manera.az
manera.az

"Poçtalyona məktub" - Gənc şairin ilk şeir kitabı

📅 22.11.2017 10:35

"Poçtalyona məktub" - Gənc şairin ilk şeir kitabı
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, istedadlı şair, publisist, araşdırmaçı Şəfa Vəlinin yeni kitabı gün üzü görüb.

“Poçtalyona məktub” adlı kitabda Şəfa Vəlinin 2013-2016-cı illərdə yazdığı şeirlər yer alıb. 192 səhifədən ibarət kitabın redaktoru DGTYB-nin Məsləhət Şurası (Gənəşi) başqanı, Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı, “Sevgi rəngli tale poeziyası” adlı “Ön söz”ün müəllifi professor-doktor, Əməkdar müəllim, Fəxri Mədəniyyət İşçisi, şair Elçin İskəndərzadədir.

“Vektor” Nəşrlər Evində çıxan “Poçtalyona məktub”, Şəfa Vəlinin ikinci kitabıdır. Onun “Ümiddən olan qurbanlar” adlı hekayə və esselərdən ibarət ilk kitabı 2010-cu ildə oxuculara təqdim olunub.

Şəfa Vəli, həmçini, dövri mətbuatda elmi məqalələri, publisist yazıları və nəsr əsərləri ilə də maraq dairəsində olan gənc qələm sahiblərindəndir. O, 1988-ci ildə Göyçə mahalının Basarkeçər elinin Dərə kəndində doğulub. Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsində oxuyub (2005-2009). DGTYB-nin təşkil etdiyi “Bölgələrdə yaşayan gənc yazarların Bakı görüşü”nün (2013, 2014), DGTYB-nin “Ədəbiyyat, təsviri sənət, musiqi və gənclik” layihəsinin iştirakçısı, AYB-nin nəzdində fəaliyyət göstərən “Gənc ədiblər məktəbi-2”nin (2013-2015) dinləyicisi olub. 1-4 may 2014-cü ildə Əskişəhirdə keçirilən “Yunus Əmrə buluşması”nın nümayəndəsi olub.

“Gənc qələm sahibləri-2014” layihəsində “Ən adi şəkil...” hekayəsi ilə qaliblərdən biri olub.

Hazırda Gəncə şəhərində yaşayan Şəfa Vəli 2015-2016-cı illərdə Azərbaycan Respublikası Təqaüd Fondunun təqaüdçüsü olub. Respublika Gənclər Mükafatı laureatıdır.

Gənc yazarın “Poçtalyona məktub”unun Bakı, Sumqayıt və Gəncədə imza törəninin keçirilməsi nəzərdə tutulub.


Baxış sayı - 1 967 | Yüklənmə tarixi: 22.11.2017 10:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031