“Sən başımın tacısan, Qarabağ!” – Aynurə Əliyevanın şeirləri
![]()
Manera.az ADPU-nun elmi işçisi, Filologiya fakültəsinin müəllimi Aynurə Sabir qızı Əliyevanın şeirlərini təqdim edir:
Gözəl Vətən
Səhər mehi əsən zaman,
Güllər şehə batar, nə xoş!
Zirvələri duman-duman,
Dağlar yuxu yatar, nə xoş!
Çeşməsi qayalar gəzər,
Gözəllik könlümü bəzər,
Dərd-kədər eyləyər həzər,
Sevinclərim artar, nə xoş!
Çaylarının gur sədası,
Çiçəklərin var ədası.
Yaylaların saf havası,
Ruha sevinc qatar, nə xoş!
Ceyran qaçar düzlərində,
Şeh parıldar izlərində.
Bulaqların gözlərində,
Sərin sular axar, nə xoş!
Doymaq olmur bu məkandan,
Gözəlliyi Yaradandan.
Ətri yayılar hər yandan,
Qəlbim hüzur tapar, nə xoş!
Aynurənin diləyidir,
Halal duzu, çörəyidir.
Vətən onun ürəyidir,
Arzusuna çatar, nə xoş!
Mənim ana Vətənim
Dağ başında var çəni,
Gözəldir çöl-çəməni.
Xoş qarşılar gələni,
Mənim ana Vətənim.
Qucağı bizə ana,
Vurğunam bu məkana.
Ev olar hər mehmana,
Mənim ana Vətənim.
Gül-çiçəkdən don geyər,
Can deyənə can deyər.
Hər qarışı bir əsər,
Mənim ana Vətənim.
Dili şirindən şirin,
Kökü dərindən dərin.
Gözüdür bütün Şərqin,
Mənim ana Vətənim.
Dalğalanar bayrağı,
Müqəddəsdir torpağı.
Sevgi, ilham qaynağı,
Mənim ana Vətənim.
Gülünün min rəngi var,
Sazının ahəngi var,
Zəfər dolu cəngi var,
Mənim ana Vətənim.
Sonsuz sevgim, ad-sanım,
Fəxrim, şöhrətim, şanım.
Qurbandır ona canım,
Mənim ana Vətənim.
Aynurənin gözüdür,
Gül-çiçəkli düzüdür.
Dildə şirin sözüdür.
Mənim ana Vətənim.
Qarabağ – Ana yurdum!
Sən başımın tacısan,
Dərdimin əlacısan,
Ömrümün mənasısan,
Qarabağ – Ana yurdum!
Köksündə min bir naxış,
Bitdi həsrətli baxış,
Gözəl keçir burda qış,
Qarabağ – Ana yurdum!
Sən cənnətin gülüsən,
Şairlərin sözüsən,
Gözəlliyin özüsən,
Qarabağ – Ana yurdum!
Dağın-daşın möcüzə,
Yaraşır çiçək düzə.
Nur saçır ömrümüzə,
Qarabağ – Ana yurdum!
Aynurənin canısan,
Şöhrətisən, şanısan.
Sabahların danısan,
Qarabağ – Ana yurdum!
Manera.az