Gözlərinin şəkli var gözümün röyasında - Yeni şeirlər

MANERA.AZ Qılman İmanın yeni şeirlərini təqdim edir:
***
Radioda oxunur yenə həzin bir bəstə,
Əsir alır ruhumu xatirənin neçəsi.
Yağış ayaq səsinin notudur yollar üstə,
Küləklər şəhərində bu dekabr gecəsi.
Vaxtı söküb hər gecə ömrümüzü alan Dan,
Biriydisə, artırıb, həsrətimi üç elər.
Ulduzlar sönən çağı ötürüb dar dalandan,
Xəyalımı aparar sizə hər gün küçələr.
Zülmət içində hər yan, qurdtək ular qaranlıq,
Tişəsiylə köksümü həyacanım deşəsi...
Qəfil kəsər qarşımı...diksinərəm bir anlıq,
Əks etdikcə kölgəni pəncərənin şüşəsi.
Bu soyuq daş səkilər bir yer verməz oturum,
Fikirləşim, nədəndir etdiyin umu-küsü.
Mən əvəzdən xəlvəti burulub burum-burum,
Gedib öpər kölgəni siqaretin tüstüsü.
Uşaq kimi şəklini gözlərimə bələrəm,
Təki bircə sən mənim ürəyimdə söz əyir.
Evinizin önündə vaxtı qoyub gələrəm,
Gələrəm, görərəm ki, yuxu məni gözləyir...
Layla çalar yuxuma qışın qarlı soyuğu,
Sən isidən röyam da sabah üçün darıxar...
Gecənin uzun vaxtı baldan şirin bu yuxu,
Gözləyərəm bir ömür, görəm haçan çin çıxar...
12 dekabr 2023
***
Bir zaman xoşbəxt idik nənə-baba yanında,
Gözlər qan ağlamırdı, ürək yara deyildi.
Bir evin adamıydı - əmi, dayı, dost-qohum,
Oğul əyyaş, narkoman, qız avara deyildi.
Xəlbir ancaq işlərdi xeyir ələmək üçün,
İndi bələk tapmırıq körpə bələmək üçün,
Özünü insan kimi təsdiq eləmək üçün,
Ümid bu dünyayaydı, güman "ora" deyildi.
Anamızdan xəlvəti yediyimiz "pavilla",
Damağıma dad qoyub, bir də olmaz: hə, valla.
Zerkalni nömrə ilə, qara maşın və villa,
Nə də şöhrət, vəzifə dərdə çarə deyildi.
Axçalar satın alıb şahlara verdi taxtı,
Ağ günə həsrət qalan ha söyüm qara baxtı.
Füzulinin sözünün qızıldan baha vaxtı,
"Əl çirki"ydi pul, atam, hələ "para" deyildi.
Tamaşalar çoxalıb, hamı oynayır oyun,
Bəla gəlibsə başa, neyləsin yazıq boyun...
Ağappaq süd verərdi nənəmə təpəl qoyun,
Eh, biz uşaq olanda, qatıq qara deyildi.
3 dekabr - 2023
***
Oturub düşünürəm elə bu saat səni,
Göynədirmi qəlbimə de, saldığın çat səni?...
Eh, nə yaman dəyişib vəfasız həyat səni,
O vaxt həlim, ərköyün, bir az da ötkəm idin.
Bir bütövlük qatmışdın kəsirimə, kəmimə,
Dənim sünbüldə qaldı, çovğun əsdi zəmimə.
Tufan hücum çəkəndə dərya üstə gəmimə,
Ruhuma dor ağacı, eşqimə yelkən idin.
Gözlərinin şəkli var gözümün röyasında,
Silinib arzularım üzünün boyasında.
Şirin-şirin yaşardıq xülyalar dünyasında,
Yəqinimə gümanım, şübhəmə "bəlkə"m idin.
Ayağım taptamazdı, gözlərin çəkən yolu,
Həsrət boynundan asıb sənə sarılan qolu.
Ürəyimin içində sevgi-məhəbbət dolu,
Hamıdan gizlədiyim ayrıca bölgəm idin.
Bu ömrü bir-birinə kim uduzdu, kim görən...
Necə qıydı həsrəti üstümüzə göndərən?
Hörük-hörük uzanıb məni mənə göstərən,
Arxamca gizli-gizli sürənən kölgəm idin.
Səhərin ülkəriydi baxışından yağan nur,
Hara yox oldu axı, hara eylədi zühur?!
Göyçə, Təbriz, Borçalı, Dərbənd, Zəncan, Zəngəzur,
Dörd yanı yağmalanmış bu bədbəxt ölkəm idin.
27 noyabr 2023
***
Köksümdəki bu dağa qonan bulud çənimi?
Axtarıram, tapmıram mən səndəki "məni"mi.
Ay başımın bəlası, hislərimin qənimi,
Allahdan səbr uman diləyimə çəpərsən.
Əyilmək öyrədirəm əyilməyən qəddə mən,
Bir dəli eşq əlindən çatmışam bu həddə mən,
Xiffət ilə baxıram çəkdirdiyin səddə mən,
Vüsal adlı arzuma həsrət dolu sipərsən.
Susub danışmasam da, yazmışam çox dərdini,
Özümə tuşlamışam həmişə ox dərdini,
Elə qəşəng çəkirəm, xəbərin yox dərdini,
Görsən yarıb sinəmi, ürəyimdən öpərsən.
İçimdə məhşər odu, canım yanar cızhacız,
Qaladığın bu ocaq, sönəcəkmi söylə, qız?
İşdir, ölsəm könlümü almaq üçün o pırpız,
Saçlarını kəsdirib, məzarıma səpərsən.
Hər payız köç edəndə qərib durna qürbətə,
Xatirələr dil açıb, ağı deyər həsrətə.
Nə vaxt yadına düşsəm, çəkilib bir xəlvətə,
Bu yazdığım şeiri də gözlərinə təpərsən.
4 noyabr 2023
Qusar
***
Görsən vüsalı satan var,
Ver eşqimi beh yerinə.
Həsrət bağrımın başına,
Dağ çəkibdi zeh yerinə.
İçim köhnə, uçmuş qəsr,
Dolu döyür, şaxta kəsir...
Adın çəkiləndə əsir,
Ürək yazıq meh yerinə.
Tənhalar içində təkim,
Köhnə dərdə, təzə həkim.
Zülflərini gətir çəkim,
Əlimdə təsbeh yerinə.
11 sentyabr 2023
***
Gününə bax...günümüzü,
Göy əskiyə düyənlərin.
Əlləri çəkic kimidir,
Başımıza döyənlərin.
Fələkləri "yandırmır" ah,
Yer oxuna göy nişangah.
Dilində qalmışam, Allah,
Hər gün səni söyənlərin.
İtib nəsil, kök, soy dadı,
Sevinc yasda, qəm toydadı;
Gör, qaşığı nə boydadı,
Ömrümüzü yeyənlərin.
2023
***
Dözüm arzulama mənə,
Dözümümü səbir sıxır.
Vurub-bölüb hesabımı,
Riyazi bir cəbr sıxır.
Salıb taxtdan şah kişini,
Göydə görür ah işini.
Aşağının xahişini,
Yuxarıdakı əmr sıxır.
Mat qalmışam, taleyə mat,
Bu can haçan tapar nicat?..
Yaşayanda bizi həyat,
Öləndə də qəbir sıxır.
2023
Tural Adışirinin təqdimatında