manera.az
manera.az

Sözə çevrilən səsəm - Ağamir Cavadın şeirləri

Sözə çevrilən səsəm - Ağamir Cavadın şeirləri
Manera.az Ağamir Cavadın şeirlərini təqdim edir:

Ay dərd

İlləri yelə verdik,
Yaşın sağ olsun, ay dərd.
Dağıma qar ələdin,
Qışın sağ olsun, ay dərd.

Zirvəsindən gün doğan,
Göyə baş vuran dağam.
Başıma göydən yağan,
Daşın sağ olsun, ay dərd.

Sözə çevrilən səsəm,
Qoyma inciyəm, küsəm,
Bir gün ölüb gedərsəm,
Başın sağ olsun, ay dərd.

Həsrətin hikməti

Hər həsrətdə bir sevinc,
Hər vüsalda qəm yaşar.
Dünyanın mizanında,
Bir həsrət hikməti var.

Hər qatında gizlənib,
Min sevinci, min ahı.
Həsrətin hikmətində,
Çaşıb qaldım, İlahi.

Həsrət bir ocaq çatıb,
Gecə dözər, gün dözər.
Nə Ay Günəşə çatar,
Nə də gecə gündüzə.

Bu eşq

Adəmin saldığı cənnət bağının,
Qönçədən açılmış gülüdü bu eşq.
Vulkanı püskürən hicran dağının,
Bağrında alovun dilidi bu eşq.

Qorunu bəsləyib qarlı qışında,
İzini saxlayıb ocaq daşında,
Adəmdən Xatəmə qan yaddaşında,
Haqqın bir dadımlıq külüdü bu eşq.

Qəmi sevinc dadır, acısı şirin,
Ən ulu məqamda görünür yeri.
Ümidi kəsilməz Xan Ağamirin,
Tanrı ətəyində əlidi bu eşq.

Tutmuşam səni

Eşqimlə alışan ocaqsan, gözəl,
Od kimi, qor kimi tutmuşam səni.
Ömrə işıq yayan çıraqsan, gözəl,
Yolumda nur kimi tutmuşam səni.

Bilinmir nədəndir kədərin, nəşən,
Gah qəmli olursan, gah da gülər, şən,
Tanrının əlindən sürüşüb düşən,
Balıqsan tor kimi tutmuşam səni.

Eşqimdən nur alıb üzü nur saçan,
Xəyalın quş kimi göylərdə uçan,
Dəli küləklərə qanadın açan,
Yelkənsən, dor kimi tutmuşam səni.

Qönçəsi açılmış gül kimi tərsən,
Təzə şirələnmiş dəymiş bəhərsən,
Atsam dənə-dənə gilələnərsən,
Ovcumda nar kimi tutmuşam səni.

Bir şirin nəğməsən çağlayan, coşan,
Hər səhər səsinlə işıqlanar dan,
Ürəyi titrədən, başı oynadan,
Sinəmdə tar kimi tutmuşam səni.

Üzü bədrlənmiş aya çevrilən,
Hər sözü, söhbəti toya çevrilən,
Ovcumda əriyib suya çevrilən,
Bəmbəyaz qar kimi tutmuşam səni.

Eşqimin oduyla bəslənən çiçək,
Açıldın sinəmdə sən ləçək-ləçək,
Ən varlı xəzinə tapan xəsistək,
Qəlbimdə sirr kimi tutmuşam səni.

Ətrin, gözəlliyin gülə yapışıb,
Baldan şirinliyin dilə yapşıb,
Əlim ətəyindən elə yapşıb,
Buraxmaz, kor kimi tutmuşam səni.

Sən yaşayan məzar

Atam üçün

"Gələn gedər" - bir məsəldir,
Qəza üstdən qəza gəldi.
Özün kimi nə gözəldi,
Sən yaşayan bu məzar.

Burada göylər ayazdı,
İlin hər bir fəsli yazdı.
Üzü üzüntək bəyazdı
Sən yaşayan məzarın.

Taleyimdə hər gün sınaq,
Gələmməsəm, etmə qınaq.
Xəyallarım hər gün qonaq
Sən yaşayan məzara.

Başımdakı çənim kimin?
Saçımdakı dənim kimin?
Kim oxşayar mənim kimi
Sən yaşayan məzarı.

Əcəl ömür ələyidi,
Ötən tale küləyidi.
Yatan Tanrı mələyidi
Sən yaşayan məzarda.

