manera.az
manera.az

Nahidə Orucova: “Heyf o günlərdən...”

Nahidə Orucova:  “Heyf o günlərdən...”
Müsahibimiz Əməkdar artist Nahidə Orucovadur.

- Nahidə xanım, peşəkar səhnə fəaliyyətinizin ilk illəri Sumqayıt Dövlət Dram Teatrı ilə bağlıdır. Həmin günlər yadınızdadır yəqin...

- Əlbəttə yadımdadır, çünki həmin günlər, illər mənə çox doğmadır. Səhnədə ilk addımlarımı atır, ilk rollarımı oynayır, ilk dəfə tamaşaçı sevgisini hiss etməyə başlayırdım. Mehriban, sənət yanğısı ilə yaşayan kollektivimiz var idi. Şad gündə də, ağır anlarda da hamı bir-birinə dayaq dururdu, insana teatrda tutduğu vəzifəsinə görə deyil, özünə görə hörmət göstərirdilər. Heyf o günlərdən...

- Tanınmağınıza görə özünüzü teatra borclu sayırsınız, yoxsa kinoya?

- Təbii ki, teatra. Məni Nahidə Orucova kimi yetişdirən, formalaşdıran səhnə olub. Amma bir də var populyarlıq. Teatrda populyarlıq qazanmaq bir qədər çətindir. Çünki televiziya ekranı, efirlə, kinonun miqyası ilə səhnənin miqyası bir deyil. Bu baxımdan yanaşanda kinoda və televiziyadakı kütləvilik mənə populyarlıq gətirdi. Əvvəl məni yalnız teatra gələn, məni səhnədə görən tamaşaçılar tanıyırdısa indi kinodan, seriallardan və televiziya kanallarındakı verilişlərdən də izləyirlər. Ona görə də özümü xoşbəxt insan, bəxti gətirən aktrisa hesab edə bilərəm.

- Amma son zamanlar teleseriallarda az-az görünürsüz, deyəsən dəvətlər azalıb...

- Yox, belə deməzdim, dəvətlər həmişə var. Sadəcə, hər dəvətə də razılıq vermək olmur. Burada söhbət təkcə maddi məsələdən getmir. Təbii ki, seriallara çəkilmək əlavə qazanc yeridir. Lakin bəzən vaxt məsələsi çəkilişlərə mane olur, Dövlət Musiqili Teatrının repertuarındakı tamaşalarda əsas obrazları oynayıram, məşqlər, tamaşalar seriallara tez-tez çəkilməyimə mane olur.

- Deyilənə görə, bəzi aktrisalar teatrda rol alarkən dublyorlarının olmasını istəmirlər. Sizi də belə aktrisaların sırasına daxil etmək olarmı?

- Qətiyyən yox. Mən əksinə, istəyirəm ki, dublyorum olsun. Xüsusi ilə bu gün teatrımıza gələn gənc aktrisalarla çalışım, təcrübəmi onlarla bölüşüm. İstedadlı gənclərə dəstək olmağa daim hazıram, bu xüsusiyyətimi mənimlə çiyin-çiyinə çalışan insanlar yaxşı bilir. Yalnız paxıl və qorxaq adamlar özlərini çəkib dağ başına qoyur, dublyordan və ya səhnədə ilk addımlarını atan gənclərdən çəkinir. Belə hesab edirəm ki, nə dublyordan, nə də səhnədəki tərəf-müqabilindən qorxmaq lazımdır. Taleyimə minnətdaram ki, böyük sənətkarlarla səhnədə tərəf-müqabil olmuşam, onlardan çox şey öyrənmişəm. Mehdi Məmmədov, Nəsir Sadıqzadə, Mikayıl Mirzə kimi pedaqoqlarımız bizə səhnədə tərəf-müqabillə necə çalışmağı öyrədiblər. Çünki onlar özləri də Ədil İsgəndərovla, Ələsgər Ələkbərovla çalışmışdılar.
Xoşbəxt aktrisayam ki, bu gün çalışdığım teatrın səhnəsində Hacıbaba Bağırov, Səyavuş Aslan, Yaşar Nuri ilə tərəf-müqabil olmuşam, Afaq
Bəşirqızı ilə bir səhnəni bölüşürəm.
Biz gənc olanda nəhəng sənətkarların açdığı cığırla, yolla irəli getmişik, amma bu gün bəzi gənclərin hansı yolla getmək istədiyini başa düşmək olmur.

- Müəllimlərinizdən söhbət düşmüşkən, siz dram-kino aktyorluğu fakültəsini bitirmisiz, lakin Musiqili Teatrda orkestrlə canlı oxuyur, komik obrazları məharətlə ifa edirsiz. Amplua məsələsinə baxışınız necədir?

- Amplua şərti şeydir, bu sənətdə çalışan insanda istedad olmalıdır. İstedad olandan sonra komediyanı da, faciəni də oynayar, tamaşaçını inandıra bilərsən.
Bizim teatrda Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası hazırlanıb və neçə ildir ki, repertuarda möhkəmlənib. Tamaşada Minnət xanım obrazını Afaq Bəşirqızı yaradır. Sonra iş elə gətirdi ki, mən də Minnət rolunda səhnəyə çıxası oldum. Bu rolu mənə tapşıranda hazırlaşmaq üçün demək olar ki, vaxt qalmamışdı. Amma mən az vaxt ərzində çalışdım və belə hesab edirəm ki, baxımlı bir iş ortaya çıxara bildim. Sevinirəm ki, dahi Üzeyir bəyin bu əsərində mənim də özümə məxsus bir izim var. Demək istədiyim odur ki, istedadı olan insan çətinlikləri aşa bilir, bir çərçivədə qalmır.

