manera.az
manera.az

Nazirin kredit məsələsi... | MANERA.AZ

Nazirin kredit məsələsi... | MANERA.AZ
manera.az
Manera.az Aslan Quliyevin yeni hekayəsini təqdim edir:


"Qardaşım və nazir"

(hekayə)


Böyük bir ailədə böyüdük. Sonra da dünya yollarına düşüb getdik. Keçmiş imperiyanın hər tətəfinə səpələndik.

Bircə qardaşım kənddə qaldı. Qaldı deyəndə, yəni o da düyanı gəzib dolaşandan sonra kəndə döndü və daha heç yerə getmədi. Bu biz qardaşları çox sevindirdi. Balaca, unudulmuş kənddə, meşənin kənarındakı evimizə sahib çıxacaqdı.

Bir qədər də onun dünyanı gəzib dolaşması haqda. Qardaşım kəndimizin cavanları kimi Rusiyətə yox, Qırğızıstana üz tutmuşdu. Orda kafe işlətməyə başlamışdı. Adətən qırğızlar özləri gedib Rusiyətdə fərasətlərini nümayiş elətdirirdilər. İndisə bir azərbaycanlı gəlmişdi və onlara kafe işlətməyin qaydalarını öyrədirdi. Onlar üçün maraqlı idi. Qırğız qəzetlərində azərbaycanlı aşbaz haqda məqalələr yazılır, şəkilləri çap olunurdu.
Bu, əlbəttə, qardaşımı ruhlandırmalıydı.

Amma o nəyə görəsə ruhlanmadı. Əksinə, ruhdan düşdü. Kafeni bağlayıb, rəngsazlığa başladı. Qırğız qəzetləri yenə də azərbaycanlı rəngsaz haqda yazılar yazmağa, şəkllərini çap eləməyə başladılar.

Qırğızlar üçün bu lap maraqlıydı. Onlar Rusiyətdəki evləri, küçələri boyayır, rəngləyirdilər. İndisə azərbaycanlı rəngsaz gəlmişdi və onların evlərini, küçələrini boyayır, rəngləyirdi. Qardaşımı tərifləyirdilər.

Onların ölkəsinə digər ölkələrdən gedən olmurdu. Nə aşbazlar, nə də rəngsazlar və belə məqamda bir azərbaycanlının ölkələrinə gəlməsi onları fərəhləndirmişdi.

Qırğızların sevinci çox sürmədi. Qardaşım şöhrətinin pik nöqtəsində ikən birdən hər şeyi ataraq Rusiyətə getdi. Demək artıqdır ki, bu qırğızları çox məyus elədi. Mən getməyinin səbəbini soruşdum, məlum oldu ki, onu bu dost ölkədən getməyə məcbur eləyən qoyun ətindən bişirilən hansısa yeməkləri olub. Qardaşımın bu yeməyi görən gözü yox imiş. Görəndə allergiya verirmiş. Qırğızlar isə onu tez-tez qonaq çağırır, tərs kimi süfrəyə məhz həmən yeməyi qoyurmuşlar. Həm də qardaşımın qabağına yalnız qoyunun başını qoyurmuşlar. Hara gedirmişsə, hansı süfrə arxasında otururmuşsa, qırğız qoyununun başı ölü gözlərini, dişlərini ona ağardırmış. Bu isə qardaşımı öz dediyi kimi möhkəm nervinnədirmiş. Nerv isə bizim qəninmimizdir. Qohum-əqrəbanı oraq yay sünbülünü biçən kimi biçir.

Bir dəfə nəticə çıxartsın deyə ev sahibinə işarə vurur: “Sizin qoyunların başqa əzaları olmur?” Ev sahibi işarəni başa düşür, amma nəticə çıxartmır: “Bizim qoyunların başqa əzaları da olur, - deyir, - amma hörmətli qonağa hörmətli əzasını qoyuruq”. Qardaşım da oturub hörmətli əzaya, gözləri və dişləri ağaran qoyun kəlləsinə baxır, nervinnənirmiş. Yəni tüstülənirmiş.

Demək belə, Rusiyada qərar tutdu. Moskvada işləyirdi. Əvvəlcə kafe işlətdi. Qədirbilməz ruslar, daha doğrusu rus qəzetləri! Qardaşm haqda bircə cümlə də yazmadılar. Qardaşımın kafesini görməzlikdən gəldilər. Əslinə qalarsa burda məsələ qardaşımda, ya da onun kafesində deyildi. Rusların ölkəsində əcnəbi çoxdu və bu qədər əcnəbinin içində bir kafe ilə seçilmək, diqqəti cəlb eləmək çətindi.