Bu ömürdü, nə çox, nə az...
Ömrə sığmır arzu, muraz.
Çiçək ruhun qalxar hər yaz
Sən yaşayan məzardan.

Ürəyim

Tale quşum olub uçdun,
Daddı neçə dağ ürəyim.
Az qalıb qırılıb düşsün,
Titrəyir yarpaq ürəyim.

Eşqi elə yayılıbdır,
Qəm-qüssədən oyulubdur.
İçi qarla yuyulubdur,
Həsəddən uzaq ürəyim.

Dağ üstündən dağ qurtarmır,
Səs gəlmir, soraq qurtarmır.
Ürəyində yağ qurtarmır,
Hey yanır çıraq ürəyim.

Həsrətin bağrın dələrsən,
Günəştək üzə gülərsən,
Axır insafa gələrsən,
Bar verər torpaq ürəyim.

Daş damır

Hər sirrə baş vuran daşı gördülər,
Haqqa daş atdılar, daşı yordular.
Namərdlər mərdliyi daşa hördülər,
İndi divar damır, daş damır, baba.

Yoxdan var olmuşuq, nədir varımız?
Hələ içimizdə qalıb qorumuz.
Daşdan su çıxaran babalarımız
Qan sızan daşlara daş demir, baba.

Torpaqlar bölünüb o tay, bu tayda,
Mən necə oynayım, söylə, bu toyda?
Səbrimiz turşudu, ancaq nə fayda?
Heç kəs ayranına turş demir, baba.

Əyilməz səbrimiz daş, dəmir idi,
Daş da Ağa idi, daş da Mir idi.
Ən gözəl adımız Daşdəmir idi,
Yumşalır, yumşalır Daşdəmir, baba.

Söz ömrü

Ürəyim bir dünya oddur, ocaqdır,
Köz ömrü qədərdir dünyanın ömrü.
Tanrının sözüylə yaranıb yanar,
Söz ömrü qədərdir dünyanın ömrü.

Odur ki, gah sevinc, gah da dərd umar,
Sıxar ürəyimi kirkirə sözlər.
Sinəm dərd zəmisi yığıb ovcuma,
Səpirəm varağa bakirə sözlər.

Bu gün asın məni, daşqalaq edin,
Hər daşdan bir çınqı köz göyərəcək.
Ruhuma ölçülmüş dar ağacından,
Bir misra, bir ayə söz göyərəcək.

Ürəkdən tanrıya sevgi yolunda,
Bir ürək köz ömrü yaşayacağam.
Tutub bir misranın ətəklərindən,
Bir dünya söz ömrü yaşayacağam.

Hesabatı var

Günlər seltək axır, ötüşür ay, il,
Dərd-qəmin içində toy büsatıdır.
Bu həyat, bu ömür əyləncə deyil,
İnsanın Tanrıya hesabatıdır.

Haqqa qərar versin qəlbinin səsi,
Həsrətə gedən yol zamanı dələr.
Qoyular ortaya mizan-tərəzi,
Yaxşı da, yaman da hesaba gələr.

Elmin qüdrətiylə etmişik əsir
Torpağın təkini, göyün qatını.
Gecələr yuxumuz ərşə çəkilir,
Veririk gündüzün hesabatını.

Arzu sərhədini keçib yolların,
Hər dəfə təzə bir eşqə varmışıq.
Uyub xülyalara xam xəyalların
Həyatda nə qədər könül qırmışıq.

Sevda yollarında özünü yordun,
Qəlbində nə qədər həsrət çatı var.
"Sevirəm" söylədi, qəlbini qırdın,
Ürək qırmağın da hesabatı var.

Aramızdan keçən su

Qara zamandan keçdin,
Sarı samandan keçdin.
Dinin, imanın varmı?
Hansı imandan keçdin,
Aramızdan keçən su?

Donmuşuq sıramızda,
Duz göynər yaramızda.
Səni kimlər axıtdı
Sukeçməz aramızdan,
Aramızdan keçən su?

Ömrün karvan köçündə,
Tutdun hansı suçumdan?
Axı necə keçmisən
Sevda dolu içimdən,
Aramızdan keçən su?

Qəlbini dindirən kim?
Qibləni döndərən kim?
İçib sənin suyundan
Yanğısın söndürən kim,
Aramızdan keçən su?

Sutək təmizdir adım,
Su yanar, sönməz odum.
Oyun bitər, bilərsən,
Kim uduzub, kim udub,
Aramızdan keçən su.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829