manera.az
manera.az

“Yaradıcı adamlara kredit də vermirlər...” - SORĞU | MANERA.AZ

📅 24.11.2015 14:02

“Yaradıcı adamlara kredit də vermirlər...” - SORĞU | MANERA.AZ
manera.az
“Görəsən, yaradıcı adamların maddi durumu necədir?Onlar hansı vəziyyətdə yaşayırlar?”

MANERA.AZ ədəbiyyat adamları arasında onların maddi durumları ilə bağlı sorğunu təqdim edir:


Jurnalist Qabil Abbasoğlu isə aldığı aylıq məvacibi normal hesab edir:

“Əlbəttə, böyük planlar üçün yetərli deyil, amma qayğıları ödəyə bilirik. Əməkhaqqımı ölkədəki standartlar baxımından normal hesab edirəm. O ki qaldı bank borclarına, yarızarafat da olsa, deyim: “Banka borcu olmayan kafirdir”.

Aydın Xan Əbilov isə həm banka, həm də xanımına borcludur:

“İki banka və xanımıma külli miqdarda borcum var: Düzdür, biri avtomobillə görə götürdüyüm məbləğdir. Mən dövlət qəzetində şöbə redaktoru olaraq 336 manat məvaciblə özümü, 3 nəfərdən ibarət ailəmi saxlamalıyam, üstəlik də, yaşlı anamla qayınanama maddi yardım göstərməliyəm. Toylar da bir tərəfdən qəmiş olur. Arada hansısa layihələrdə işləməsəm, acından ölərəm: Evsizlik dərdi də bir tərəfdən. Və bu da müstəqilliyi üçün çalışdığım vətənin mənə ərməğan etdiyi azadlıq...”

Fərid Hüseynin sözlərinə görə, o, subay olduğu üçün hələ ki, yaxşı dolanır:

“Normal dolana bilirəm, hələ subayam deyə, aldığım əməkhaqqı bəs edir, gələcəklə bağlı xüsusi bir planım yoxdur, sadəcə, düşdüyüm durumlarda özümü doğrultmağa çalışacağam”.

Dramaturq Firuz Mustafa da borclarına görə çətinlik yaşayan qələm adamlarındandır:

“Mən əvvəllər səhnəyə qoyulan pyeslərimdən az-çox qonorar alırdım. İndi kimlərsə əsərlərimlə teatrlar arasında “hasar” çəkib. Məncə, bu gün əksər yaradıcı adamların vəziyyəti elə də ürəkaçan deyil. Adətən, milyonçuların, daha doğrusu, yüngül yolla milyonların əldə edildiyi ölkələrdə mənzərə heç də yaxşı olmur. Milyonçuların “səxavətinə” görə dilənçilər də bol olur. O ölkələr inkişafda olur ki, orada orta təbəqə üstünlük təşkil edir. Əməkhaqqı bir nəfərə ancaq yetə bilər. Banklara borcum olub... İndi başqa yerlərə borclarım var”.

Yazıçı Əyyub Qiyas həm borca, həm də işsizliyə görə çətin vəziyyətdədir:

“Mən Azərbaycanda ciddi yaradıcılıqla məşğul olan, amma maddi durumu yaxşı olan qələm adamı tanımıram. Səviyyəsiz, savadsız, istedadsız imzalar var ki, hə, vəziyyətləri babatdır. O ki qaldı mənə, deyim ki, məndə vəziyyət kritikdir, artıq işsizəm. Banklara da kredit borcum var, dost-tanışa da... Söhbət düşəndə eşidirəm ki, elə əksər dostlarımın da banklara kredit borcu var, ödəməkdə çox çətinlik çəkirlər. Problemin biri də odur ki, ümumiyyətlə, yazar adı gələndə, mətbuat adı gələndə banklar çox vaxt kredit verməmək üçün dönüb “ayının əmisi oğlu” olurlar və kredit verməkdən imtina edirlər. İşsiz olduğumdan əməkhaqqı barədə danışmağa dəyməz”.

Jurnalist Xalid Kazımlının fikrincə, özgə pulu ilə varlanmaq olmaz:

“Yaradıcı adamların maddi vəziyyəti ürəkaçan deyil. Onlar yaxşı yaşamaq üçün çox işləməyə məcburdurlar. Ancaq onların qazancı da sırf yaşlarına, statuslarına görə tənzimlənir. Məsələn, imzasını tanıtmış və təsdiqlətmiş bir yazar gənc həmkarına nisbətən daha çox qazana bilər. Özümə gəlincə, maddi planda sıxıntım yoxdur. Qazandığım ailəmi təmin etməyə yetir. Bir az qənaət edəndə tətil pulu da düzəlir. Borc məsələsi isə şükür ki, məndə problem deyil. “Bank of Baku”ya 30 manat borcum qalıb, “Bolkart”la nəsə almışdıq, onun pulunun qalan hissəsidir. Ümumiyyətlə, mən lap gənclikdən borc məsələsində həssasam. Cümlə aləm borc götürüb ev, maşın ala bilər, mən buna risk etmərəm. Özgə pulu ilə varlı olmaq olmaz. Fəlsəfəm budur”.