Sonra rəngsazlıq elədi. Yenə də eyni münasibət. Bircə cümlə də yazmadılar.

Qardaşım hirsləndi. Rusların etinasızlığı ona möhkəm toxunmuşdu. Özü və adamları soyuq olan ökəni tərk eləyib vətənə qayıtdı.
Kəndə gedəndə niyə qayıtdığını soruşdum. Məlum oldu iş rusların etinasızlığında, onu görməzdən gəlmələrində deyilmiş.

Ruslar yeni bir pivə istehal eləməyə başlayıblarmış. Ən pisi də bu pivəyə dünyasını iki il bundan əvvəl dəyişmiş möhtərəm qohumumuzun adını qoyublarmış. Möhtərəmin həddən ziyadə uzun saqqalı var idi, yəni əndazəsiz uzundu, biz yayda havanın temperaturunu onun saqqalına görə müəyyən eləyirdik. Saqqalı titrədimi, mehin əsməyə başladığını, tezliklə havanın sərinləşəcəyini başa düşürdük. Yox, saqqal rus süngüsü kimi biz-biz durub zərrəcə titrəmədisə, demək, hələ yandırıcı isti bir xeyli də davam edəcəkdi. Tərs kimi pivə də çox gözəl pivəymiş. Kafeyə gələn müştərilər ancaq möhtərəmin adını daşıyan pivədən istəyirmişlər. Qardaşım da hər dəfə rusların onu söydüyünü zənn eləyirmiş. «Bağrım çatlayırdı. Sən rus olasan, pivə icad eləyəsən, minlərlə öz adınızı qoyub ona azərbaycanlı adı verəsən. Az imiş kimi, bizim hörmətli qohmumuzun adını. Rusların oturub keflə qohumumu necə içdiklərinə baxa bilmirdim».

Rəngsazlıq eləyəndə də ev sahibləri yeməkdən əvvəl qohumumun adını daşıyan pivəni qoyurmuşlar masanın üstünə. Nə isə, nerv yenə də öz sözünü deyir, qardaşım dözə bilmir. Yığışıb gəlir.

Kəddə kafe açmadı, balaca kənddir. Adamlar kafedə çay içib yemək yemək əvəzinə, öz evlərində, ya da həyətlərində tut ağacının kölgəsində oturub samovarlarını yandırır, çaylarını içirlər. Hansısa kafeyə ehtiyac duymurlar.

Rəngsazlıq da eləmədi. Bizim kənddə adamlar ifrat dərəcədə mühafizəkardılar. Evlərini sovet dönəmində rənglətdiriblər, bir də bu rənglərə toxunmaq istəmirlər. Soveti silmələrinə göz yumduq, amma rənglərinin silinməsinə imkan verməyəcəyik. Heç olmaya o günləri yadımıza salır.
Adam, nə görübsən o günlərdə?

Demək olmur, deyirsən, bardaş qurur, barmaqlarını qatlayaraq saymağa başlayırlar. Həm də elə sayırlar, müstəqil ölkəmiz üçün qürur duya bilmirsən.
Qardaşım isə dolanmalıydı. Evə çörək, pul gətirməliydi.

Elə bu vaxt kimsə onun yadına rayon mərkəzindəki hansısa idarəni salmışdı. Qardaşım ora getmiş, orda kimlərləsə söhbət eləmişdi. Bəlkə də inanmayacaqsınız, amma iş belə də olmuşdu. Ona müavinət təyin eləmişdilər.

Gəl indi bu şəkkaklara inan! İnanacaqsan, təsir altına düşüb nəsə yazacaqsan, qalacaqsan pis vəziyyətdə.

Kəndə gedəndə birdən qardaşım söz arası dedi: “Bizim bu qəzetlər yalan yazırlar, svolıçı!” Əslində qardaşım yarı qırğız, yarı rus, yarı öz dilimizdə danışdığından onun dediklərinin mənası mənə sona qədər çatmırdı. Amma hər halda qardaşımın qəzetlərimizə qəzəbləndiyini başa düşdüm. Səbəbini soruşdum, bildiyim qədəriylə Qırğızıstandan sonra onun qəzetlərlə elə bir əlaqəsi olmamışdı. Nə qəzetlər onunla maraqlanırdı, nə də o qəzetlərlə. Hər üç dildən bərabər miqdarda istifadə eləyərək cavab verdi: “Yazırlar, ay nə bilim nazirlərimiz at oynadırlar, adamlara vinimanie vermirlər, adamı adam yerinə qoymurlar”.

