manera.az
manera.az

Həsrətin xaldı sinəmdə... - Yusif Nəğməkarın şeirləri | MANERA.AZ

Həsrətin xaldı sinəmdə... - Yusif Nəğməkarın şeirləri | MANERA.AZ
MANERA.AZ tanınmış şair Yusif Nəğməkarın yeni şeirlərini təqdim edir:

Yoxu sevdim..

Günüm gün görmədi ələmdən başqa...
Sinəmdə gizlətdim qəm-şikayəti...
Sirdaşım kağızdan, qələmdən başqa
Mən kimə danışım bu hekayəti?!.

Gümanım ömrə bel bağlaya bilmir,
Çatdım suallara hey qaşlarımı...
Nə yazıq, kişilər ağlaya bilmir!
Qürurum dəfn etdi göz yaşlarımı...

...O sevdi...
mən onu sevə bilmədim...
Çəkildi günə dağ,
həm dağ aylara...
Bir addım ahına sarı gəlmədim,
Dərd açdı sulara, qağayılara...

...Bir kəs aramadım heç vaxt o adda...
Peşman yaşamadım tək heyif kimi...
Bir gün eşitdim ki, yoxdur həyatda...
Yoxluğu var etdi ona sevgimi...

Nə sirdir, talelər arınmayanda
Ən sərt arzular da yuxa vurulur?!.
Öz könül varından barınmayanda
İnsan yoxu sevir, yoxa vurulur?!.
29.11.2022-ci il


* * *
Sənsiz dağlara getmişdim,
Gör dağ nə haldı sinəmdə!..
Gülər yox, ağlar getmişdim;
Həsrətin xaldı sinəmdə...

Soyuq baxdı yollar mənə,
Zirvə, yamac, yallar mənə,
Sarılmadı qollar mənə;
Kədər ney çaldı sinəmdə...

Güllər yanağında şeh -- dən...
Şəlalə hönkürdü dən-dən...
Əziz tutdu səni məndən;
Əllərim qaldı sinəmdə...

Sevən qəlbintək durudu;
Göz yaşlarının nurudu --
İçdiyim bulaq qurudu,
Sular od aldı sinəmdə...

Vüsal köhləni çapmadım,
Sənli sorğudan sapmadım...
Kövrəlib cavab tapmadım --
Sükut yurd saldı sinəmdə...
04.09.2022-ci il

Ölüm də şəkil kimidir

Gizlətməyək üzümüzü,
Söz etməyək sözümüzü...
Yaş diləyək yüzümüzü,
Eh, yüz də tək il kimidir...

Qoyma xatirələr dinsin;
Sevgi bayrağımız ensin!..
Ayrılığın üzü dönsün --
Yanıb sönən kül kimidir...

Dur gəl, bax bu anıma gəl,
İliyimə, qanıma gəl,
Səsləmək var: -- "yanıma gəl!"--
O dəvət "çəkil!" kimidir...

EŞQ - yaxamızda zər zəli...
Ya firqətin möhkəm əli...
Hər şeirimiz məhkəməli,
Şahidli vəkil kimidir...

Həsrətdən solduq ikimiz!..
Eyni kökdəykən əks simiz...
Əlimdə susur əksimiz;
Ölüm də şəkil kimidir...
27.06.2022-ci il


* * *
Müjdəqanad məqam yetdi;
Zər anımı tapdım səndə.
Yetənəyin bir ümiddi,
Heyranımı tapdım səndə.

Öc kamanım, iç neyimi,
Şərbət nəğmə içəyimi,
Çəmənimi, çiçəyimi,
Ormanımı tapdım səndə.

Bir budaqda min barımı,
Yar deyilən tən yarımı...
Qəsdə qəyyum qərarımı --
Urmanımı tapdım səndə.

Səf sevda yolu keçənim...
Sehri səhradan seçənim...
Eşq əkib, könül "biçən"im --
Tarmanımı tapdım səndə.

Ansam, öncə ön gülümsən,
Yansam, elə ün külümsən...
Buğum, buğdam, sünbülümsən;
Xırmanımı tapdım səndə.

Sal sayətək çapılmayan,
Rüzgar əldən qapılmayan,
Xəstə üçün tapılmayan
dərmanımı tapdım səndə...

Qeybim quran qürurumsan,
Çalınası son surumsan...
Comərdimsən, cəsurumsan;
Nərmanımı tapdım səndə.

Tanrım səni kim yaratmış --
Əhdə cəhd sakin yaratmış...
Qəlbimə hakim yaratmış;
Fərmanımı tapdım səndə.

Sən gövhərkən, dürr mən idim,
Gövhərimə sirr mən idim...
Tək cismimdə bir mən idim;
Hər mənimi tapdım səndə!..
19.04.2022-ci il

Vaxta vaxt ayırmışam

Fələk fəndi ötmədə;
Əbədiyə an deyir.
Adəm bəndi bitmədə,
Yenə qana-qan deyir.

Bu qarışıq bazarı
tutub şöhrət azarı...
Neçə yolsuz yazarı
yollar yorub, qan - deyir.

Köhlənsə yabıya qul,
Belində yəhər, ya çul,
Əhlin əyalı məchul...
Dəyəri xar xan deyir...

Qəmə sarban olduğun;
Sevib urban olduğun...
Sənin qurban olduğun
özğəsinə can deyir...

Madam ki, qır qəti yox,
Yox dərdin illəti yox...
Adam ki milləti yox -
Off!... Azərbaycan... - deyir!..

Titrə, göz, səyri ya da
əy kiprik əyri yada...
Riyakar rəy riyada -
nə dedim, haçan - deyir?!.

Araz axır, göz baxır,
Göz içindən söz baxır...
Astar paxır, üz paxır --
Üz niqab açan deyir...

Vaxta vaxt ayırmışam.
Tale, bəxt ayırmışam...
Ömrü nəqd ayırmışam -
Əriyib uçan deyir...

Ruhun susmasın bir an -
Azadlıq eşqi - çaban...
Bayatını bəy baban,
Xoyratı xocan deyir...

Yemə səhv kötüyündən -
Dad halal pətəyindən.
Yapış Haq ətəyindən,
Haqqı da UCAN deyir!.
13.04.2022-ci il


* * *
Ocaq çatmısan köksümdə,
Vücudumla tam yanıram.
Həsrətim ötür kök simdə,
Ahımda muğam, yanıram.

Gah "Segah", "Şur"um olursan,
Gah şərqim, xorum olursan,
Sönürəm, qorum olursan,
Atəşinə ram yanıram.

Gözündən uzaq hər təbəm...
Sənsən mənim Qibləm, Kəbəm!..
Doğmam, məhrəmim, mərtəbəm,
Xanımım, ağam, yanıram.

De, qədərim nə qədər ki?!
Külə dönmək nə qədir ki?!.
Günün şöləsi nədir ki?!
Mənəm gecə şam, yanıram!..

Bu çabam, qeylü-qalımla,
Yuxusuz yuxu halımla,
Gümanımla, xəyalımla,
Arzumla kam-kam yanıram...

Zalım, hər zülmə uyursan!...
Sanmam cəfandan doyursan...
Könlümü usta oyursan...
Mən isə xam-xam yanıram...

Ürək dil açdı adınla,
Uçdum sevgi qanadınla...
Qala, bir qalam odunla
özün gur, mən vam yanıram...

Can-deyib güldürdüyünəm...
Göz yaşım sildirdiyinəm...
Mən hər gün öldürdüyünəm,
Bəs necə sağam, yanıram?!.
06.04.2022-ci il

Ümid fəslim...

Gözlərim küsdürüb baxışlarını;
Kirpik qələmləri vüsal yazmayır...
Bir sevda çatıbdır, bax, qaşlarını,
Dil-divar həsrətdən xəbər sızmayır...

Ürək bir otaqdır, lal sükut-səsi,
Sakitlik alovu canı yandıra!..
Açılmır bu evin qəm pəncərəsi,
Boğuq tənhalığı havalandıra...

Qəlb sarı vərəqmiş, üstdə qəmdən iz;
Qoyma giley-güzar "imla"ya dönə...
Ağızdan qaçanda təntimişdi söz;
Nəfəsi çatmırdı kəlməyə dönə...

Bir sözlük cümlədir fikrim: "incimə"-
Dilimdən etiraf asılan kimi...
Küsünə tuşlanıb ərkim, heçdemə -
Tətik nişangaha basılan kimi...

Sərraf baxışımdan etmə dad-həzər,
Naşı, ov hürküdüb, bərəni talar...
Dördbir həndəvərə salsam da nəzər,
Gözüm gözlərində ilişib qalar...

Nəfəsin ruhuma behişt ələr də,
Doymaram nur əməl, ləl işlərindən...
Şaq-şaq şaqqıldayan şəlalələr də
Tökülər o zirvə gülüşlərindən!..

Gərək gül xalıtək iç göl ayırıb
Zərif ilmə-ilmə toxuyum səni.
İpək saçlarından üç tel ayırıb
bas mənim bağrıma, oxuyum səni...

Səsimlə süslənən duyğun - təmizlik,
Bəhsimlə səslənən könlü ay ramım.
İnciklik - ən doğma xatirəmizlik...
Sevincin ad günü - barış bayramım.

Mən Yerəm, sən Göyüm, yağ buludundan,
İslat yağmurunla məni, barlanım.
Ümdə ümid yarım sən oldun hər an,
Bütün fəsillərdə, gəl, baharlanım!
25.03.2022-ci il

Biz "görə" bilmədik bir-birimizi...

