BSU-da Baba Vəziroğlu ilə görüş keçirilib
![]()
manera.az
Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli şair Baba Vəziroğlu ilə görüş keçirilib.
MANERA.AZ xəbər verir ki, bədii gecədə şairin sənət dostu, xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov da iştirak edib. BSU-nun rektoru, professor Asif Hacıyev çıxışında nəğməkar şair Baba Vəziroğlunun yaradıcılığının Azərbaycan poeziyası üçün əhəmiyyəti və onun ədəbiyyatımızda tutduğu mövqedən danışıb.![]()
Görüşdən məmnunluğunu bildirən şair Baba Vəziroğlu “Məndən bir də olmayacaq”, “Xatirədir”, “Çıx qatar ayoluna” kimi məşhur şeirlərini oxucuları üçün səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini dinləyicilərlə bölüşüb.![]()
Baba Vəziroğlunun şeirlərinə bəstələnmiş mahnıların Faiq Sücəddinov tərəfindən ifası görüş iştirakçılarının marağına səbəb olub. Gecənin davamında BSU tələbələri Baba Vəziroğlunun məşhur şeirlərini səsləndiriblər.
İncəsənət xadimləri gəncləri maraqlandıran sualları cavablandırıblar. Sonda qonaqlara BSU tərəfindən xatirə hədiyyələr təqdim edilib.
Aytəkin Qardaşova