşikdə
Vaxtı öldürür...

Yarpaq solacağı qışı gözləyir,
İnsan öləcəyi yaşı gözləyir,
Molla yeyəcəyi aşı gözləyir
Vaxtı öldürür...

Kitablar həmişə tozlanan rəfdə,
İnsanın həyatı nağılda, mifdə,
Hərə telefonla ayrı tərəfdə
Vaxtı öldürür...

Dedilər ağlatmaz üzü güldürən,
Olmadı gerçəyi bizə bildirən.
Vaxt bizi həmişə onu öldürən
Vaxtı öldürür...
18 avqust 2023

Sənindi...

İnsan özünü görməz öz-özünü ötmədən,
Sənə gəlməyəcəklər sən onlardan getmədən...
O ürək ki sözünə zərrə şübhə etmədən
İnandısa, sənindi...

Məndən niyə qorxalar, vuran əlim yoxdu ki,
Mən ölmüşəm əzizim, mənə ölüm yoxdu ki...
Səndən sonra təqvimim, ayım, ilim yoxdu ki,
Varındısa, sənindi...

Mən uşaq olmasam da yalan danış, eybi yox
Onsuz məni məhv edib bu aldanış, eybi yox...
Ya get danış, eybi yox, ya qal danış, eybi yox,
Yalandısa, sənindi...

O dünyanı bilmirəm, bu dünya elə yerdi
Mərd namərdi tapacaq, namərd həmişə mərdi...
Qəlbini bazar edib satmadığın bir dərdi
Kim aldısa, sənindi...

Hamı ağıllı baxır mənim kimi dəliyə,
Gözləyirlər mən gedəm, sonra onlar yeriyə..
Mən uzun yaşamaram, bu ömürdən geriyə
Nə qaldısa, sənindi...
6 dekabr 2023

Qabar...

Daha boş olan deyil, dolu olan da dolur,
Ölmək istəyən çiçək elə baharda solur.
Kasıbın ilk balası həmişə nübar olur,
Varlının hər uşağı özü üçün nübardı...

Səninlə aramızda bir fərqimiz var bizim,
Sən heç yıxılmamısan, mənim yaradır dizim.
Başa düşməyəcəksən məni heç vaxt "əzizim",
Səninki kimi deyil, mənim içim qubardı...

Sanma cibi boş olan dolusuna göz yumar,
Nə sən oyun deyilsən, nə mən udduğun qumar.
Sənin atanın əli həmişə olub hamar,
Mənim atamın əli doğulandan qabardı...
29 avqust 2023

yenises.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI