manera.az
manera.az

I Beynəlxalq İngilis dili Müəllimləri Forumu | MANERA.AZ

I Beynəlxalq İngilis dili Müəllimləri Forumu | MANERA.AZ

Qafqaz Universitetində Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (ARTPİ) və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkil etdiyi I Beynəlxalq İngilis dili Müəllimləri Forumu keçirildi.

Forum Azərbaycan respublikasının himninin oxunması ilə fəaliyyətə başladı. Qafqaz Universitetinin Tanıtım filmi nümayiş olundu.

Respublikamızda ilk dəfə təşkil edilən bu forumu giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru prof. dr. Ahmed Saniç qonaqları salamladıqdan sonra İngilis dilinin beynəlxalq əhəmiyyətindən söz açdı. Ardınca BSU-nun rektoru professor Asif Hacıyev Azərbaycanın tarixi mövqeyinin əməkdaşlığa münbit coğrafi mühitdə yerləşməsini qeyd edərək, daima iqtisadi və mədəni əlaqələrin inkişaf etdiyi ölkəmizdə xarici dillərdə ünsiyyətin hələ qədim zamanlardan formalaşdığını bildirdi.

Təhsil Problemləri İnstitutunun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovun bir neçə önəmli məsələnin müzakirəyə çıxarılması istiqamətində səslənən nitqi forum iştirakçılarının marağına səbəb oldu. Onun sözlərinə görə xarici dil bacarıqları XXI əsrin əsas kompetensiyalarından biri hesab olunmaqla bitmir. Xarici dil bacarıqlarına sahib olmaq mümkündür. Lakin, hər bir pedaqoq, xarici dil fənnini tədris edən müəllimlər unutmamalıdırlar ki, onlar nəinki başqa bir dövlətin dilini, mədəniyyətini böyüyən nəslə öyrədirlər, eləcədə beynəlxalq mədəniyyətlərarası inteqrasiyanın inkişafını sürətləndirir, müasir tələbləri özündə ehtiva edən səriştəli vətəndaş yetişdirirlər. Q.Novruzovun çıxışında diqqət çəkən fikirlərdən biri də, “Azərbaycan Res­pub­likasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun “Fəaliyyət Planı”-nın icrası üzrə Təhsil Nazirliyinin “Tədbirlər Plan”nının icrasının uğurla həyata keçirildiyi bir vaxtda “Tədbirlər Plan”-ının əsas icraçısı olan Təhsil Problemləri İnstitutunda artıq, 12 illik təhsilin məzmununun hazırlanması prosesinin getdiyini bildirməsi oldu.

Onun Forum iştirakçılarına yönləndirdiyi bir neçə sual, doğrudan da, üzərində düşünüməli məqamları özündə əks etdirdi: 1-ci sinifdən 11-ci sinifə qədər Xarici dillərin tədrisinə təxmini olaraq 700 saat ayrılmasına baxmayaraq, biz niyə hələ də, şagirdlərimizə lazımi keyfiyyətdə xarici dil öyrədə bilmirik? Niyə yeni pedaqoji innavasiyalardan az yararlanır, tədris prosesini ənənəvi metodologiya üzərində qururuq? Natiq tərəfindən qeyd olunan problemlər müzakirələr zamanı əsas məqamlara toxunmağa imkan yaratdı.

I Beynəlxalq İngilis dili Müəllimləri Forumu | MANERA.AZ

Q.Novruzov, xüsusilə mövcud problem kimi diqqət çəkən istiqamətlərdən birinin də, yetərincə elektron və digər tədris resurslarının baza zənginliyi ilə seçilən ingilis dili fənninin beynəlxalq tələblərə cavab verəcək şəkildə öyrənilməsində problem yalnız hafizəyə əsaslanan mənimsəmə olduğunu qeyd etdi. Əsasən hafizəyə əsaslanaraq biliklərin əldə olunmasının müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılmasında yetərli olmadığını bildirdi. Bunun üçün səriştələrin və qabiliyyətlərin inkişaf etdirilməsinə xüsusi fikir verilməsini vurğuladı. O, eyni zamanda, İnstitut tərəfindən Dövlət Strategiyası ilə bağlı həyata keçirilən tədbirlər planında qeyd olunmuş məsələlərin gerçəkləşdirilməsi istiqamətində əməli işlərin, eləcə də ingilis dilinin tədrisi metodikası ilə bağlı tədbirlərin aparıldığını da Forum iştirakçılarının diqqətinə çatdırdı.

Sonra, prof.dr. Əjdər Ağayev “Xarici dil müəllimlərinin multikulturalizm mədəniyyətinin formalaşmasında rolu” mövzusunda geniş məruzə ilə çıxış etdi.

Forumun I hissəsində ADU-nun professoru G. Hüseynzadə “Qlobollaşma prosesində İngilis dilinin tədrisi problemləri”, MSU-nun (Montclair State University) professoru M. Mukherjee “Teaching English Language in American education sistem”, ARTPİ-nin direktor müavini doc. Ə.Abbasov “Təlim Prosesində mənimsəmənin mərhələləri”, British Councilin proqram meneceri G. Hüseynova “Training and Development for Teachers of English” mövzularında çıxış edərək diskussiya üçün şərait yaratdılar.

Forumun II hissəsində Qafqaz Universitetindən dos. N.Əliyeva, M.Florida, 60 nömrəli məktəbin direktoru G.Rəcəbova, Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyindən (Az-Eta) R.Məmmədova məruzə ilə çıxış etdilər.

Forumun III hissəsində iştirakçılar tərəfindən səsləndirilən problemlər, qayğılar dinlənildi, vəzifələr müəyyənləşdirildi və görüləcək gələcək işlər müzakirə olundu. Sonda forum iştirakçılarına sertifikat verildi.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031