manera.az
manera.az

Cığırlara səpdiyin həsrətini yığışdır - Ələddin Əzimlinin şeirləri

📅 09.01.2020 15:46

Cığırlara səpdiyin həsrətini yığışdır - Ələddin Əzimlinin şeirləri
Ələddin ƏZİMLİ - 65

Kölgə

İşdir, ayrılıqdan
ya sən,
ya mən ağlasaq,
kimsə
görməsin deyə
göz yaşımızı,
bir təhər saxlasaq,
hər şey
çevriləcək tərsinə.
Yaşarmış gözlərlə
baxacayıq
ayrılığın kölgəsinə...

Nə fayda

Söz
o qədər
qəlbinə saldı ki məni
çalışdım
qoynundan çıxa bilmədim.
Ondan başqa
heç nəyə, heç kımə
gözucu belə
baxa bilmədim.
Yandım da,
söndüm də,
bir şirin arzuya
döndüm də...
Amma,
nə fayda.
Sən demə,
hər şey geridə qalmış,
hər şey arxada...

Yağışlı gecənin səhəri

Bu yağışlı decənin
səhəri gec gələcək.
Kimə ümid,
kiməsə ağrı gətirəcək.
Evimizin yanından ötən
tozlu-torpaqlı yol
palçıq olacaq.
Növbəti gecəyə qədər
gediş-gəliş azalacaq.
Pəncərədən
boylanacaq uşaqlar
Günəş
doğana qədər,
yollar
oyanana qədər...

Bilə-bilə

Qayıdacaq
bu yağışın
külək qarışıq səsi
gecələrin birində.
Yaxalayacaq məni
evinizə
dönən yolun tinində.
Payız ola,
soyuq yağış ola,
çətirin də olmaya.
Sən rahat mənzilində,
həzin yağış səsinə
köklənib sakitləşəcəksən,
əlini, ayağını
tərpətmədən belə.
Mənsə,
inada düşüb
sifətimə çırpılan
damlalara tab edib,
dözəcəm bilə-bilə...

Boşluq

Sübh vaxtı
bir cığır
aparır məni.
Asta-asta,
ağır-ağır.
Ağacların, çəmənlərin
gözlərindən
qəm qarışıq
şeh yağır.
Ağaclar paltarımı,
çəmənlər
ayaqlarımı isladır.
Soyuqdan titrəsəm də,
bu payız səhəri,
ancaq geri dönmürəm,
dayanmadan gedirəm.
Bilirəm,
bu anlar ömürdən gedir.
Evdə olsaydım da,
elə belə olacaqdı-
anlar uçacaq,
yerində
əbədi boşluq qalacaqdı...

Həsrət

Nə vaxtdır
ruhumu silkələyən
qüssə, qübar
yol salıb ürəyimdən.
Burdan
dayanmadan
gəlib keçir
kədər də, qəm də.
Didik-didik
cığıra bax sinəmdə.
Ürəyimin göz yaşları
özü rəngdə yağışdır.
Daha bəsdir,
yordu məni ayrılıq.
Artıq
dözə bilmirəm,
dön geri.
Bu yollara,
cığırlara səpdiyin
həsrətini yığışdır...

Ağcaqayınlar

Yaş ötdü,
uşaqlar böyüdü.
Bir gün
gizlindəki foto-şəklin
keçdi əlimə.
Qəribsədim.
Eşidirsənmi,
yol üstəyəm,
kəndin girəcəyindəki
ağcaqayınlıqda
gözləyərsən məni.
İstəsən,
əvvəlki tək
oxşayarsan qəlbimi.
Yad bir millətin
ruhumu oxşayan
doğma qadını!
Bacarsan,
qaytar mənə,
illər arxasındakı
həyatımı...

Narahatlıq

Əsdi
soyuq küləklər,
apardı
qarmaqarışıq istini,
bacalardan
boylandı tüstülər.
Qırov
sarıldı çəmənlərə
Günəş doğanacan.
Payız
nə vaxt bitdi,
qış nə tez gəldi-
nə zaman, haçan ?!
Yenə də
narahatdır adamlar,
görəsən,
bu il qar yağacaqmı-
qışa layiq qar?!.

Sənə

Gözlərində gün işığı,
qapama,
ürəyim qopar.
Birdən,
bu adamlardan
incisən, küssən,
üz döndərib getsən,
unutma,
məni də apar...

Sevgi

Sevsən,
qəlbən seviləcəksən.
sevməsən,
nurun itəcək,
anbaan sönəcəksən.
Solğun çiçəyə,
qurumuş bir ağaca çevriləcəksən.
Nə yaxşı ki sev,
həyatda
sevməli nə varsa.
Yoxsa,
itəcək ləzzəti,
tamı dünyanın.
Bir də ki, fəhm elə
anla sevgini -
tanı dünyanı...

Sən demə

Sən demə,
həsrətin
yandırıb-yaxan
yuxuymuş.
Sən demə,
qəlbimi ovlayan
varlığın, vücudun
heç yoxuymuş.
Sən demə,
uzaqdan səslənən
bu xoş nidalar
bir həzin nəğməymiş.
Sən demə,
bu həzin nəğmə
ruhumu
oxşamağa gəlirmiş...

Bir qadına

Payızdır,
havalar tutqun,
gecələr uzun.
İşartısı yox
Ayın, ulduzun.
Qış gəlir qarşıdan.
Görən,
halı necə olacaq
gözlərimdən
uzaq düşən,
yuxularımdan çəkilən
o qadının -
kimsəzin,
mənsizin?..

Təqdim etdi: Tural Adışirin


Baxış sayı - 1 169 | Yüklənmə tarixi: 09.01.2020 15:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031