Bakıda və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirilib
![]()
Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 22-də Bakı və Naxçıvan şəhərlərində xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib.
Manera.az xəbər verir ki, elektron formada təşkil olunan imtahanda doktorantura, dissertantura və adyunkturada təhsil alan, eləcə də təhsilini başa vurmuş iddiaçılar iştirak ediblər.
İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə və yazı bloklarını əhatə edib.
Danışıq bloku üzrə imtahan noyabrın 26-da keçiriləcək. İlk imtahanda iştirak etməyənlər danışıq mərhələsinə buraxılmayacaqlar. Danışıq blokunda iştirak etməyən şəxslərə isə digər bloklardan 30 və daha yüksək bal toplasalar belə, şəhadətnamə verilməyəcək.
İmtahanda maksimal nəticə 50, keçid balı isə 30-dur. İddiaçılar hər blok üzrə mümkün balın ən azı 20 faizini toplamalıdırlar.
Yekun nəticələr danışıq imtahanından iki həftə sonra açıqlanacaq.