manera.az
manera.az

Alıbdır əqlimi başdan mənim bir gözləri süzgün - Qəzəllər

Alıbdır əqlimi başdan mənim bir gözləri süzgün - Qəzəllər
MANERA.az "Azərbaycan qəzəli" layihəsində "Müasir Əruz Klubu"nun üzvü Məhəmməd Nurinin qəzəllərini təqdim edir:

***
Lalə olubdur, ey gül, eşqində bağrı dağlı,
Bir qırmızı çadırdır, daim qara-qonağlı.

Hər dəm deyə acı söz, ay canla ver cavabın,
Bəlkə, bizə acıyar, ey dil, o bal dodağlı.

Yandım sənin odunda, Tuba mənə odundur,
Ey sərvqəd, mənimçün cənnət deyil marağlı.

Gah qarə zülfün etdim, gah da o ay üzün vəsf,
Ömrümdə səbt olundu günlər qaralı-ağlı.

Bağlar məni saçın, ey ahugözüm, əlindən
Bir ov qaçarmı, olsa daim ayağı bağlı?

Bağlandım eşqinə ta, dağlandı qarə bağrım,
Ey lalə, dağlısanmı, yainki qarəbağlı?

Bir şəm’tək alışdı, söndü deyərsən, ey dost,
Nurini axtararsan gündüz əli çırağlı.


***
Könül ləbindən olurkən xərab bilməmişəm,
Nedim, mey içməmişəm, mən şərab bilməmişəm.

O məst gözlərin aram ta könüldə tutub,
Xumar xəstətək aramü xab bilməmişəm.

Hərimi-vəslinə napak girmək istəmişəm,
Bağışla, bilməmişəm, ey cənab, bilməmişəm.

Gözüm ziyası yolun toprağı, günü sənsiz
Türab bilmişəmü afitab bilməmişəm.

Nə sehrdir, burular, gəh də pər açar zülfün,
İlanı eylər imişsən qürab bilməmişəm.

Behişt bilmişəm, ey huri, kuyini daim,
Nələr ki çəkmişəm orda, əzab bilməmişəm.

Özüm zəif bilib əşk tökmüşəm, Nuri,
Edərmişəm bu qədər cövrə tab, bilməmişəm.


***
Ey könlüm edən qan ilə gülşən,
Bir dəm nola üz açıb da gülsən?

Gülsən bu xərabə könlüm içrə,
Gülsən, olu bu xərabə gülşən.

Gülsən, buna göz yaşımdı bais,
Əbr ağlamasa, olurmu gül şən?

Gül xəndə edərsə xarə bir yol,
Gülşənlər olur həzarə gülxən.

Nurini gəl atma narə, ey gül,
Hər xarə açılma, sən ki gülsən.


***
Mənə ta gülməsinlər ol quru biganələr, mey süz,
Qurut çeşmim yaşın, saqi, dimağim eylə tər, mey süz.

Hünər göstərmək üçün, saqiya, vacibsə qan tökmək,
Nola, bir dəm bizə rəhm eylə, göstər bir hünər, mey süz.

Pozuldu xanımız, saqi, üzüldü canımız, saqi,
Süzüldü qanımız, saqi, xülasə, müxtəsər, mey süz.

Demə, ey saqi ki, mey olsa əfzun, əql alır başdan,
Mənə ta olmayım bundan dəxi divanətər, mey süz.

Alıbdır əqlimi başdan mənim bir gözləri süzgün,
Əlin qurbani, saqi, tut əyaği, sərbəsər mey süz.

O qədri süz ki mey, ta sezməyim mən qarədən aği,
Edib mehr, ey ayüzlü saqi, axşam ta səhər mey süz.

Görünmür nuri camin, gəlməyir cingiltisi, saqi,
Gözümmü kur oldu, ya qulağım oldu kər, mey süz.

Ayağım sındı sanki, ol əyaği saldılar əldən,
Əyağın sındı, saqi, badə getdi həm hədər, mey süz.

Başımda, saqi, var dövrə, gətir ol kasəni dövrə,
Nəva yox məndə bu cövrə, mənə ta kasəgər mey süz.

Dəmadəm qanlıdır çeşmim yaşı Nuritək, ey saqi,
Mənə ta gülməsinlər ol quru biganələr, mey süz.


***
Qılar naz ilə ol afət nəmazi,
Mənə qoymaz qılam rahət nəmazi.

Çağım ötməz bəlasız, həm qəzasız,
Ədasız qılmaz ol afət nəmazi.

Yarıldı sanki gög, afətlər endi,
Yarım qoydu o məhtəl’ət nəmazi.

Qaşı fikri, gözü zikri nigarın
Verərmi qılmağa fürsət nəmazi?

Qapatdı üz, qapandım səcdəyə, el
Qapansa ay, qılar ayət nəmazi.

Ölərsəm çöldə Məcnuntək, mənimçün
Qılarmı yar bir vəhşət nəmazi?

İlahi, qoyma kim, könlündə qalsın,
Qılıbdır Nuri bir hacət nəmazi.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031