Cavidan Mirzəzadə - "Dünyanın ən hüznlü yası" -MANERA
Cavidan Mirzəzadə
Cavidan Mirzəzadə
Bütün gününü sanki heçnə olmamış kimi yaşayarsan... Günün heç bir saatında ötən günlər düşməz yadına, ya da vaxt olmaz ötənləri yaddaşının ələyindən keçirməyə... Nəhayət, axşam düşdümü, yazı masanın arxasına keçdinmi, gecənin qoynundan boylanan Ayla birgə çox çox uzaqlardan boylanar acı xatirələr... Bəli, məhz acı. İstər yaxşı günlər olsun, istərsə də pis günlər, keçmişə qovuşdusa acı xatirəyə dönüşür...
Mənimsə danışacaq elə çox xatirələrim yox idi , mövzularımın tükəndiyi zamanda, qələmim yavaşca pıçıldadı qulağıma: “Ondan yazmağın vaxtıdır. O sənin ilk eşqin, ilk sevgindir...”
İlk sevgidən yazmağa başladımsa, yeni nəsə gözləməyə dəyməzdi - bütün ilk məhəbbətlər eynidir, talesizdir, bəxtsizdir. İlk eşq qovuşmaq üçün deyil ki!.. Bütün ilk sevgilər gələcəkdə nəvələrə danışmağa mövzu rolunu oynayır sanki. Ya da mənim kimi; mövzu bitdimi ilk eşqin qara taleyini köçürməyə başlayıram ağ vərəqlərə...
Zaman boğazımıza keçmiş bir kəndirdir, doğulduğumuz gündən daralmağa başlayır ki, sonda da bu bizim boğulmağımızla nəticələnəcək. İndi bu kəndirin bir ucundan tutub keçmişə doğru qalxmağa çalışıram, sənli keçmişə doğru, sənli günlərə doğru. O günlər ki, biz bir- birimizin gözlərinə baxarkən yaşadığımız hissləri “sevgi” adlandırmışdıq, o günlər ki biz dəqiqələrlə gələcəyə aid xəyallar qurardıq, heç yorulmadan, böyük həvəslə. Sən uşaq tək sevinclə gələcək planlarını sayardın, mən isə söhbətin arasında “gözəl gözlərin var” deyib sözünü kəsərdim. Sonra sən gülərdin, yenə davam edərdi gələcək arzularımız. Biz birgə oxuyacaqdıq, işləyəcəkdik ki, birdən fələk başımızın üstünü kəsdirib dedi: “Mən ölməmişəm hələ...”
Fələyin o “sözlərindən” 7 il keçir bu gün, sənin toyundan isə 5 il... Sənin toy günün mən bir həqiqəti anladım; Dünyanın ən hüznlü yası sevdiyin qızın toyu imiş...
Manera.az