manera.az
manera.az

Bu gün Kəlbəcər Şəhəri Günüdür

📅 25.11.2026 13:58


Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu gün Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Manera.az xatırladır ki, 2020-ci il noyabrın 25-də Kəlbəcər Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. Üçtərəfli Bəyanata əsasən, həmin gün Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi bir güllə atılmadan Azərbaycana təhvil verilib.

İşğal dövrünün izləri

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Həmin vaxt rayonda yaşayan 53 min 340 sakin dədə-baba yurdundan qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir və itkin düşüb. Kəlbəcərin məcburi köçkün əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb.

Rayonun 484 şəhidi var. Onlardan 258-i hərbçi, 226-sı mülki şəxsdir. Vətən müharibəsində rayonun 37 sakini şəhid olub. Kəlbəcərdən olan 3 döyüşçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İşğal zamanı rayonun bütün yaşayış məntəqələri, o cümlədən 13 minədək fərdi mənzil, 87 tarixi abidə, 1 muzey, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi və tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, çoxlu sayda texnika və s. talan edilib, dağıdılıb, ağaclar kəsilib, meşələrə od vurulub, milyardlarla manatlıq sərvət Ermənistana daşınıb. Rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Dağıntı və talanlar həm işğal dövründə, həm də beş il əvvəl, ermənilər rayondan çıxarkən həyata keçirilib.

Dağlar diyarının yeni həyatı

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, hazırda Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər işğaldan azad edildikdən sonra dəfələrlə bu rayonda olub, görülən işlərlə maraqlanıb, tövsiyələrini verib, müxtəlif obyektlərin açılışlarında iştirak ediblər.

Ötən il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Böyük Qayıdış prosesinin növbəti əlamətdar hadisəsi kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşüb, onlara yeni mənzillərin açarlarını təqdim ediblər.

Həmin mərasim zamanı Prezident İlham Əliyev deyib: “Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb”.

Müasir yaşayış şəraiti yaradılır

Hazırda ailələrin Kəlbəcərə qayıdışı davam edir. Bu rayona növbəti köç Zar kəndinə planlaşdırılır. Hazırda burada tikinti işləri yekunlaşmaq üzrədir. Kəndin birinci tikinti mərhələsi çərçivəsində 547 fərdi yaşayış evi inşa olunur. Eyni zamanda, sakinlərin rahat yaşayışı üçün zəruri sosial infrastruktur yaradılır. Buraya 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, həkim-tibb məntəqəsi, mühəndis-kommunikasiya şəbəkələri və digər infrastruktur obyektləri daxildir.

Kəlbəcər şəhərinin ikinci, üçüncü və dördüncü yaşayış məhəllələrinin də layihələndirilməsi artıq başa çatdırılıb. Hazırda bu layihələr üzrə növbəti inzibati prosedurlar həyata keçirilir və gələn il tikinti işlərinə başlanılması nəzərdə tutulur.

Rayonun kəndlərinin bərpası istiqamətində də işlər davam etdirilir. Bir sıra kəndlərin layihələndirilməsi yekunlaşmaq üzrədir, digərlərində isə müvafiq hazırlıq və layihələndirmə işləri aparılır.

Bununla yanaşı, Kəlbəcərdə turizm və sosial infrastrukturun inkişafı istiqamətində mühüm layihələr icra olunur. İstisu Müalicə-İstirahət Kompleksinin tikintisi davam etdirilir, həmçinin Kəlbəcər şəhərində inşa olunan Təhsil Kompleksində işlər yekunlaşmaq üzrədir və ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Hazırda Kəlbəcər şəhərində 30-dan çox modul tipli sahibkarlıq obyekti fəaliyyət göstərir. Bununla yanaşı, əhalinin gündəlik tələbatının ödənilməsi üçün müxtəlif sosial və ictimai xidmətlər göstərilir.

Sevindirici məqamlardan biri də odur ki, Kəlbəcərin yenidən qurulmasında özəl sektor da fəal iştirak edir. Hazırda özəl investisiyalar hesabına iki hotel və bir yaşayış məhəlləsi inşa olunur.

Məşğulluğa dəstək işləri həyata keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini də davam etdirir. Həmin sakinlərdən artıq 267 şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 255 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib, o cümlədən 26 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. 12 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və cəlb olunacaqları məşğulluq proqramı müəyyən edilir.

Ümumilikdə, görülən bütün bu işlər Kəlbəcərə qayıdan sakinlər üçün müasir və rahat yaşayış şəraitinin yaradılmasına, rayonun sosial-iqtisadi inkişafına və dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir. Rayonda aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə Böyük Qayıdışın uğurlu perspektivindən xəbər verir.


Baxış sayı - 6 | Yüklənmə tarixi: 25.11.2026 13:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30