manera.az
manera.az

Mən səninlə var olmuşam - ŞEİRLƏR

Mən səninlə var olmuşam - ŞEİRLƏR
Manera.az Gilə Əliqızının şeirlərini təqdim edir:

Ömür yolumuzu daş edən fələk

Parlayar səmada günəşin nuru,
Qara buludları silər darıxma.
Həsrətə,hicrana batan könlümüz,
Bir gün sevincində bölər, darıxma.

Ömür yolumuzu daş edən fələk,
Güllü yazımızı qış edən fələk.
Üzüb gözümüzü yaş edən fələk
Gün olar bizə də gülər, darıxma.

Sevən könülləri didən məhəbbət,
İllərin ayrısı edən məhəbbət.
Küsüb bəxtimizdən gedən məhəbbət
Nə vaxtsa qayıdıb gələr, darıxma.

Xəstəyəm, can çəkir yaralı ruhum

Xəstəyəm, sanırlar çarə həkimdir,
Yaralı könlümə loğman neyləsin.
Yarın bir sözüdür çarə dərdimə,
Buna ovuc-ovuc dərman neyləsin.

Xəstəyəm,illərdir dözüm eylədim,
Şeiri son vida, sözüm eylədim.
Nə etdim özümə,özüm eylədim,
Buna yad neyləsin,düşman neyləsin.

Xəstəyəm, can çəkir yaralı ruhum,
Yerindən,yurdundan aralı ruhum.
Şəfası tapılmaz, çaralı ruhum,
Buna bəxt neyləsin,fərman neyləsin.

Xəstəyəm,yoxuşum düzə görünmür,
Xoş günlər bəs niyə bizə görünmür.
Laçının dağları gözə görünmür
Buna çən neyləsin,duman neyləsin.

Xəstəyəm,şöləsi sönən çırağam,
İstisi azalıb,sönən ocağam.
Bütün ümidləri sönən sorağam
Canımda qırılan güman neyləsin...

Mənsizlik acısı

Məndən gözəlini görərsən bir gün,
Sevgimi biriylə bölərsən bəlkə.
Çıxarıb qəlbindən ömürlük məni
Bir gün başqasını sevərsən, bəlkə.

Bir gün alışarsan bu ayrılığa,
Pərvanə olarsan özgə çırağa.
Yanarsan bir özgə oda, ocağa
Məni ürəyindən silərsən, bəlkə.

Mənsizlik acısı yox olar, bir gün,
Qəlbinin yarası sağalar bir gün.
Sənə vurulanlar çoxalar bir gün,
Qatarlar başını dözərsən, bəlkə...

Özündən inci

Gəl məndən incimə,ay məni sevən,
Məni görmədiyin gözündən inci.
Bir vaxt sevdamıza yanan ocaqdım
Gedib söndürdüyün közündən inci.

Özün ayrı saldın məni özündən,
Yox oldun gözümün gördüyü yerdən.
Gedib yurd saldığın ayrı şəhərdən
İzimdən ayrılan izindən inci.

Oldun göylər qədər uzaq ömrümə,
Sən saldın kölgəni mənim sevgimə.
Sənin yoxluğundan talan könlümə
Bir də yara vuran sözündən inci.

Çatdırdın səbrimin bitdiyi yerə,
Yoruldum,tükəndim etdiklərinə.
Kəsmə ayrılığın hesabın mənə
Bizi bizdən edən özündən inci..

Ahı yerdə qalarmı

Ahı yerdə qalarmı,
Könlü qırılan kəsin.
Duymazmı səsin Xuda
Susub yorulan kəsin.

Sərvəti hüzur olar,
Dayağı Xızır olar.
Cənnəti hazır olar
Haqqa sarılan kəsin.


Qədərə küsülərmi,
Əlacı kəsilərmi.
Ümidi üzülərmi
Rəbbə qul olan kəsin.

Sənlə dünyaya gəlmişəm

Mən səni görəndən sonra,
Özgələrə kor olmuşam.
Bütün sözlərə,səslərə
Lal olmuşam,kar olmuşam.

Səni səndən çox sevmişəm,
Sənlə dünyaya gəlmişəm.
Səndən öncə yox imişəm
Mən səninlə var olmuşam.

Ömrüm calansın ömrünə,
Əvvəl,axırsan sən mənə.
Ya torpağa,ya da sənə
Əbədilik yar olmuşam...

MANERA.AZ


Baxış sayı - 2 578 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031