Bizim QARA müəllim - MANERA.AZ
![]()
2015-ci il dekabrın 25-də Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının və Beynəlxalq Ekoenerji Akademiyasının akademiki, prezident təqaüdçüsü, “Şöhrət” ordenli QARA TEYFUR oğlu MUSTAFAYEVİN 84 yaşı tamam olur. Qara Mustafayev Dövlət Ekologiya kollegiyasının üzvü, Həsən Əliyev adına Ekologiya mükafatı laureatı, Azərbaycan Zooloqlar cəmiyyətinin vitse-prezidenti, Zoologiya ixtisası üzrə Müdafiə Şurasının üzvü, Ekoloji ekspert, qeyri-hökümət Biomüxtəliflik cəmiyyətinin təşkilatçısı və rəhbəri, BDU-nun Böyük Elmi Şurasının, bir neçə başqa Elmi Şuranın və redaksiya heyətlərinin üzvü, BDU-nun “Onurğalılar zoologiyası” kafedrasının müdiridir.
Q.Mustafayev 1931-ci il dekabrın 25-də Kürdəmir rayonunun Dəyirmanlı kəndində dünyaya gəlib. Orta təhsilini 1 saylı Kürdəmir şəhər məktəbində bitirib. 1949-cu ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olaraq, 1954-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. Baza ixtisası bioloq-zooloq, yaradıcılıq istiqaməti ekologiyadır. Fakültə Elmi Şurasının qərarına əsasən stajı olmadan birbaşa aspiranturaya daxil olub. 1959-cu ildə Azərb. EA Zoologiya institutunda “Azərbaycanda quşların bəzi kütləvi növlərinin ekologiyası” mövzusunda namizədlik dissertasiyası, 1985-ci ildə isə Moskva Dövlət Universitetində “Птицы наземных екосистем Азербайджана» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya elmləri doktoru elmi adına layiq görülüb.
1987-ci ildən professor rütbəsinə yüksələn Q.Mustafayevin elmi yaradıcılığı çoxşaxəli və genişdir. Daima yorulmadan çalışan, elmi işi daxili tələbatına çevirən, bu ahıl yaşında da gərgin işləyən əməksevər alim həmişə deyir ki, “Elm üçün işləyib, xalq üçün yaymaq istəyirəm”. Bunun nəticəsidir ki, o, 1000-ə qədər əsərin müəllifidir, (53 monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsait, elmi-populyar kitablar və 44 tədris proqramı).
Qara Mustafayevi elm aləmində geniş tanıdan onun 20-dən çox yeni elmi konsepsiyalarıdır: “Ornitofaunanın keyfiyyət və kəmiyyətinin kompleks landşaft-ekoloji təhlili”; “Ekoloji rayonlaşdırmanın prinsipləri”; “Faunanın keyfiyyəti və kəmiyyəti ilə yaşama yerinin antropogen “təkamülü” arasında paralelizm””; “Quru sahə heyvanlarına ətraf mühit amillərinin təsir mexanizmi”; “Nadir və nəsli kəsilmək qorxusu yaranan heyvanların qoruqdan kənarda saxlanmasının kompleks tədbirlər sistemi” və s.. Qara Mustafayev apardığı sinekoloji tədqiqatlar nəticəsində “Biotik əlaqələrin üçbucaqlı-qoşaxətli forması” adlı ekoloji qanun kəşf edib. Onun yaratdığı ekoloji şkalalar geniş tətbiq edilir: “Quru sahə heyvanlarının obyektiv yem xarakteri şkalası”; “Heyvanların sinantroplaşma şkalası”; “Heyvanların yem əlaqəsi spektri” və b.. Qara Mustafayevin elmə gətirdiyi yeniliklər 15 ölkənin əksər şəhərlərində milli, ölkələrarası və beynəlxalq xarakterli forumlarda dinlənib, bəyənilib və nəşr edilib.
Qara Mustafayevin pedaqoji fəaliyyəti onun yaradıcılığında böyük yer tutur. Əsas pedaqoji yaradıcılığa 1960-cı ildə Bakı Dövlət Universitetində başlayaraq, “Onurğalılar zoologiyası”, “Ornitologiya”, “Zoocoğrafiya” və başqa fənləri tədris edib. Lakin, “Ekologiyanın əsasları” kursunu ən çox sevir. Ekologiyanın başqa elmlər ilə inteqrasiyasına xüsusi maraq görsədir. Qara müəllimin pedaqoji yaradıcılığının səciyyəsi də orjinaldır: o hansı fənni tədris edirsə, mütləq ona dair dərslik və ya dərs vəsaiti yaradır.
Qara Mustafayevin pedaqoji fəaliyyətində digər orjinallıq tədrisdə informasiyanın sıxlaşdırılması və inteqrasiya problemini ön plana çəkməsidir.
