Xalq şairinin yubiley tədbiri keçirilib- FOTO | MANERA.AZ
Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilib.
MANERA.AZ xəbər veri ki, oktyabrın 29-da Heydər Əliyev Sarayında baş tutan tədbirin iştirakçıları əvvəlcə foyedə, Azərbaycanın Xalq Şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, keçmiş SSRİ-nin və müstəqil Azərbaycanın Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın dahi şair və şəxsiyyətləri sırasında Bəxtiyar Vahabzadənin adı, xüsusi çəkisi tamamən fərqli, bənzərsiz və olduqca əhəmiyyətlidir. Bəxtiyar Vahabzadə ilk növbədə qüdrətli şair idi. Onun qələmindən çıxan şeirlər, poemalar emosionallığı, fəlsəfi dərinliyi, bədii qüdrəti ilə Azərbaycan və dünya oxucusunun qəlbini həyəcana gətirir, dillərdə dolaşır.
Nazir vurğulayıb ki, yubiley münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Bəxtiyar Vahabzadə” biblioqrafiyası və elektron məlumat bazası yaradılıb. TÜRKSOY-un dəstəyi ilə “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabı çap olunub. Bu təntənəli ədəbi-bədii gecə də ölkəmizin başçısının müvafiq Sərəncamına uyğun olaraq keçirilir.
Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında və Şəkidə şairin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqındakı sərəncamlarında yubilyarın çoxcəhətli fəaliyyəti ilə bir sırada onun milli istiqlal uğrunda mübarizəsi və milli istiqlal düşüncəsi istiqamətində ədəbiyyatda göstərdiyi xidmətlər diqqət mərkəzinə çəkilib.
Akademik deyib ki, Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Gecədə qiraət ustaları şairin şeirlərindən və poemalarından parçalar söyləyiblər. Yubiley tədbirində şairin sözlərinə bəstələnmiş mahnılar tanınmış və gənc ifaçılar tərəfindən səsləndirilib.