Sən mənə, mən sənə baxırdıq elə...
Biz "görə" bilmədik bir-birimizi.
Yaş olub gözlərdən axırdıq elə...
Biz "görə" bilmədik bir-birimizi.

Ötən hər günümüz atılan zərdi;
Qoşası-ayrılıq, haşası-dərdi...
Görmədik... görünən xatirələrdi...
Biz "görə" bilmədik bir-birimizi.

Nədəndir sonucda sevincin qəmi?!
Baxımın, görümün nə imiş kəmi?!
Gün Yerin eşqini görməyən kimi
Biz "görə" bilmədik bir-birimizi.

Vurulduq, durulduq sədd aşa-aşa,
Dedik fərəhimiz sel olub daşa.
Dörd gözlə dünyaya boylandıq qoşa,
Biz "görə" bilmədik bir-birimizi.

Ulduzları gördük, Ayı da gördük,
Dibsiz dəryaları, çayı da gördük,
Haqq edib çox haqqı-sayı da gördük...
Biz "görə" bilmədik bir-birimizi.

Sözü səs, cümləni heca görürdük,
Bizsiz gündüzü də gecə görürdük...
Bəs necə baxırdıq, necə görürdük,
biz "görə" bilmədik bir-birimizi?!

Sevəni dindirdik, "döz!.."dən danışdı,
Ürəkdə qor tutan közdən danışdı...
Hamı bizi gördü, bizdən danışdı...
Biz "görə" bilmədik bir-birimizi.

Qara Aysberqin qaya üzüydük,
Həsrət yarışına Cıdır düzüydük...
Sevdalı cüt gözün yaxın özüydük;
Biz "görə" bilmədik bir-birimizi.

Sonucdan başlandı yolumuz ilkə...
İlk-son məskənimiz, son yurd-ön "ölkə"...
Tanrı kölgəsiydik sevəndə bəlkə;
Biz "görə" bilmədik bir-birimizi?!

Tale məbədində təxt qurmaq üçün,
Nazlı arzulardan bəxt hörmək üçün,
Ömür düzənində gün görmək üçün
Biz "görə" bilmədik bir-birimizi.

Bəsirət qəlbimiz sirr yerimizdi,
Andımız, əhdimiz pir yerimizdi,
Görəcək nə varsa, bir-birimizdi,
Biz "görə" bilmədik bir-birimizi...
22.02.2022-ci il

Bir şeir yazacam bu ayrılığa

Daha lüzum yoxdur anda, qılığa,
Yetər, iztirablar düzüm-dən oldu.
Bir şeir yazacam bu ayrılığa,
Yazacam; nə oldu, özümdən oldu...

Düzüb misraları yetirsəm sona,
İçimdə min qüssə, ələm də yanar...
Qəlbimi kül edən atəş bir yana,
Külümdən alışıb, aləm də yanar.

Bu tale yükünü şələm edəcəm,
Həsrəti bir ömür sələm edəcəm,
Çaxan şimşəyi də qələm edəcəm,
Bir şeir yazacam bu ayrılığa.

Tənlənib tənəli savaşlarımla --
Gizlinim, aşkarım, sirr "faş"larımla,
Mürəkkəb acizdir, göz yaşlarımla
Bir şeir yazacam bu ayrılığa...

Dinəcək etiraf,
nə giley-güzar,
Nə də təəssüfüm israrlanacaq.
Yaddaş şifahimdə xəyalım azar --
-deyə xatirələr misralanacaq:

"Qızılgül dən-dən oldu,
Sünbülüm dəndən oldu...
Mən səndən ayrılmazdım,
Ayrılıq səndən oldu"!..

Solub pəncərəmdə qəmin sarısı,
Zülmətin qəlbi də yuxalanacaq.
Mənim əvəzimə gecəyarısı
Qaçan yuxularım yaxalanacaq...

Çən çəhlim çəkəcək vüqarlı dağa,
Ötəcək bənövşə həsrətin tarı.
Bir şeir yazacam bu ayrılığa,
Sınacaq səmada durna qatarı...

Sənət süfrəmizdə hər nemət də cəm...
-Təam et - deyəcəm dediyim kimi.
Hər acı sözünü sinirəcəyəm
Bala qaymaq qatıb, yediyim kimi...

"Ya Hu"! səslənməyim Hu ayrılığa
İlk əhdim yolundan azmadığımdır.
Bir şeir yazacam bu ayrılığa --
Bir ömür heç kəsə yazmadığımdır.

Açma sirr qanadın sən sola, sağa--
Səni sədaqətdə qoy belə anım.
Bir şeir yazacam bu ayrılığa,
Onu qəbrim üstə ağla, oyanım!...
15 yanvar 2022-ci il

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031