- Qoyurlar? – heyrətlə soruşdum.

- Hara?

- Adam yerinə.

- Əlbəttə! – qardaşım inamla səsləndi.

Qardaşım danışdı və nəhayət məsələyə aydınlıq gətirdi. “Mən adi adam, amma o boyda nazirimiz özü belə mənə ehtiyac duyur, məndən kömək istəyir. Mənə bir illik müavinət təyin eləmişdilər. Kartımı verəndə dedilər, sənə altı ayını vermək istəyirik, altı ayını isə saxlamaq istəyirik. Səbəbini soruşdum. Dedilər, cənab nazir böyük bir tikinti tikir. Yəni tikməyə başlayanda qərara alıb ki, bir halda başlamışam, elə bunun sanballısını tikim. Qərara almağına alıb, amma tikintisinə pul çatdıra bilmir. Öz banklarımızdan kredit götürmək sərf eləmir. Faiz yüksəkdir. Xarici banklara üz tutmağı da özünə sığışdırmır. Necə olsa yaxşı çıxmır. Desinlər, ölkə nə günə qalıb, nazirləri gəlib bizdən pul istəyir? Nazir də fikirləşib və tikintini tikməyə başlayandan ikinci qərarını verib. Yadlara əl açmaqdansa, elə öz vətəndaşlarımdan kredit götürüm. Beləcə sizlər altı ayınızı kredit kimi cənab nazirə verirsiniz, o da tikintisini qurtaran kimi sizdən götürdüyü krediləri artıqlaması ilə qaytarır”.

Bizlər sadəlövh olduğumuz qədər də ürəyi yumşağıq. Qardaşım heç düşünmədən razılaşmışdı. O boyda kişiyə necə yox deyəsən? Qalsın, demişdi, Allah eləsin, cənab nazirimiz tikintisini tez başa gətirsin.

Sözünü düzü, qardaşımın dolaşıq dildə danışdığı bu kredit məsələsi mənə çatmadı. Amma bir söz də demədim. Buna nəsə demək də olmur. Yoxsa bir də gördün yenə də üz tutdu, qıyıq göz türk qardaşlarımızın yaşadığı Asiya ölkələrinə.

Qardaşıma növbəti il də müavinət təyin elədilər. Yenə cənab nazir altı ayın pulunu kredit kimi götürmüşdü. Düzdür, nazir başladığı tikintini başa çatdırıbmış. Götürdüyü krediləri qaytarmaq istəyəndə birdən daha böyük bir tikintiyə başlamağı qərara almışdı.

İllər keçirdi. Qardaşım bir ucdan nazirə kredit verirdi. Cənab nazirsə krediti qaytamaq əvəzinə, daha böyük tikintilərə başlayırdı. Qardaşımın ayağı düşərli olmuşdu.

Nazir məmnun idi, ekranlardan, qəzet səhifələrindən ləzzətlə gülürdü. Qardaşım isə məmnun deyildi. Belə gedərsə kreditlərdən əlimi üzməli olacağam, deyirdi, çünki bu adam deyəsən ömrünün sonuna kimi tikəcək.

Sonda dözə bilməmiş, məlum idarəyə getmiş, orda narazılığını bildirmişdi. Nazirə hörmətim var, amma belə də olmaz. Bəlkə krediti qaytarmaq məsələsinə baxsın? Onu həmişə gülər üzlə, mehriban qarşılayan, xüsusi iltifat və isti münasibət göstərən adamlar bu dəfə çox soyuq münasibət göstərmiş və eləcə də soyuq tərzdə demişdilər. Daha sənə müavinət düşmür.

Düzdü, qardaşım etiraz eləməyə cəhd göstərmişdi, necə yəni düşmür? Axı indiyə qədər düşürdü. Bəc nə oldu ki, daha düşmədi? Ona cavab verən olmamışdı. Yalnız qapını göstərmişdilər. Qardaşım da nəinki illər uzunu verdiyi krediti ala bilmişdi, əksinə, yeganə gəlir mənbəyindən də məhrum olmuşdu.

Ən pisi isə qardaşım yenidən səfərə çıxmağa hazırlaşır. Dolanmalı və evə pul gətirməlidir.
Əlbəttə, gedəcək. Onu zorla saxlaya bilmərik. Balaca, unudulmuş kənddə, meşənin kənarındakı evimiz yenə də sahibsiz qalacaq.

Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031