manera.az
manera.az

Quşlar qanadıyla öpür havanı - Yeni şeirlər

Quşlar qanadıyla öpür havanı - Yeni şeirlər
MANERA.AZ Nurafizin yeni şeirlərini təqdim edir:

Döyür pəncərəmi altmış beş yaşım

Külək pəncərəmin muştuluqçusu,
Silir göz yaşını bu göy üzünün.
Başımın üstündə sarı yarpaqlar
Öpür ayrılığın ögey üzünü.

Ötür nəğməsini payız dilində,
Torpağa sığınır yerdə ot, çayır.
Küləyin əlindən tutub yol gedir
Xəzəl köynəyində yenə çöl-bayır.

Quşlar qanadıyla öpür havanı,
Mənim də bitməyib könül savaşım.
Dilimin ucunda quş pıçıltısı,
Döyür pəncərəmi altmış beş yaşım.

Mən ömrə layla çaldım

Gəldiyim yol upuzun,
Nəfəs dərdim arada.
Neçə güvənc yerində
Ağ göründü qara da.

Bələni aşdım daha,
Yol gedirəm ahəstə.
Ömrə layla çalmışam
Sözümün dizi üstə.

Durub kimə ərk edim,
Qanlı tutum niyəsə?
Eh... özümə uduzdum
Mən bu ömrü deyəsən.

Ömür yoldu ya səkimi

Ehmallıca qulaq versən,
Pıçıltımda nələr yoxdu…
Ürəyimin kölgəsində
Ağrıların kefi toxdu.

Səsim məni söz dilində
Alır ələ əsa kimi.
Heç bilmirəm bu ağrıya
Ömür yoldu, ya səkimi…

Fikrim kimi yarpaqları
Yel beh verir dağa-daşa.
Bu payızmı yorğun gəldi,
Yoxsa ki, mən yorulmuşam?

Fikrim damır ağır-ağır

Qəfil dönüb geri baxdım,
Xatirələr kövrək, həzin...
O səs onun səsi idi,-
Mən tanıyan Nurafizin.

Pıçıltılar xatirənin
Qapısını döyür pəsdən.
Halal söznən azad ollam
Ömür adlı bu qəfəsdən.

Vaxtın səbri daralıbdır,
Fikrim damır ağır-ağır.
Daha ömrün yağışları
Payızın ovcuna yağır.

Nağıl

Getdin...
Sükuta bələdin minalanmış səbrimi-
səsinin şəkli qaldı yadımda.
Daha
yaddaşımı diksindirir
hər gələn xəbər
ayrılıq adında.

Hər gün
ömrümün qapısını döyür
ayrılığın ərklə.
Söylə,
necə nağıl qoşum sənə
ayağı yalın ürəklə?

Alın yazın "həbs" olub

Qayğıların ağrısı
Saçlarına dağılıb.
Yuxusuz gecələrin
Qanı gözə sağılıb.

Alın yazın ,,həbs” olub
Barmaq adlı qəfəsdə.
Pıçıltın qərib düşüb
Bu piyadə nəfəsdə.

Onsuz da hara çəksən
Ayrılıq gülümsənir.
Elə sus, sükutunla
Oxuya bilim səni.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031