Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb
![]()
Tanınmış şair-publisist Faiq Balabəylinin “Bakı buxtası-20 yanvar” adlanan yeni kitabı “Elm və Təhsil” nəşriyyatında nəşr olunub.
MANERA.AZ xəbər verir ki, kitabda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən, Bakı şəhərində dinc sakinlərin qətlə yetirməsinə etiraz olaraq Bakı buxtasına toplaşıb ölkəmizə edilən hərbi təcavüzün dünya ictimaiyyətinə dəqiq çatdırılmasında mühüm və əsas rol oynayan Azərbaycan dənizçilərinin misilsiz qəhrəmanlığından bəhs olunur.
Həmçinin yeni nəşrdə hadisələrin iştirakçılarının xatirələri, ziyalıların qəhrəman dənizçilərin şücaəti haqqında fikirləri və dənizçilərimiz tərəfindən zamanında qəbul olunan qərarlar əksini tapıb.
Xatırladaq ki, bu kitab Faiq Balabəylinin eyni mövzuya ikinci müraciətidir. Bundan əvvəl 2003-cü ildə “Qanun” nəşriyyatı tərəfindən “Kəsilməyən həyəcan fiti” kitabı dərc olunmuşdu.
Kitabın redaktoru Elnur Nəhməd, tərtib edəni Tural Balabəylidir.