manera.az
manera.az

Adamlar ömrün içir - Şeirlər

Adamlar ömrün içir - Şeirlər
Manera.az gənc şair Saqif Zeynalın şeirlərini təqdim edir:

Gözlə, gəlməyəcəyəm

Axıt gözünün yaşını,
Ağla, gülməyəcəyəm.
Mənim üçün boşuna,
Ölmə, ölməyəcəyəm.

Adamlar ömrün içir,
Gecələr səhər köçür...
Ürəyindən nə keçir,
Soruş, bilməyəcəyəm.

Dişinə sıx sözünü,
Ovcuna yığ üzünü,
Yollara tök gözünü,
Gözlə, gəlməyəcəyəm...

Yoxluğun itib gedir

Gəl, mən səni gözləyirəm,
Dayanıb durduğum yerdə.
Başımı dik tutub, amma
Boynumu burduğum yerdə.

Gəl, yoxluğun itib gedir,
Son nəğmətək bitib gedir,
Bir yol məni ötüb gedir,
Dizimi yorduğum yerdə.

Gəl, başıma gəlsin qəza,
Yolların həsrətdi naza,
Mələklər durur namaza,
Duanı qıldığım yerdə.

Bax, göy üzü bulud-bulud,
Yol ayrıcı umud-umud,
Gəl adımı unut...unut...
Adını sorduğum yerdə.

Kor baxış

Səndən mənə bir kor baxış,
Düşməzmi, yar, düşməzmi, yar?
Bu intizar bağrım başın,
Deşməzmi, yar, deşməzmi yar?

Gecələr bir dan içində,
Adamlar bir can içində,
Ürəyim al-qan içində,
Bişməzmi, yar, bişməzmi, yar?

Ruhu şikəst, cismi yalan,
Ömrü viran, qəlbi talan,
Sənin kimi dərdi olan,
İçməzmi, yar, içməzmi, yar?

Bu əzaba dözərmi can?!
Damarımda sümükdü qan.
Saqif Zeynal bu dünyadan,
Köçməzi, yar, köçməzmi, yar?...

Sağ yerinə

Keçirirəm ruhumu,
Cismimin “bağ” yerinə.
Çəkilirəm hər gecə,
Hicaranın dağ yerinə.

Beynim sökülüb gedir,
Dərdim tökülüb gedir.
Gecə çəkilib gedir,
Səhərin ağ yerinə.

Bu nə qəribə işdi,
Haçan qızarıb bişdi,
İlahi, bu qız düşüb-
Eşqimin “dağ” yerinə?!

Yalqızılıq mənim odam,
Burda hamıya yadam,
Hər gün ölüb bu adam,
Yaşayır sağ yerinə...

Sevinəsən öləndə

Dostunu qar biləsən,
Özünü dağ biləndə.
Nola, içdən güləsən,
Üz götürüb güləndə.

Çiynində ölüm yükü,
Yolun uzana təki...
Əcəl ağrı deyil ki,
Ağrıyasan gələndə.

Başında vaxtın dəni,
Həyat güldürə səni.
Bir qız öldürə səni,
Sevinəsən öləndə...

Apar məni

Həyatın «gor bucağ»ında,
Qürbətin «kor bucağ»ında,
Yalqızlığın qucağında,
Bir kimsə yoxlamaz məni...

Kimdi sahib çıxan dərdə?!
Dərd sürünür bu yerlərdə.
Vurulduğum gözəllər də,
İçimdən oxlamaz məni.

Bu söz qəlbə yatar gedər,
Allaha da çatar gedər.
Gecələr də atar gedər,
Səhərə saxlamaz məni...

Sağlığına

Düymə gözlüm, de gəlsinlər,
Ağlamasınlar, gülsünlər...
Bütün şübhələr ölsünlər,
Sevgimizin sağlığına.

Bax, göy üzü ələr qarın,
Yorğun-yorğun... narın-narın...
Tanrı vurar buludların,
Sevgimizin sağlığına.

Göydə sevgi mələkləri,
Yerdə hicran küləkləri...
Biz də vuraq qədəhləri,
Sevgimizin sağlığına.

Ya ayrılaq, gülüb gedək,
Ya bu dərdi bölüb gedək,
Ya biryolluq ölüb gedək –
Sevgimizin sağlığına...

Tapar məni

Burda hicran yalqız gəzər,
Hey qovalar, qapar məni.
Dərdimdən hallanan aşiq,
Qəzəbindən çapar məni.

Cismim soyunar ruhumu,
Soyunar, danar ruhumu,
Yoxluğun alar qoxumu,
Harda olsam tapar məni.

Qırışar alın yazım da,
Alnımın qırışlarında.
Sənsizlik yüz yaşında,
Bir qocaya yapar məni.

Qayıt, bu qədər ayrılıq,
Ola bilməz ki, bir canlıq!
Gəl tut əlimi, biryolluq,
Buralardan apar məni...

Gülər ölümün üstə

Bir baş enər hər gecə,
Enər qolumun üstə.
Bir ayaq səhər-axşam
Çıxar yolumun üstə.

Çıxar, durub dayanmaz,
Yollarıma satar naz,
Tül bürünüb bəmbəyaz,
Gedər ölümün üstə.

Hicrandan vüsal dərər,
Dərər, yoluma sərər,
Məni sevib öldürər,
Gülər ölümün üstə.

Sənin qələm qaşlarında

Ürəyim zaman kürəsi,
Bişib-düşdü məhəbbətim.
Soyudu, hər gün soyudu,
Ötüb-keçdi məhəbbətim.

Eh... Sevgidə fikir var a,
Mismarlanar ulduzlara.
Ruhumu da çəkib dara,
Dəlib-deşdi məhəbbətim.

Başı hicran daşlarında,
Yoğrulub göz yaşlarında,
Sənin qələm qaşlarında,
Düyün düşdü məhəbbətim...

Gülərmola

Ax, bu fani məmləkətdə,
Üzüm bir dəm gülərmola?!
O hər şeyi görən, bilən
Əhvalımı bilərmola?!

Gün tək batıb gedənlərim,
Yola yatıb gedənlərim,
Məni atıb gedənlərim,
Qayıdıban gələrmola?!

İnlər könlümün telləri,
Axar gözümün selləri,
Üzü dönmüşün əlləri,
Göz yaşımı silərmola?!...

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031