Yaddaşıma ayna tutdum ömrümü - Şeirlər

MANERA.AZ Vasif Süleymanın təqdimatında gənc şair Ülkər Nicatlının şeirlərini təqdim edir:
Məktub gələcək
Qaragöz misralar yağır gözündən,
Dərdin yaşıl-yaşıl otları üstə.
Ümidin özünü yandırır hər gün,
Könlümün ayrılıq odları üstə.
O kimin adıdır can verir hələ,
Dilində titrəyən sözlər içində.
Köksündən ovcuna düşən ürəyin,
Yenə də o adi gözlər içində.
Əlini əlinə çırpır uzaqlar,
Yaxınlar üşüyür yaxın yerindən.
Bir damla göz yaşı açıb gözünü,
Ürəkdə quruyan arxın yerindən.
Bu doğma həsrətin öp əllərini,
Qoxla ayrılığı, ciyərinə çək.
Bir gün ürəyinin poçt qutusuna,
Xatirə-xatirə məktub gələcək.
Yaxşı deyil unutmaq
Haray çəkdim, harayımdan yıxıldım,
Bağışla ki, baş apardım, ay Vətən!
O uçulmuş qalaları hörməyə,
Misra-misra daş apardım, ay Vətən!
Yaddaşıma ayna tutdum ömrümü,
İndi sənin çiliklənmiş güzgünəm.
Sözüm yoxdur bu yamaqlı bəxtinə,
Ta üz vurma, qurban olum, üzgünəm.
Pəncərə tək hər gün açdım gözümü,
Qəm qoxulu ayrılığın üzünə.
Bir misraya pıçıldadım qəhərlə,
Hər gün məndən salam yetir özünə.
İndi daha unudulmaq duman tək,
Yaylığını sərib bəxtin yoluna.
Ümid elə qocalıbdır, İlahi,
Kimsə yoxdur girsin onun qoluna.
Bu rənglərin içindəki o rəngi,
Görən gözə, görən gözdən salam de.
Ürəyimi çox da belə danlama,
Üzündən öp, hərdən ona, balam,de.
Bütün yollar sona yetir, bilirsən,
Mən də yolam gəlib sona yetişdim.
Unutmusan, yaxşı deyil unutmaq,
Sən ki, mənə bir vaxt sona demişdin.
Yağış
Bir qərib nəğmənin misraları tək,
Mənim ürəyimə yağır bu yağış.
Göydə doluxsunmuş tənha mələyin,
Qəmli gözlərindən axır bu yağış.
Sən çıxıb getdiyin yolların ustə,
Nə vaxtdır dözümüm, səbrim islanıb.
Bu bəyaz yağışın damlalarında,
Bir vüsal həsrətli ruh misralanıb.
Bu yağan yağışın payız qoxusu,
Həsrətlə çırpınır könlümə hopur.
Kövrək ürəyimə təsəlli kimi,
Yağış damcıları üzümü öpür.
Anama məktub
Yuxuma gəlmisən bu qış gecəsi,
Qayğılı qəlbinə qurbanam, ana.
Dünyanın ən böyük müqəddəsliyi,
"İncil"im, "Törat"ım, "Quranım"ım, ana.
Yuxuma gəlmisən bu qış gecəsi,
Yastığım bələnib sənin ətrinə.
Yenə də səpilir layla qoxusu,
Ömür kitabımın hər bir sətrinə.
Yuxuma gəlmisən bu qış gecəsi,
Ömrü çiçəkləyib yuxularımın.
Sənin gəlişinlə həyat qapısı,
Bağlanıb üzünə qorxularımın.
Yuxuma gəlmisən bu qış gecəsi,
Köz düşüb üstünə xatirələrin.
Yuxunu yorğan tək çəkir üstümə,
Sənin nəvazişli kövrək əllərin.
Xəzərin payızı
Mənim könlümdəki duyğular kimi,
Bu payız günündə çırpınır Xəzər.
Ruhumdan ələnən söz qoxusunu,
Allah, bu dənizin sularına sər.
Sahilə can atan coşqun dalğalar,
Vüsala tələsən könlüm kimidir.
Tufanlar içində boğulan qayıq,
Uzaqdan əl edən ölüm kimidir.
Sənli xatirələr üşüyür burda,
Yenə ürəyimi həsrət dağlayır.
Dənizin üzünə qəriblik hopub,
Dalğalar hönkürür, sahil ağlayır.
Payız saçlarını sərib dənizə,
Ayrılıq havası qoxuyur sular.
Yuva tək boşalan sahillər üçün,
Tənhalıq nəğməsi oxuyur sular.
Xocalı
Beli qırılıb, yolların,
Ah çəkib, ağlar suların.
Ocaq - ocaq arzuların,
Qəfil kül oldu, Xocalı!
Yaman çiliklənib yuxum,
Çiçək-çiçək solub duyğum.
Dərd içində boğulduğum,
Neçə il oldu, Xocalı?
Qoy sənə səndən danışım,
İtkin düşməsin yaddaşım.
Axıb tökülən göz yaşım,
Daha göl oldu, Xocalı!
Gözü dolub sözlərində,
Məna yüklü söz dərində.
Bir əsgərin gözlərində,
Ümid kül oldu, Xocalı!