manera.az
manera.az

Nurullah Ataç _"Sevgi şeiri istəyirik"- (ESSE)

Nurullah Ataç _"Sevgi şeiri istəyirik"- (ESSE)

Şairimiz çoxdur, indi dərgilər şeirlə dolub daşır. Hətta «Kaynak»da bir neçə ay əvvələ qədər yalnız şeirlər dərc olunurdu. «Varlık» da bizə hər ay ən azı on beş-iyirmi şeir təqdim edir. Bilirəm, ağız büzənlər də olur: «Belə də şair olar? Gənclər nə dediklərini heç özləri də bilmirlər » -deyirlər. Hansı dövr öz şairlərinin dəyərini bilib, onları bəyənmişdir ki? Naci bəy: «Ərbabi-teşaür çoxalıb şair azaldı. Yox öylə deyil, şairin ancaq adı qaldı» (Ərbabi-teşaür – şair olmayıb özünü şair kimi göstərən) – deyə heyfslənir. Şübhəsiz ki, XVI əsin yazanları və oxuyanları o dövrün Baki kimi şairini görmür, ondan əvvəlki şairlərin axtarışındaydılar.
Çağdaş şairlərimizi tənqid etmək niyyətində deyiləm. Çox olmaları da xoşuma gəlir. Aralarında yaxşıları da var. Hətta əvvəlki şairlərdən geri qalmayanlar qədər yaxşıları. Digərlərinə gəldikdə... Onlar da sağ olsun. Sabah böyük şair kimi xatırlanacaq xoşbəxt insan bəlkə də elə onlardan biridir. Yox, tənqid etməyəcəyəm bu günümüzün şairlərini. Ancaq necə söyləyim, bilmirəm. Bir çatışmazlıq var sanki. Sevgi şeiri yazmırlar. Dastanlar yazırlar, yurdun qarış-qarış hər bucağından bəhs edirlər. Kimlərsə də dərdlərimizi təzələyir, yoxsulların çəkdiklərini qələmə alır. Şairin cəmiyyətdə bir vəzifəsi var - xalqı oyandırmaq, onlara həqiqəti göstərmək. Lap yaxşı, qarışmıram bu işə. Ürəkləri necə istəyirsə, elə də etsinlər. Vəznli, qafiyəli, ya da vəznsiz, qafiyəsiz şeirlərlə dünyanı düzəldəcəklərini zənn etsinlər. Özlərini bununla ovutsunlar, arada bir neçə şeir şəkli yaratmış olarlar. «Əbədi olan bu qübbədə bir xoş səda imiş...» hamısı yaxşı, gözəl. Amma bir az da eşqdən, sevdadan yazsınlar da, nə olar?
Bilirəm, bu gün sevgi şeiri yazmaq bir o qədər də asan deyil. Bu mövzuda yüz illərdir yazılır. Şərqlilər də, qərblilər də bu mövzudan gen-bol istifadə ediblər. Hansı bağçaya bir bülbül gəlsə onu dilə gətirmişdir. Çağdaş şairlər isə olduqca ciddi insanlardır. Bir az bu ciddiliyi kənara qoysunlar, bir az keçmişi yada salsınlar. Bizi sevgi şeirlərindən məhrum etməsinlər. Özləri üçün də yaxşı deyil. Heç olmazsa biz sevgini duyuruq, sevə bilirik. Özümü nəzərdə tutmuram, mən o yaşı çoxdan keçmişəm. Ancaq günümüzdə gənclər var ki, sevirlər, sevilirlər, duyğularını ifadə edəcək sevgi şeiri axtarırlar. Tapmadıqda boyunları bükülür. Köhnələrə üz tuturlar deyəcəkdim, nə yazıq ki onları da anlamırlar. Son on beş- iyirmi il ərzində ən çox satılan şeir kitabı hansıdır bilirsiniz? Sadəttin Nüzhət Ərgünün topladığı “Qaraca oğlan” qoşmaları. Onları oxuyanlar təkcə xalq ədəbiyyatına meyl edənlərdirmi? Əlbəttə ki, yox. Xalq ədəbiyyatına o qədər maraq göstərən adam tapılarmı? Məncə o şeirləri ən çox ürəkləri sevgi atəşiylə yanan, sevgini yenicə dadan gənclər oxuyurlar. Ürəklərini odlayan duyğulara cavabı məhz o şeirlərdə tapırlar.