- Bu gün fəxri adların, mükafatların verilməsinə münasibət heç də birmənalı deyil. Əməkdar artist kimi bu məsələyə münasibətiniz necədir?

- Son illər həqiqətən də sənət adamlarına, incəsənət xadimlərinə dövlətin diqqəti artıb. Fəxri adlar, Prezident mükafatı, “Zirvə”, “Qızıl Dərviş” mükafatları verilir. Mən özüm də 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görüldüm, 35 illik fəaliyyətimi qiymətləndirənlərə minnətdaram. Çox istərdim ki, layiq olan sənət adamlarının xidməti qiymətləndirilsin, onlara bayaq adların çəkdiyim mükafatlar, fəxri adlar verilsin. Çünki sənət xadimi hətta kiçik həcmli rolu yaratmaq üçün də ürəyini qoyur, obrazı doğma balası kimi sevir, onun nazını çəkir. Bəziləri bunun əvəzində diqqət və qayğı görməyəndə mənəvi zərbə alır, hətta sənətdən də uzaqlaşır. Şəxsən mən özüm bu sənətlə, səhnə ilə nəfəs alıram. Cavanlıqda idmana böyük həvəsim var idi, ciddi məşğul olsaydım, uğur da qazana bilərdim. Lakin sonra iş elə gətirdi ki, aktrisalığı seçdim və buna görə heç peşman da deyiləm. Əksər insanlar kimi mən də əziyyətlər görmüşəm, gözlədiyim və gözləmədiyim itkilərim olub, amma səhnə, rollar, tamaşaçı alqışı hər dəfə məni ayaqda saxlayıb, mübarizliyimi, həyatsevərliyimi daha da artırıb. Bu səhnə olmasaydı özümü qanadsız quş kimi hiss edərdim. Nə yaxşı ki, səhnədəyəm. Burada keçən hər günümdən istifadə etmək, daha çox rollar oynamaq istəyirəm. Hamı ilə, hətta məni sevməyənlərlə də xoş davranmaya çalışıram. İstəyirəm ki, yalnız müsbət enerji alım və bunu tamaşaçılarıma ötürə bilim. Başqa məsələlər, dedi-qodular məni maraqlandırmır. Belə şeylərə vaxt itirməyə, yalnız kimlərəsə pislik etmək barədə düşünməyə dəyməz. Onsuz da həyat çox qısadır...

- Teatrlara gəlməyərək “Onsuz da bizdə teatr yoxdur”-deyənlərə sözünüz?

- Əlbəttə var, sözüm odur ki, teatrlara gəlsinlər və necə yanlış fikirdə olduqlarını gözləri ilə görsünlər. Bu gün Azərbaycanda teatr prosesini görmək üçün gərək onunla yaxından maraqlanasan. Bütün teatrların adından danışmaq səlahiyyətim yoxdur, lakin onu deyə bilərəm ki, çalışdığım Dövlət Musiqili Teatrında son illər müsbət işlər, maraqlı tamaşalar çoxdur. Daimi tamaşaçılarımız bunları çox obyektiv qiymətləndirirlər.

- “Qızıl Toy” tamaşasında əsas obrazı-Ballını oynayırsız. Tamaşaçılar sizi bu tamaşada Zuzu xanım rolunda da görüblər. Bu obrazlardan hansı sizin üçün daha maraqlıdır?

- 1996-cı ildə bu tamaşa hazırlananda mən Zuzunu oynadım. Çünki onda daha gənc idim. İndi isə artıq ana rolunu mənə etibar ediblər. Zuzu tam başqa roldur, çılğın, şən qızdır, ərə getmək yaşı var və xarici oğlanı sevir, istəyir ki, xaricə getsin. İndi oynadığım Ballı isə övladını sevən bir anadır, qızını gözdən uzağa qoymaq istəmir. Yəni ayrı-ayrı vaxtlarda iki fərqli obrazı oynamışam. Çox maraqlı, rəngarəng tamaşadır, ona görə də tamaşaçılar həmişə maraqla baxırlar.

- Son 2-3 ildə iki sənət yoldaşınızı- dostunuz Elçin Həmidovu və Xanım Qafarovanı itirdiz. Bu itkilər sizə necə təsir elədi?

- Çox pis təsir elədi. Onu da deyim ki, itkilər bununla bitmir axı, Hacıbaba Bağırov, Fuad, Gülşən xanım, Lütviyyə xanım, Elçin Həmidov. Sonra da Xanım Qafarova. Mən bu insanlarla təkcə iş yoldaşı, tərəf-müqabili yox, həqiqətən də dost olmuşam, bir-birimizin evinə gedib gəlmişik. Bəzən deyirlər xoşbəxt günləriniz çox olub, yoxsa ağrı-acılı günləriniz? Xoşbəxt günlərim çox az olub. İlk vaxtlar həddindən çox ağlayırdım, sonra gördüm ki, göz yaşı özü ilə yeni itkilər, dərdlər gətirir. Ona görə də indi daha ağlamıram. Bu o demək deyil ki, itirdiyim dostları unutmuşam, yox, onlar həmişəlik mənim qəlbimdədir. Onların hər biri həyatdan gedəndə ürəyimin bir parasını aparıb....


Söhbətləşdi: Turan Etibaroğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930