Rəssam Nəvai Mətin bütün dünyada bu problemin olduğunu deyir:

“Ümumiyyətlə, adamların maddi durumu normal olduğu halda belə rəssamlar və sənət adamları çətin, ağır şəraitdə yaşayıblar. Maddiyyatın mənəviyyatı vəhşicəsinə məhv etdiyi vaxtda sənət adamları necə ola bilər?! Bank məsələsi ayrıca bir söhbətin mövzusudur. Çox acınacaqlıdır. Bu gediş nə qədər davam edə bilər? Yunanıstan zamanında belə bir böhran yaşadı və prezident əhalinin banka olan borcunun müəyyən hissəsini bağladı. İnanıram, bizdə də belə bir addım atılacaq. Əgər bu gün rəssam banka olan borcuna görə boya almağa pulu qalmırsa, bu artıq faciədir. Təəssüflər olsun ki, bu, təkcə Azərbaycanın bəlası deyil, bütün dünya bu problemi yaşamaqdadır”.

Şair Vüqar Əhməd dolanışıqdan razı olduğunu dedi:

“Şükür, acından ölmürük. Elmlər doktoru, professor necə dolanmalıdır – o səviyyədə dolanıram. Ayın 15 günü ancaq pul haqda fikirləşirəm, 15 gün isə yox. Banklara kreditləri vaxtlı-vaxtında ödəyirik. Mən nazir deyiləm, məmur deyiləm, icra başçısı deyiləm. Balalarıma hələ bir manat rüşvət yedizdirməmişəm. Çörəyimizə haram qatmamışıq. Görürsünüz, haram yeyənlər necə qusur. Yaradıcı insanam, fikir verin, kabineti olan yazarlar qazandıqları oxucu məhəbbətini itirdilər”.

Şair Kəmaləddin Qədim vəziyyəti bir bənd şeirlə izah etdi:

“İstəyirəm, bu suala rəhmətlik Baba Pünhanın bir şeirinin sonuncu bəndi ilə cavab verəm:

İtim, gəl dur önümdə,
Gəl, başına dönüm də.
Sən Pünhanın günündə,
Pünhan da it günündə...
Elə bilirəm ki, bu bəndə nə isə əlavə etməyə ehtiyac yoxdur...”

Şair Saday Şəkərli həm maddi, həm də mənəvi problemdən əziyyət çəkdiyini dedi:

“Maddi durum da, mənəvi durum da dözülməz həddədir. Bu quruluşsuzluqda yaşamaqdan ağır rəzalət görmürəm. Son hadisələr sübut etdi ki, ölkədə qəbilələşmə gedib artıq, hansı qəbilə başçısını (naziri) işdən çıxarırlar, altından neft fontanı kimi külli miqdarda qanunsuz yollarla topladığı sərvət aşkar olunur. Hələ bir zəmanət verən tapa bilərsənmi bu ölkədə digər nazirlər belə rüsvayçı işlərlə məşğul deyil? Bu milyonlar səltənətində mən ali təhsillə, qırmızı diplomlarımla çörək pulu qazanmaq üçün belə iş tapa bilmirəm, amma məmur uşaqları ağzının südü qurumamış dərhal müəyyən mövqeyə nail olur, başından sərvət tökülür. Bəli, mənim də hər bir azərbaycanlı kimi banklara borcum var, övladlarım, nəvələrim mənim bir şair kimi ad-sanımla fəxr etmək əvəzinə, mənə ikrahla baxırlar, axı, həm də mənim atalıq, babalıq missiyam da var. Neçə dəfə statuslarımda yazmışam ki, bu varlı nazirlərin mülklərini söküb dağıtmasınlar, pullarını gizlədib mənimsəməsinlər, banka kreditini ödəyə bilmədiyindən intihar həddinə çatdırılmışların kredit borclarının silinməsinə yönəltsinlər. Deputat Vahid Əhmədov da ödəyicilik qabiliyyəti olmayanların borclarının bağışlanılması barəsində MM-ə müraciət edəcəyi barədə anons verib. Mətbuat da bu məsələdə fəallıq göstərməlidir”.

“Yaradıcı adamlara kredit də vermirlər...” - SORĞU | MANERA.AZŞair Aybəniz Əliyar bankları “dar ağacı” adlandırır:

“Yaradıcı insanların arasında yaxşı dolananlar da var. Amma pis yaşayış tərzi keçirənlər, əlbəttə ki, daha çoxdur, ancaq buna baxmayaraq, pis yazanların günü-gündən artması və onların ədəbiyyata rahatca ayaq açması durumu daha böyük bir problemlərə gətirib çıxaracaq. Qaldı banklardakı borca, bankların insanları mədəni şəkildə istismar etməsinə, bunu mən yaradıcılığından asılı olmadan hər bir “Azərbaycan vətəndaşının dar ağacı” adlandırardım, banklar dar ağacıdır, bəli, gedib öz xoşunla asılırsan oradan....”

MANERA.AZ



Baxış sayı - 2 092 | Yüklənmə tarixi: 24.11.2015 14:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031