manera.az
manera.az

Sevgi verib eşq bazarından kədər aldım - Qəzəllər

Sevgi verib eşq bazarından kədər aldım - Qəzəllər
MANERA.AZ "Azərbaycan qəzəli" layihəsində Səmral Seyidəliyevin qəzəllərini təqdim edir:

***
İlk dəfə süzgün niyə baxdın axı dilbər,
Könlümü sən odlara yaxdın axı dilbər.

Sözlərin ancaq yaza məxsus sənə sətrin,
İstəməz aşiq də yarın incidə xətrin,
Bir diləyim var sənə ey yar alım ətrin,
Baş əyə gülzar sənə qoxdun axı dilbər.

Məhz bu acı fəryadı bəlkəm eşidər yar,
Qış da yalandır məni həsrət üşüdür yar,
Səbr eləmək sevgidə məcnun işidir yar,
Saxtadı məcnun məni sıxdın axı dilbər.

Fərqinə varmaz necə mən seyrinə daldım,
Sevgi verib eşq bazarından kədər aldım,
Getdiyin andan bir ömür sanki qocaldım,
Bîvec olub tənha buraxdın axı dilbər​.

Müntəzirəm çün elə sənsən mənə məlhəm,
Dalğalanan mâvi xəzər qal mənə həmdəm,
Sevgili yar mən çəkərək qüssə kədər qəm,
Çatmışam ol vəslinə yoxdun axı dilbər​.

Mən səni dilbər çağırım sən deyəsən can,
Əğyara heç vaxt demərəm sevgili canan​,
Dadxaham ey gül məni eşq etdi pərişan,
Halıma bax dərd ilə yıxdın axı dilbər​.


***
Sənsiz ey gül tükəndi səbri qərarım,
Hər gecəm intizarda qəmdə naharım.

Aşiq istərdi yardan eyliyə lütfün
Gəlsə qalmazki məncə dərdi-qubarım.

Yazmışam söz(ü)mü ya­rı vəsf eləmək çün,
Gəl ki yetməz sözüm də nazlı nigarım.

Bir gülün hicri qoydu könlümü bərbad,
Getdiyin gündən oldu xar gülüzarım.

Könlü neylər bəs aşi­qin necə dözsün,
Gözlədim yol(u)nu na­zlı sevgili yarım.

Bunca yazdım qəzəl bəyəm heç əbəsdir,
Bəlkə gördüm gəlibdir fəsli baharım.

Səslədim gündüzüm ge­cəm gələ dildar,
Ol gedən sanki getdi dövləti varım.

Məncə eşqin məsəl qa­tar buna bənzər​,
Gözləyim xeyri nə ge­dibdir qatarım.

Vaxtım əlbət çatar haçan ölərəm mən,
İstəyimdir yazılsın üstə məzarım.


***
Röyamda bəlkə yarım olar mehmanım gedim,
Gəlməzsə sanki yazdı ölüm fərmanım gedim.

Zülfün qalıbdı fikri-xəyalımda dilbərim​,
Çəksəm də intizar məni dindir danım gedim.

Əsl eşqi tapmışam yarı ilk gördüyüm zaman,
Eşq vâdisində tâ ola həkk ad sanım gedim.

Min bir yolun tapım gözü şəhla yarım görüm,​
Yetdim vüsalı yarə qaraltdın qanım gedim.

Ol yar ki razıdır mənə hicran rəva bilib,
Pərvanə şəm misalı yanım odlanım gedim​.

Bilməm məzarım üstə gələr gəlmiyər yarım,
Mən bağlayım məzarla əhid-peymanım gedim.

Aşiqlərin sevinc günüdür mən gecikmişəm,
Bayramın eşqi çün kəsərək qurbanım gedim.

Canana ver canım, sənə hər can fəda canım!
Son canda canı al ki, canım cananım gedim.

Dilbər çağırsa mən bir uşağtək qaçıb gəlim,
Viran qalıb könül çəkərək hicranım gedim.

Silsəm Nizami dastanın alsam varağ qələm,
Məcnunu boş verib yazım öz dastanım gedim.

Dil həm yadırğadım deyə həm dil viran qalıb,
Keçmişdə qaldı sanki Aşıq dövranım gedim.

Dildar edərsə dərk "Əli"nin həsrətin haçan,
Mən zaliməm de əvf eləmir vicdanım gedim.

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930