Ramiz Qusarçaylının “Vətən” poemasının təqdimatı keçirilib (FOTOLAR)

Fevralın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda şair Ramiz Qusarçaylının yenicə dərc olunmuş “Vətən” poemasının təqdimatı keçirilib.
MANERA.AZ xəbər verir ki, görüşü giriş sözü ilə İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açıq elan edib, şairin həyat və yaradıcılığı barədə məlumat verib.
AMEA-nın Vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, əməkdar elm xadimi, akademik, millət vəkili İsa Həbibəyli əsər haqqunda geniş məruzə ilə çıxış edib, poemada Azərbaycanın çoxminillik tarixinin ən parlaq, cazibədar məqamlarının yüksək bədii ustalıq və can yanğısı ilə təsvir və şərh edilməsindən bəhs edib, müəllifin tariximizin acı dərsləri və çıxarmalı olduğumuz nəticələri göstərməklə Azərbaycan tarixinin elmə məlum olan bütün önəmli məqamlarını tərənnüm edərək bədii sözün qüdrətilə möhtəşəm bir poema yazıb ərsəyə gətirdiyini qeyd edib, ulu türk dünyasının minillik maddi və mənəvi örnəkləri zəminində qələmə alınan bu əsərin özünün tarixi-xronoloji aktuallığı və son dərəcə inandırıcı və səriştəli təhlilləri baxımından gələcək nəsillərin milli sərvətinə çevriləcəyinə inandığını bildirib.
Tədbirin aparıcısı, tarix elmləri doktoru, professor Eynulla Mədətli “Vətən” poemasında şairin tarixin özündən çox, onun fəlsəfəsinə nüfuz etməsindən, tarixi olayların məntiqi zəncirlə bir-birini şərtləndirdiyini ortaya qoymasından, onlar arasında səbəb və nəticə əlaqələrini vurğulamaqla günümüz üçün çox vacib tarix dərslərini oxucuya təqdim etməsindən danışıb.
AMEA-nın müxbir üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadə “Vətən” poemasının məziyyətlərindən, əsərin ideya və bədii xüsusiyyətlərindən geniş bəhs edib, əsər haqqında çoxlu məqalə və elmi işlərin yazılacağını bildirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov müəllifi təbrik edib, ədəbiyyatımızın, tariximizin açılmamış qatlarına, örtülü saxlanmış mətləblərinə nüfuz edən bu əsərin Vətənimizin hər yerində, həmçinin ayrı-ayrı ölkələrdə sakin olan bütün azərbaycanlıların haqlı hüsn-rəğbətini qazanacağını vurğulayıb.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli öz çıxışında bildirib ki, Ramiz Qusarçaylının qələmə alındığı “Vətən” poeması həm ədəbi, həm də siyasi bir hadisədir, xalqımızın azadlıq uğrunda apardığı mübarizəyə məhəbbət oyadır, düşmənlərə qarşı amansız olmağa çağırır, Vətənimizi, torpaqlarımızı daha da dərindən sevdirir.
Dramatizm və qəhrəmanlıqla dolu bu poemada hər şey var: ağrı və həsrət, xəyanət və bağışlamaq; sənətkarlıq, bədii dil möhtəşəmdir, bu gələcək nəsillərə Vətənlə bağlı heç bir olayın unudulmayacağına işarə edən öyüd-nəsihətdir.
Tarixi yenidən canlandırır, ona yeni nizam və harmoniya verir -tarixi ədəbiyyatdan, bədii idrakdan öyrədir. Bütün bunları yalnız Ramiz Qusarçaylı kimi böyük bir şair belə aydın və üsyankar təsvir edə bilər.
Tarix elmləri doktoru, professor Şahin Fazil öz çıxışında “Vətən” poemasına həsr etdiyi şeirini oxuyub, əsərin Azərbaycan adlı Vətənin ilk mənzum poeması olduğunu, bu mövzuda birincilik qazanmağın və birinci yerdə durmağın Ramiz Qusarçaylıya qismət olmasını qeyd edib.
Fəlsəfə elmləri doktoru professor Ziba Ağayeva, fəlsəfə elmləri doktoru professor Füzuli Qurbanov, institutun əməkdaşı Asya Əhmədova, iqtisad elmləri doktoru, sosioloq, şair Əhməd Qəşəmoğlu və başqaları çıxış edərək şairi təbrik edərək ona yeni ədəbi uğurlar diləyiblər.
Ramiz Qusarçaylı bu müqəddəs elm ocağında yüksək səviyyədə təşkil edilmiş görüşə görə təşkilatçılara öz təşəkkürünü bildirib, yeni yaradıcılıq planlarında danışıb və yeni şeirlərini oxuyub.
Sonda şair Ramiz Qusarçaylı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru tərəfindən Fəxri Fərmanla təltif olunub.