Qara Mustafayevin ən böyük arzusu Respublikamızda ekologiyanın fasiləsiz tədrisinə nail olmaq olub. Yerli materiallar əsasında yazılmış və ekoloji məlumatlarla zəngin olan orijinal “Zoologiya (7-8)” dərsliyinin (2001) yaradılmasında alimin zəhməti çox olub.
Qara Mustafayevin ictimai təşkilatçılıq fəaliyyəti də genişdir və tələbəlik illərindən başlanıb. Təhsil aldığı kurslarda həmkarlar təşkilatının qrup nümayəndəsi olub. Azərbaycan EA Zoologiya institutunda elmi işçi olarkən Kommunist Partiyası sıralarına qəbul edilib. Bakı universitetinə qayıtdıqdan sonra (1960) həmkarlar təşkilatı komitəsinin üzvü, sonra kafedra partiya özəyi rəhbəri, daha sonra fakültə partiya təşkilatının katibi seçilib. Çox keçmədən Biologiya fakültəsinin dekan müavini təyin edilib, daha sonra dekan seçilib. Dekanlıq illərində fakültə Elmi Şurasının sədri olub, sonralar isə daimi üzvü kimi fəaliyyət görsədib. Hazırda ictimai vəzifəsi çoxdur, o cümlədən BDU Böyük Elmi Şurasının üzvüdür. Lakin, Qara Mustafayev “Onurğalılar zoologiyası” kafedrasına rəhbərlik etməyi özünün ən doğma işi hesab edir. Biologiya fakültəsində iki il fəaliyyət göstərmiş olan “Ekologiya və biofizika” ixtisasları üzrə müdafiə şurasının təşkilatçısı və sədri də prof. Qara Mustafayev olub.
Onun elmi və pedaqoji fəaliyyətində yüksək ixtisaslı kadr hazırlığı da mühüm yer tutur. O, 17 nəfər azərbaycanlı, gürcü, ərəb (Yəmən), İran vətəndaşları olan aspirant, dissertant və 32 nəfər magistrlərin dissertasiya işlərinə rəhbərlik etmiş və indi də bu sahədə intensiv çalışır. 51 tədris proqramı yazıb, 47 əsərin redaktoru olub.
Hal-hazırda Qara müəllim təcrübəli təşkilatçı kimi BDU-da Azad həmkarlar təşkilatı heyətinin üzvü, ümumi Elmi Şuranın üzvü, Dövlət İmtahan komissiyasının üzvü, Zooloji-ekoloji istiqamətli bir neçə ixtisaslar üzrə Müdafiə Şurasının üzvüdür.
Təbiət elmlərinin, xüsusən canlı təbiətə dair biliklərin xalqa çatdırılması sahəsində Qara Mustafayevin xidməti misilsizdir. O, 9 elmi-kütləvi kitabın, 5 telefilm ssenarisinin və 500-dən çox dövri mətbuat məqalələrinin müəllifidir. Qara müəllim 22 il mərhum professor Mirəli Axundov ilə birlikdə və 15 ildən çox tək özü Azərbaycan Televiziyasında “Təbiəti sevənlər” verilişinin fasiləsiz aparıcısı olub, bu müddətdə 600 veriliş üçün 3600 səhifə mətn yazıb efirə yayıb. O, hətta iki dəfə Rusiya Televiziyasının “В мире животных” proqramı ilə Azərbaycanın təbiətini keçmiş SSRİ miqyasında geniş tanıdıb.
Qara Mustafayevin zəhməti hədər getməyib. Onun elmi, pedaqoji və ictimai fəaliyyətinə yüksək qiymət verilib, çoxlu medal və fəxri adlar alıb, prezident təqaüdünə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli fərmanı ilə isə “Şöhrət” ordeni ilə təltif olunub.
3 övlad, 7 nəvə və 2 nəticə sahibi olan Qara Mustafayev hazırda öz yetirməsi, dosent Ə.N.Tağıyev ilə birlikdə “Mədəniyyət kanalı” ilə yayımlanan “Azərbaycan təbiəti” proqramının yaradıcısı və aparıcısıdır.
Qara Mustafayev çox tanınan vətəndaş, alim və pedaqoqdur. Azərbaycanda Qara müəllimi tanımayan çətin tapılar. Yaşından asılı olmayaraq görənlər fəxrlə “bizim Qara müəllim” deyirlər. O da özünün əsas xoşbəxtliyini məhz əhali ilə birliyində görür. Elə bu günlərdə Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə Qara Mustafayevlə keçirilən “Bizim Qara müəllim” adlı görüş bu qarşılıqlı sevgiyə bariz misaldır.
