manera.az
manera.az

Qorqudşünaslara dərin ehtiramla... | MANERA.AZ

Qorqudşünaslara dərin ehtiramla... | MANERA.AZ
Bildiyimiz kimi, 2015-ci ilin 20 fevralında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı xüsusi Sərəncam imzaladı.

Bu Sərəncama əsasən, qəbul edilmiş tədbirlər planında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Haynrix Fridrix fon Ditsin filologiya və mədəniyyətşünaslıq üçün son dərəcə önəmli olan bu kitabının ilkin mərhələdə iyirmi beş dilə tərcüməsi və nəşrini həyata keçirdi.

Həm Azərbaycan dilində, həm də dünya xalqlarının dillərində - türk, alman, ingilis, fransız, rus, çin, yapon, hind, ərəb, fars, yunan, yəhudi, gürcü, erməni,macar, italiyan, ukrayna, həm də Azərbaycanda yaşayan etnik toplumların dillərdə - xınalıq, tat, kürd, talış, udi, ləzgi dillərində nəşr edilən bu kitablar Azərbaycan mənəvi dünyasının zənginliklərini göstərməklə yanaşı, Azərbaycan multikultural əhvalının bariz göstəricisidir. Henrix Fridrix fon Ditsin yazdığı “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı ön söz və “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boy”un daxil edildiyi bu kitaba Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşviri, akademik Kamal Abdullanın yazdığı ön sözü oxucuların diqqətinə təqdim edirik:

1815-ci ildə görkəmli alman şərqşünası və diplomatı Haynrix Fridrix Fon Dits Azərbaycan (Oğuz) dastanı “Kitabi-Dədə Qorqud”un bir boyunu alman dilinə tərcümə edir. Fon Dits Prusiyanın səfiri kimi Osmanlı dövlətində çalışdığı zaman topladığı müxtəlif Şərq əlyazmalarının arasında bu əlyazmaya xüsusi münasibət bəsləyirdi. Burada təsvir edilən qəhrəmanlar, süjetlər onun yadına qədim yunan miflərini salırdı, uyğunluqlar, paralellər, oxşar cəhətlər kifayət qədərdi. Elə bu səbəbdən də o, nəşr edəcəyi tərcümə üçün “Dədə Qorqud” boyları arasından “Basat Təpəgözü öldürdüyü boyu” seçir. Basatla Odissey, Təpəgözlə Polifem arasındakı oxşarlıq, süjet xətlərindəki paralellik Fon Ditsə imkan verir ki, “Dədə Qorqud” dastanının ədəbi şəcərəsini qədim yüzillərə aparıb çıxarsın.

Və Fon Dits öz tərcüməsini dərin müqayisəli təhlil üzərində qurduğu önsözlə bir yerdə Berlində çap etdirir. Bununla, 1815-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının dünya elmindəki təqdimatı baş tutur. Sonralar italyan, rus, türk, fransız, alman, amerikan, Azərbaycan alimləri estafeti Fon Ditsdən alaraq geniş və mənalı, zəngin və rəngarəng Qorqudşünaslıq dünyası yaradırlar. Bu minvalla aradan 200 il keçir.

...2015-ci ilin fevral ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyev bu unudulmaz hadisənin 200 illiyi ilə əlaqədar son dərəcə vacib Sərəncam imzaladı. Bu Sərəncam görkəmli şərqşünas alim, XIX əsr alman filologiyasının romantizm cərəyanının ən tanınmış nümayəndələrindən biri olan Fon Ditsin ruhuna Dədə Qorqudun xələfləri tərəfindən hörmət və minnətdarlığın siyasi ifadəsi idi. Beləliklə, 2015-ci il təkcə Azərbaycan üçün yox, dünya filologiyası, qorqudşünaslığı üçün bayrama çevrildi.

Oxucuya təqdim edilən bu kitaba 1815-ci ildə Fon Ditsin yazdığı önsöz və “Dədə Qorqud” kitabındakı 12 boyun biri - Fon Ditsin seçdiyi “Basat Təpəgözü öldürdüyü” boy daxildir. İlk Berlin nəşrindən 200 il keçməsinə baxmayaraq alman aliminin “Kitabi-Dədə Qorqud” dastanının timsalında Azərbaycan xalqının mənəvi potensialına verdiyi yüksək qiymət bu gün də aktualdır. Və bu gün biz həm sevinirik, həm də qürurluyuq ki, bəşəri dəyərlər sisteminə daxil olan ölməz Dastanımızın bir parçasının və Fon Ditsin qiymətli önsözünün tərcüməsi aparıcı dünya dillərində işıq üzü görür. İnanıram ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırladığı bu kitab millətindən, dinindən asılı olmayaraq bütün oxucularının qəlbində 200 il bundan əvvəl Fon Ditsin qəlbində oyatdığı həyəcanı oyadacaq.

Böyük alim “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı giriş sözünün sonunda belə yazırdı: “Bu heç də itirilmiş zəhmət sayıla bilməz. Keçmişdəki qaranlıqların işıqlandırılması naminə bizdən sonra bu zəhmətdən istifadə edənlər bizə az da olsa minnətdar olacaqlar”. Bu elə belə də oldu.

Haynrix Fridrix Fon Ditsə və bütün qorqudşünaslara dərin ehtiram və məhəbbətlə...

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031