manera.az
manera.az

Ayrılıq bir ömürlük sükutdur... - Şeirlər

📅 22.04.2022 14:56

Ayrılıq bir ömürlük sükutdur... - Şeirlər
MANERA.AZ gənc şair Elçin Məmmədovun şeirlərini təqdim edir:

***
Yürüdüyüm yolların sonu bilinməz mənim,
Mən dəryada Musanın izi üstə gəlmişəm.
Süzülmüşəm Allahın qələminin ucundan,
Səmadan dörd kitablıq sözü üstə gəlmişəm.

Bıçaq tək sancılmışam köksünə yaranışdan,
Tək ürəyi saxlayar tək sinə yaranışdan,
Əcəldən doğulmuşam əksinə yaranışda,
Mən ürəyi səmada, gözü üstə gəlmişəm.

Bir doğuluş ruhumu atdı burda bazara,
Yoluxdurdu cismimi min sağalmaz azara,
Öləndə üzü üstə qoyun məni məzara,
Çün dünyaya gələndə üzü üstə gəlmişəm.

Görən uçar səmada dərd yükün daşıyan ruh?
Cisim asılı qalar, vücudu boşayar ruh,
Mənəm ölü bədəndə əbədi yaşayan ruh,
Ruhum torpağın altda, özüm üstə gəlmişəm.

Müqəddəs Tur dağından, Kərbalanın düzündən,
Uhudun çöllərindən, bulaqların gözündən,
İsanın çarmıxından, Məhəmmədin sözündən,
Misra misra süzülüb, yazı üstə gəlmişəm.

Mənim anam nə gəzir, mənim atam nə gəzir,
Mən dünyaya Allahın dizi üstə gəlmişəm...


***
Küsübsə bu şəhərin gündüzü gecəsindən,
Boğulursa bu şəhər özü öz küçəsində.
Ən sonuncu ümidlər bir qızıl balıqdasa,
Ən böyük sevgilərin sonu ayrılıqdısa.
Dən atdığın göyərçin əllərinə dönüksə,
Bu şəhərdə ölümlər ömürlərdən böyüksə,
Gəl, gedək bu şəhərdən.

Yoxsa bir udum hava intizardan boğulsan,
Və bütün körpülərdə intiharlar doğursa.
Ən bədbəxt qağayılar sahilə sakin isə,
Barıt üfunətinə, mərmi vıyıltısına qulaqlar kəbinlisə.
Bütün sinələr altda gizlədilən daşdısa,
Xoşbəxtlər sırasında bütün yerlər boşdusa.
Gəl, gedək bu şəhərdən.

Dənizlərin küləyi dənizlərə əsirsə,
Ağxalatlı həkimlər ağbənizli bir qızın saçlarını kəsirsə.
Bu şəhərdə qaralar ən sevilən rəngdisə,
Bir qızın döşlərindən süd əmən xərçəngdisə.
Sonu məğlubiyyətsə soyuq palatalarda tanrıya üsyanların,
Saxlamırsa sarğılar bir vücudun içindən köçüb gedən canları.
Gəl,gedək bu şəhərdən.

Və bir cərrah bıçağı körpə dodaqlarıyla bir ana bədəninin arasında səddisə,
Ən hündür göydələnlər yer, tanrı arasında tikanlı sərhəddisə.

Qarğış, haray, ah,nalə, keçilməyən tabular,
Müharibə sonrası tək qayıdan ayaqlar, taykeş ayaqqabılar.
Qara qutu gətirdi,
Qanlı köynək gətirdi,
Köynəkdə qan gətirdi,
Yarım adam gətirdi
hər gün gələn qatarlar.
Bircə...o itkin ayaq düşmədi ən sonuncu qatardan.

Görmürsən yarım edir, ya da yarımcan edir bu şəhər adamları,
Aç qapını,
Eşitmirsən zəng səsin, bir məscid udacaqdır bu səhər adamları.
Gəl, gedək bu şəhərdən.


***
Burda da gedən ancaq
ömürdü,
Saat durur yerində,
Dəmirdi.

İçindən böyük oldun,
Nə işdi?
Qocaldı ilk sevgilər,
Dəyişdik.

Böyüdü içimizdə
uşaqlar,
Səni də oğurladı
Uzaqlar.

Gedişin ölüm kimi,
Nə sirli...
Qayıt, bir bax ayağın
Gəlirmi?

Sən gedəndən qırılıb
Üç ildi,
Daha pəncərəm gözdən
əlildi.

Tullama saçlarını
Kəsəndə,
Ver küləyə gətirsin,
əsəndə.

Bəlkə yanağım nəmi
unutsun,
Qoyum gözümün üstə,
qurutsun.

Ətrini də duymuram
nə vaxtdır,
Etmə, zalım balası,
günahdır.

Səni də üşüdürmü?
Yağışlar.
Alnına yol çəkibmi?
Qırışlar.

Boylanırsan yollara?
Hər sabah.
Guya ki, darıxırsan?
...sən allah...

Kölgəni də unutmuş
dalanlar,
Ağlama, görən olar,
Yalandan.

Ayrılıq bir ömürlük
Sükutdur,
Demişdin unutmaram,
Unutdun.

Tural Adışirinin təqdimatında


Baxış sayı - 748 | Yüklənmə tarixi: 22.04.2022 14:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031