Məktəbə daxil olanda hər kəsin böyük sevinc və həyacanla qonağı gözlədiklərinin şahidi olduq. Hətta məktəbin şagirdlərinin valideynləri də vaxtilə müəllimləri olmuş Qara müəllimi səbrsizliklə gözləyirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əlislam Abasquliyev öz çıxışında vaxtilə Azərbaycan Televiziyası ilə yayımlanan “Təbiəti sevənlər”, indi isə “Azərbaycan təbiəti” adlı proqramların yaradıcısı və əvəzsiz aparıcısı, xalqımızın füsunkar təbiətinin cəfakeş təbliğatçısı olan Qara müəllimin həyatının əsas məqamlarına toxundu. O, bildirdi ki, Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının və Beynəlxalq Ekoenerji Akademiyasının akademiki, prezident təqaüdçüsü, “Şöhrət” ordenli Qara Mustafayev yarım əsrdən artıq elmi-pedaqoji fəaliyyəti dövründə çoxlu sayda alim-mütəxəssis yetişdirib. Bunların arasında qonşu dövlətlərin nümayəndələri də var. Qara müəllimin saysız yetirmələri ölkəmizin ali və orta məktəblərində (o cümlədən sözü gedən məktəbdə) biologiyanın müxtəlif sahələrini tədris edirlər. Olduqca sadə və təvazökar insan olan Qara müəllimin biblioqrafiyası geniş və zəngindir (onlarla monoqrafiya, dərslik və dərs vəsaiti, metodik göstəriş, bədii-publisistik kitab, 500-dən çox elmi və populyar əsər və s.). Bu əsərlər dünyanın 20-ə yaxın ölkəsində müxtəlif dillərə tərcümə edilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşi Fərman Abdullayev, Sabunçu rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov, “Azərtac”ın müxbiri, şairə-publisist Zərəngiz Mansurova və başqaları fədakar alimin elmimiz qarşısındakı xidmətlərindən danışdılar. Pedaqoq-alimin yetirmələri: Bakı Dövlət Universitetinin dosent əvəzi, biologiya üzrə fəlsəfə doktoru Anar Məmmədov və 80 saylı orta məktəbin biologiya müəllimi Zülfiyyə Mehdiyeva Qara müəllimin maraqla keçən, unudulmaz dərslərindən xatirələrini bölüşdülər.
Tədbirdə məktəblilər şair-publisist və təbiətşünas alim Anar Məmmədovun ustadı Qara Mustafayevə həsr olunan, eləcə də təbiəti vəsf edən şeirlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Alimin ömür yoluna aid foto-slayd təqdim olundu.
Daha sonra məktəbin direktoru Ə.Abasquliyev Qara müəllimə məktəbin fəxri üzvü seçilməsi münasibətilə fəxri diplom, məktəbin biologiya müəllimi Zülfiyyə Mehdiyevaya isə “Bizim Qara müəllim” adlı tədbirin təşkilatçısı kimi fəxri fərman təqdim etdi.
Tədbirin belə yadda qalan keçirilməsində əməyi və iştirakı olanlara dərin təşəkkürünü bildirən Qara Mustafayev öz uşaqlıq və gənclik illərindən xatirələrini danışdı, müəllimlik peşəsinin nə qədər şərəfli bir peşə olduğunu, bu peşəni canından artıq sevdiyini vurğuladı və məktəblilərə dərslərində uğur dilədi. Sonda məktəbin müəllim-şagird heyəti, qonağlar və məktəblilərin Qara müəllimin vaxtilə tələbəsi olmuş valideynləri alimlə xatirə şəkli çəkdirdilər.
Beləliklə, bizim Qara müəllim haqqında çox söz yazmaq, çox söz demək olar. Amma hesab edirik ki, yazımızı gənc təbiətçilərin Qara müəllimə ərmağan etdikləri şeirlə bitirsək daha yerinə düşər!
Bizim QARA müəllim!!!
Bir alim tanıyıram,
Təbiətin gərəyi,
Yeyəndə halal yeyir,
O, yediyi çörəyi.
Təbiətlə döyünür,
Sinəsində ürəyi,
Təbiət nəğməsidir,
Bizim QARA müəllim!!!
Hər dəfə bir iz qoyur,
Dərələrdə, dağlarda,
Gəzir çölü, çəməni,
O, soyuqda, o, qarda.
Külək onu qorxutmur,
Dolaşır gilavarda,
Çöllərin xəzrisidir,
Bizim QARA müəllim!!!
Təbiətin sirlərin,
Bir-bir hamıya açır,
Onu görən ovçular,
Əlində tüfəng qaçır.
Günəş də üfüqlərdən,
Yoluna şəfəq saçır,
Tanrı möcüzəsidir,
Bizim QARA müəllim!!!
Zəhmətiylə qazanıb,
Gənc yaşlardan şöhrəti,
Özü qədər hamıya,
Sevdirir təbiəti.
Xalqımız da bəsləyir,
Ona böyük hörməti,
Elin imdad səsidir,
Bizim QARA müəllim!!!.
Zülfiyyə Mehdiyeva,
80 saylı tam orta məktəbin biologiya müəllimi,
Anar Məmmədov,
BDU-nun dosent əvəzi, şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü