manera.az
manera.az

Gəldim dərdlərini yazam dünyanın - Şeirlər

Gəldim dərdlərini yazam dünyanın - Şeirlər

Aydın Murovdağlının şeirləri...


Güzgülər hirsindən çatlayıb ölür

Dərdlər böyüdükcə iş ilxı olur,
Bilmirəm dərd haqlı, iş haqlı olur.
Dünya daha nurlu, işıqlı olur,
Sən məndə, mən səndə güzgülənəndə!

Göy yerdə, yer göydə özünü görür,
Adəmin, Həvvanın yüzünü görür...
Hissimiz Allahın üzünü görür,
Sən məndə, mən səndə güzgülənəndə!

Dözüm də dizini qatlayıb ölür,
Həsrət arzusuna çatmayıb ölür,
Güzgülər hirsindən çatlayıb ölür,
Sən məndə, mən səndə güzgülənəndə!

Gəzəkmi de yaylaq yaddaşımızda,
Bəlkə xına əkir yad daşımızda...
Dünya güzgülənir göz yaşımızda,
Sən məndə, mən səndə güzgülənəndə!

Üzür dənizlərə çayda şəklimiz,
Ürək döyüntümüz sayda şəklimiz,
Gecələr görünür Ayda şəklimiz,
Sən məndə, mən səndə güzgülənəndə!

Hər gün düzəldirəm ahımdan əsa

Məni bu dünyaya yolladı Tanrı.
özü imzaladı, qolladı Tanrı,
Qanımda tonqallar qaladı Tanrı,
Gəldim dərdlərini yazam dünyanın.

Mən məhbəs səbrimdə dustaq olmuşam,
Dilində üsyanı quraq olmuşam,
Bir də ayıldım ki, torpaq olmuşam,
Ayağı altında tozam dünyanın.

Demirəm,qoynunda zər axtarmışam,
Qaynar qazanında qır axtarmışam.
Gözündə bir qarış yer axtarmışam,
Şəklimi gözündən asam dünyanın.

Ağlı ac, ümidi tox dolanmışam,
Varlığa aldanıb yox dolanmışam,
Bəsdi, nağılında çox dolanmışam,
Vaxt yox yuxusunu yozam dünyanın.

Mənsizlər nəyini itirdilər ki,
Yolları alnımda bitirdilər ki...
Mələklər çiynində gətirdilər ki,
Hər gün ahlarında azam dünyanın.

Gəlmişəm əkinə...Biçinə deyil,
Şeytanı nə deyir, bici nə deyir?!
Heç bircə zərrə də vecinə deyil,
Tale fəlakətim, qəzam dünyanın.

Gəlmişəm toyundan adlayam yasa,
Qəmini içirəm gündə bir kasa...
Hər gün düzəldirəm ahımdan əsa,
Qoltuğu altdadır əsam dünyanın!!!

Aramızdan axan su..

Gözümüzün seliylə özünü çay eylədi,
Səsimizi apardı sükuta tay eylədi,
Məni bu tay eylədi, səni o tay eylədi,
Aramızdan axan su!

Yolu sinə dağından susuz buludlaraydı,
Məndən qopan ah idi, səndən qopan haraydı,
Qanımızdan qırmızı, dərdimizdən qaraydı,
Aramızdan axan su!

Sinəmizin altından səbrimizi apardı,
Daşlara çırpa-çırpa qəlbimizi apardı,
Hər gün üz-üzə öldük, qəbrimizi apardı,
Aramızdan axan su!

Yanğımızı bu taydan o taya yetirmədi,
Bizdən apardığını qaytarıb gətirmədi.
Gözümüzün şumuna yol əkdik,bitirmədi,
Aramızdan axan su!

Kül olmuş eşqimizə yağır yağışa dönüb,
Göz yaşımız ulayır daha bayquşa dönüb,
Bir də gördük, qocalıb,qarıyıb,daşa dönüb,
Aramızdan axan su!!!

Göz yaşı sahilində

Ürək şah sarayıdı, dərddi şahı ömrümün,
Dərdin fərmanındadı hər günahı ömrümün,
Əməlli açılmayıb çox sabahı ömrümün,
Yeni sabahlar doğan axşam şəkli çəkirəm.

Rəng gəzirəm, bəxtimin rəngini ağartmağa,
Başladım qazan göyə ahımdan yağ atmağa,
Bu qaranlıq dünyanı işığa çıxartmağa,
Eşqin qara gözündə bir şam şəkli çəkirəm!

Qundaq sinəmə büküb, ağrıları yatırıb,
Özümü tənhalığın çadırına çatırıb,
Fırça kirpiklərimi göz yaşıma batırıb,
Nəsimi fəryadında edam şəkli çəkirəm!

Göyə uzanan əllər dən tutan sünbül olub,
Elə ağırlaşmışam, dağ məndən yüngül olub...
İnsanlığa sancılan oxlar qızılgül olub,
Haqqın ovcu içində adam şəkli çəkirəm!

Gah dəymişindən endim, gah kalından dünyanın,
Dövran barıt düzəldir əhvalından dünyanın,
Hamı doyub qurtarıb halalından dünyanın,
Çəkdiyim halal olmur, haram şəkli çəkirəm!

İndiki Koroğluya əsl Qırat gərəkdir,
Min yarağın olsa da sənə inad gərəkdir...
Saray şəkli çəkməyə bir ömür vaxt gərəkdir,
Göz yaşı sahilində bir dam şəkli çəkirəm!

Sevginin alnından səfərə çıxdıq

Yüyürdük, mən oda, sən suya kimi,
Yüyürdük pozulmaz yazıya kimi,
Qarası ağında bir boya kimi,
Eşqin rəsm etdiyi naxışa düşdük.

Mənim dərdim tikan, sənin dərdin gül,
Güldən gül dərmədim, dərddən dərdim gül,
Məni atıb getdi səninlə könül,
Neçə gözə düşdük, baxışa düşdük.

Tanrıdan gələn səs harda ləngiyir?!
Susuz atəşlərim yatır, səngiyir...
Qarğış qarasıyıq, alqış rəngiyik,
Görən hansı gündə qarğışa düşdük?!

Hələ hənrimiz var kül dağı altda,
Kölgəyik sevginin çırağı altda,
Qaldıq tüstümüzün ayağı altda,
Hissin tumarında yanlışa düşdük.

Damla göz yaşından dərya yaratdıq,
Damlada dəryaya sahilik artıq...
Mənim gözlərimdə buluda çatdıq,
Sənin gözlərində yağışa düşdük.

Mən səndən,sən məndən ölümə baxdıq,
Fələyin zülmünü yandırdıq, yaxdıq...
Sevginin alnından səfərə çıxdıq,
Gəldik alnımızda qırışa düşdük.

Bilmədim

İlk məhəbbət qışdı, donub yadımda,
Səsin yatır sınığımda, çatımda,
İzin qaldı yarpaqlarin altında,
Yarpaqları varaqlaya bilmədim!

Səni mənə göstərmədi bu şəhər,
Başdaşımdı boylandığın güzgülər,
Şöhrət səni qılıqladı bir təhər,
Mən həsrəti qılıqlaya bilmədim!

Ümid daha daş qalamdı sökülən,
Bir şəklindi göz yaşıma bükülən,
İşığına qızılsuyu çəkilən,
Pəncərəndə budaqlaya bilmədim!

Səndən mənə uzun yoldu ayrılıq,
Gözlərimə gəlib doldu ayrılıq…
Bu dünyadan böyük oldu ayrılıq,
Gəlişinə yer saxlaya bilmədim!

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031