manera.az
manera.az

Mən vüsal yazıram qəm gətirirlər - Şeirlər

Mən vüsal yazıram qəm gətirirlər - Şeirlər
Manera.az Fərqanə Yusifqızının "Yuxuma yağış yağır" kitabından şeirləri təqdim edir:

Payız

Xoş gəlmisən payızım,
Sevimli fəslim mənim.
Ruhum ilə bərabər
Bax,sevinir bədənim.

Xoş gəlmisən payızım,
Bu xəzan ürəyimə.
Bilmirəm neçə dəfə
Gələcəksən ömrümə.

Neçə dəfə islanar,
Yağışında tellərim,
Neçə dəfə toxunar
Xəzanına əllərim?

Xoş gəlmisən payızım,
Sarışın fəslim mənim.
Tanrı yağışla yerə
Qoy göndərsin kərəmin.

Bir leysan yağış yağsın
Döyəcləsin üzümü.
Gizləsin bu minvalla
Yağmur dolu gözümü.

Əssin payız yelləri,
Dərdlərimi qoparsın,
Fırtınaya dönərək
Uzaqlara aparsın..

Xoş gəlmisən payızım
Xoş gəlmisən evimə.
Neçə dəfə gələssən
Bundan sonra ömrümə?..

Məni başqa sev

Məni hamı kimi deyil‚
başqa sev.
Burax gəl sevdiyin son qadını da.
Al gözlərindən ən son baxışını
Al gətir‚
alovunu‚odunu da.
Məni başqa sev‚
məni bambaşqa sev.
Havada uçsun hər dediyin kəlmə..
Hər şey gözəl olsun
bir xahiş‚amma‚
Özünü sevdirmə‚
bununçün gəlmə..

Səndən uzaqlarda

Səndən uzaqlarda keçmir bu həyat,
Ürək həsrət‚sevgi həsrət‚mən həsrət.
Səndən uzaqlarda qəlbim quraqlıq,
Bulud həsrət‚yağış həsrət‚çən həsrət.

Səndən uzaqlarda hər mövsüm qışdı,
Sənsizlık hər gecə mənlə boğuşdu,
Ruhum torpaq üstə qanadsız quşdu,
Hava həsrət‚yuva həsrət‚dən həsrət.

Səndən uzaqlarda yoxdu xətirlər,
Qələmin ucuna gəlmir sətirlər,
Mən vüsal yazıram qəm gətirirlər,
Şeir həsrət‚misra həsrət‚bənd həsrət.

Qadın

Saçının hər teli sığala həsrət‚
Saçını həsrətlə darayan qadın.
Alıb ümidini gedən adamı‚
Gələn qaraltıda arayan qadın.

Verirsən yuxunu nəzir gecələr,
Ruhun otaq-otaq gəzir gecələr‚
Yatağın boş yeri küsür gecələr‚
Yatmadan sabaha oyanan qadın.

Qalxandı hissinə yenə ismətin
Dözürsən olsa da çətindən çətin
Güzgüyə baxmaq da vallah,möhnətin
Özüyçün hər gecə soyunan qadın.

Gülümsə‚məcbursan hər gün gülməyə‚
Qayğısız‚bəxtəvər‚şad görünməyə.
Onsuz da hazırsan hər gün ölməyə
Əcəl qapısında dayanan qadın.

Gecənin rəngi

Bu gecənin rəngi
daha qaradı məncə.
Küçələrdə ara-sıra
sahibsiz itlər hürür‚
bir də yemək axtarır
balasına pişiklər..
Açdım pəncərəmi qaranlığa
agaclar adam kimi
boylanırlar içəri
təngə gəldim‚
elə bil ki, gecə-gündüz
dayanıblar keşikdə..
Bu gecənin ayı yoxdur
dağılıblar ulduzlar.
Sanki bu gün göy üzündə
yollarını azıblar..
Bircə qədəh şərab süzüm
bir musiqi dinləyim..
necə idi o mahnı?
həə
"gecələr pənah yerim"
oxuyan da deyəsən
o qız idi...Azərin...
Kimlər yatıb bu gecə
kimlər oyaqdı görən..
bu gecə tənhaların
gecəsidi deyəsən...

Gəl biz olaq

Bir gün bezsən əllərimdən‚
Get...
Yaşatdıqlarımı al‚
Yaşatdıqlarını bağışla..
hə..bir də axı yaddaşı var əllərimin
onlar məndə qalacaq.
Sənsə get
sənə həsr olunur
dünyanın ən gözəl sözləri
və bir də alqışlar..
Mənsiz yüz il‚min il yaşa.
Sev dünyanın bütün gözəl qızlarını
Heç Don Juan da girəmməsin
sənin ilə yarışa.
Və bir gün təsadüfən
açarsan ortaq poçt qutumuzu
xatırlarsan əllərimi..
sənə fəda etdiyim
ən gözəl illərimi...
Əgər bir gün əcəl gəlsə
dayansa başım üstə
bir günlük möhlət alaram Tanrıdan.
Sən də lütfən
bircə günlük dön mənə.
Mən yenə də Sən olum
Sən də Mən ol yenidən.
Yenə sənlə Biz olaq
O ilahi hisslərin
Gəl başına dolanaq..
olsun adım dilində
ən müqəddəs ad kimi..
sadəcə istəmirəm köçüb gedim dünyadan
özgə kimi...
yad kimi...

Mən vüsal yazıram qəm gətirirlər - ŞeirlərБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930