manera.az
manera.az

Qəzəllər: Göz görürsə o qaranlıqda da​ bir nur görər

Qəzəllər: Göz görürsə o qaranlıqda da​ bir nur görər
MANERA.AZ "Azərbaycan qəzəli" layihəsində Alim Mühriqin qəzəllərini təqdim edir:

***
Hər zaman ay ki, olardı özünün heyrani,​
Səni görcək olub ol gün üzünün heyrani.

Hər günüm oldu, gözüm, göz bəbəgin tək qarə,​
O zamandan ki mən oldum gözünün heyrani.

Nitqin ecazi ilə ölmüş ürəklər dirilər,​
Olar İsa özü hətta sözünün heyrani.​

Səcdəgah etdi qədəm qoyduğun hər torpağı
Olub eşq əhli əzizim izinin heyrani.

Bircə öz sevgili dildarına qurban olacaq
Olsa da gündə bu Alim yüzünün heyrani.


***
Bəh-bəh yenə yaz quşlarının xoş səsi gəldi,
Hər bir nəfəsindən də yazın müjdəsi gəldi.

Dəydikcə günəş nuru yenə torpaq isindi,​
Hər bir qarışından bərəkət töhfəsi gəldi.

Təyin edib eşq əhli görüş gülşənə çıxdı,​
Hər aşiqə öz sevgili gülçöhrəsi gəldi.​

Bayram gecəsi gör nə gözəl süfrə bəzəndi,​
Həm xonçaya nöqlü, şəkəri, püstəsi gəldi.

Canlandı təbiət yenə şad oldu könüllər,​
Hər eldən, ocaqdan da sevinc nəğməsi gəldi.​

Novruz günü Mühriq​ küsüşənlər də barışdı,​
Hər kim kimə səsləndisə can kəlməsi gəldi.​


***
Bəndəyə hər nəyi ki, bəndə verər minnətdir,​
Gərçi verməzsə bu ondan da betər zillətdir.

Hər nə ki, istər isən​ istə Xudadən ancaq,
Versə nemətdi sənə verməsə gər hikmətdir.

Vermə imkan ötə bir dəm belə bihudə yerə,
Səfərə eylə tədarük nə qədər fürsətdir.

Din ağız suyudu ki, bəzilərin ağzında
Gah bir zəhr kimi gah də bir şərbətdir.

Göz görürsə o qaranlıqda da​ bir nur görər,​
Gərçi görmürsə işıqlıq da ona zülmətdir.

Satma insanlığını xeyli ucuz dünyaya,
Ən ucuz qiyməti insanlıqının cənnətdir.

Baş əyib zülm ilə, Mühriq, yaşamaq zillət imiş,​
Ədl uğrunda şəhid olmaq isə izzətdir.​


***
Bu dünyanın qərarında vəfa yoxdur,
Vəfa yoxdursa bir yerdə səfa yoxdur.

Bəla yoxdur deyə bihudə şad olma,
Bəla oldur ki, ey könlüm, bəla yoxdur.

Həyatım var sənin eşqin ilə hər dəm,​
Yanarmı şəm gər orda həva yoxdur?

Aman, rəhmə gəlib kəsmə cəfa məndən,​
Cəfa oldur mənə səndən cəfa yoxdur.​

Əsiri-qürbətəm biganələr içrə,​
Mənə səndən səva bir aşina yoxdur.

Rizası var deyə xəlqin bir iş görməm,​
Əgər səndən ol işdə bir riza yoxdur.​

Cigər yanğusunu söndür şərab ilə,​
Bu dərdə, Mühriqa, qeyri dəva yoxdur.​


***
Həsrətindən gözəlim gözdə nəmim var mənim,​
Bəllidir nəmli gözümdən ki, qəmim var mənim.​

Mən nə kafir nə müsəlman nə də ki tərsayəm,​
Aşiqəm, aşiq! Əvəzsiz sənəmim var​ mənim.​

Hər keçən vursa da gər tə'nə​ külüngün başıma,​
Bisütunəm yenə sabit qədəmim var mənim. ​

Səndən ayrı düşəni şişmədəyəm ətrin üçün,​
Gəl əlac eylə təbibim vərəmim var mənim.​

Gər qələm eyləsələr də qolumu şükr edərəm
Ki, səni mədh eləməkçün qələmim var mənim.​

Kuyini itlər ilə qismətim olmuş gəzmək,​
Hurilər ilə bərabər İrəmim var mənim.

Mühriqəm, şəm üzünün sidq ilə pərvanəsiyəm,​
Yanmağımda belə sanma ələmim var mənim.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31