Billah dəyişmərəm iki dünyaya vəslini - Qəzəllər
MANERA.az "Azərbaycan qəzəli" layihəsində "Müasir Əruz Klubu"nun üzvü Mirbədəl Sadiqin qəzəllərini təqdim edir:
***
Üz tutdum aqibət sənə də arzu-kam üçün,
Fürsət düşüb əcəb əlinə intiqam üçün.
Billah dəyişmərəm iki dünyaya vəslini,
Heç mən həlaldən keçərəmmi həram üçün?
Vəslindən ötrü canını aşiq əsirgəməz,
Günlərlə ac qalan nələr etməz təam üçün!
Gözdən ki salmışam özümü artıb izzətim,
Gör düşmüşəm məqamdən amma məqam üçün.
Ariflərə qidadır əgərçi dediklərim,
Bu şe'rlər bir adicə sözdür avam üçün.
Hərçənd Sadiq etmədi az vəsf hüsnünü,
Rəftarın oldu çox acı şirin kəlam üçün.
***
Səni hicran gecəsi görməsəm, ey məhparəm,
Min vüsal sübhü belə açsa, sağalmaz yarəm.
Sevməsən də sevirəm mən səni, ey büt, hərçənd
Düşmənəm düşmən ilə yar ilən ancaq yarəm.
Boş yerə zülm eləmə canıma heyfim gəlmir
Dayan, ey çərx ki, səndən də betər qəddarəm.
Gəl, -dedim- can verirəm, gəlmədin öldüm getdim
Sözümü salmadığınçün yerə minnətdaram.
Olmaram aşiq əgər dərdimə dərman olsa,
Sadiqa, şükr edirəm həqqə ki, yoxdur çarəm.
***
Baxsa, gözüm, sənə qamaşar adəmin gözü,
Gündən işıqlıdır gözün, ey aləmin gözü.
Sən var ikən verərdimi könlün çiçəklərə?
Olsaydı həqqi görmək üçün şəbnəmin gözü.
İsaya bir baxanda çönüb yüz baxar sənə,
Axırzaman açılsa xanım Məryəmin gözü.
Örtüb sükut niqabı ilə eşqimin üzün,
Susdum ki, görməsin onu naməhrəmin gözü.
Eşqin yolunda tutdu ayağımdan əl kimi,
Bildim, buraxmayanda ki, görmür qəmin gözü.
Ruhlar bağında ikən itirdim o nərgizi,
Dünyada axtarır gözüm indi həmin gözü
Cənnət bulağını gedib axtarma Kə'bədə,
Ki, sadiq aşiqin gözüdür zəmzəmin gözü.
***
Əgər ki, cismdir İslam canı sənsən, sən.
Əgər ki, qəlbdir İslam qanı sənsən, sən.
Qılınc qeyrətə bənzər, vuran qol isə sənə,
Desəm ki, oxdur ədalət kamanı sənsən, sən.
Sənin döyüşlərinin qəhrəmanı Heydərdir,
Onun döyüşlərinin qəhrəmanı sənsən, sən.
Yəqininin qanadı göylərə apardı səni,
Bir an içində gəzən asimanı sənsən, sən.
Ən artıq olmağın artıq sınaqlarındandır,
Verən Xudaya böyük imtahanı sənsən, sən.
Sən olmusan deyə dünyada hörmətim var ona,
Gözümdə qaldıran ancaq cahanı sənsən, sən
Kiməm ki söz deyim həqqində, ya Rəsulallah,
Verən bu Sadiqə təb'i-rəvanı sənsən, sən.
MANERA.AZ