“Sən azadsan!” kitabının təqdimatı keçirilib - Fotolar
Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Respublika Gənclər Kitabxanasının nəşrə hazırladığı “Sən azadsan!” kitabının təqdimatı keçirilib.
MANERA.AZ xəbər verir ki, təqdimatda Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, şair-publisist, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri İntiqam Yaşar, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, həmçinin gənc şairlər, yazıçılar və başqaları iştirak ediblər.
Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, ilk növbədə, bu kitabın ərsəyə gəlməsində iştirak edən hər bir kəsə öz dərin təşəkkürünü bildirib və tarixə nəzər salaraq erməni vandalizminin, təcavüzkarlığının qədim tarixdən gəldiyini, onların Azərbaycan dövlətinə, millətinə olan təcavüzkar mövqelərinin əsrlər, illərdir ki, davam etdiyini vurğulayıb. Daha sonra bu kitabın şanlı Zəfər tarixinin bir nümunəsi olduğunu, adının Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinə müraciətlə dediyi “Əziz Şuşa, sən azadsan!” sözlərindən götürüldüyünü qeyd edib.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Azərbaycanın Qələbəsinə, şanlı Zəfər tarixinə həsr olunan kitabların çapının xüsusi əhəmiyyətindən danışaraq, bu nəşrlərin gələcək nəsillərə bir örnək, xatirə olacağını qeyd edib.
“Sən azadsan” kitabının tərtibçi və redaktoru Fərid Hüseyn kitabda poema, şeir, esse və hekayələri toplanan gənc şair və yazarlar haqqında məlumat verib. Kitabın Emin Pirinin “Sən azadsan” şeiri ilə başlandığını və onun memuarları ilə bitdiyini xüsusi vurğulayıb. O, həmçinin uzun illər davam edən Qarabağ torpağının işğalı və Şuşa itkisinin ədəbiyyatımıza, mədəniyyətimizə vurduğu zərbələrdən, yaratdığı boşluqlardan danışaraq, indi istedadlı gənclərin yaradıcılıqlarını məhz bu mövzuya yönəltməli olduqlarını deyib.
Təqdimatda Şahanə Müşfiq, İntiqam Yaşar, Gülnar Səma, Nargis müəllifi olduqları şeirləri səsləndiriblər. Emin Piri, Ramil Əhməd öz Şuşa xatirələri və Qələbədən sonrakı Şuşa səfərləri haqqında danışıblar.
Qeyd edək ki, sözügedən kitabda Azərbaycanın şanlı Zəfər tarixi – 44 günlük müharibəyə həsr olunmuş 20-yə yaxın gənc yazarın qələminin məhsulu olan 30-dan çox ədəbiyyat nümunələri toplanıb.
Kitabın layihə rəhbəri və ideya müəllifi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, “Ön söz”ünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar Mədəniyyət işçisi Rəşad Məcid, tərtibçi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.