Şairlərimiz bunları düşünməlidirlər. Aləmə səs salmaq, əsərlərinin oxunmasını istəyirlərsə, sevgi şeirlərindən tamamilə əl çəkməməlidirlər. Yeni bir sevgi şeiri yazmaq çətin imiş. Qoy çətin olsun, işin asanını axtarırlar onlar? Günümüzün sevgi şeirini tapmağa çalışsınlar. Köhnə şairlərimiz Dədə Əfəndinin bəstələri üstə oxunacaq şeirlər yazdıqları kimi, onlar da, Armstronqun caz musiqisi arasında oxunacaq şeirlər yazsınlar. Günlərin birində Viktor Hüqonun şeirlərini oxuyurdum. Çox böyük şairdi Hüqo. Özündən əvvəlkilərə bənzəməyən bir şeir yazmış və bu şeir sevdirmişdir onu. Şeirlərinin çoxu yaşadığı hadisələrdən qaynaqlanır. Cəmiyyətin maariflənməsi haqqında düşüncələrini də şeirlərində ifadə edib və yaymağa çalışıb. Yaman tənqidçiymiş. Napoleon haqqında yazdığı tənqidi yazılar əsrlər boyu oxunacaqdır. Hamısını oxuduqca bir daha heyran oldum. Amma düzünü deyim, oxuduqlarım məni sarsıtmadı. Bütün o gözəl misralara bir əksiklik çökmüşdür. Insana: « ııı Napoleon yaxşı xaqan deyilmiş. Xudbin biriymiş. Ölkəni düzgün idarə edə bilmirmiş, 1870-ci il fəlakətinə gətirib çıxarmışdır... bəs bunlardan mənə nə? Ötüb keçmiş şeylərdi bunlar, mənə aid deyil» - dedizdirir. Viktor Hüqodan sonra, məsələn, Ronsardın, Füzulinin kitabını açırsınız, iş dəyişir, bax onlar sarsıdır sizi. Çünki sevgidən bəhs edirlər, bizə insanoğlunun əsrlərlə dəyişməyən duyğularından danışırlar. Bizim gənc şairlərimiz də bunu bir az düşünsələr yaxşı olar. Bir şeiri vardır Tevfik Fikrətin, «Zəka filosofa aiddir, dayanmadan düşünür», deyə başlar: «...Zəkanın da bütün düşündükləri bir gün yox olacaq. Ağıl, zəka xülya olaraq qalır. Nəticəsi yalnız ürək ağrısıdır. Xəyalı-hiss ilə dolu seçilmiş bir qəzəli», deyə bitir. Gözəl bir şeir nümunəsi deyil. Tevfik Fikrət gözəl deməsə də, doğru deyib. Bütün o hikmətlərlə, böyük düşüncələrlə dolu şeirlər unudulur, kiçik bir sevgi şeiri könüllərdə yer alır.
Yalnız şairlər deyil, yazıçılar da sevgi mövzusundan çəkinirlər. Bayağı olurmuş, oxucuların hisslərini oxşadığı üçün bəyənilirmiş və sair bunun kimi saysız boşboğazlıq. Hekayə, roman, bizə insan oğlundan bəhs edir. Yenə günlərin birində Şahzadə Bibeskonun bir yazısını oxudum, ədəbiyyat üçün, «la science des passinos» (ehtiras elmi) deyirdi. Bir insanın ehtirasını, davranışlarını ən yaxşı göstərən sevgi deyilmi? Qəhrəmanların sevgisi, qorxaqların sevgisi, xəsislərin sevgisi... eşq bizimdir. O hiss insanları daha yaxşı anlamağınıza xidmət edir. Köhnələrin bütün romanlarının, səhnə əsərlərinin həmişə sevgi mövzusunda yazılması elə bu səbəbdəndir. Harpaqon bir xəsisdir, xəsisliyi ən çox sevgisində bəlli olur. Kurien Sorel əl çatmaz arzularla yaşayan bir gəncdir və bu sevgisində daha çox üzə çıxır.
Bu da həqiqətdir ki, eşq hər bir insanda var olan bir duyğudur, demək ki, bizim başqalarını anlamağımıza xidmət edir. Hər hansısa gerçək bir insanın, ya da bir roman, səhnə obrazının aşiq olduğunu gördükdə onlarla daha yaxından maraqlanırıq, başqa hisslərinə də həssaslıqla yanaşırıq. Sevməyən, aşiq olmayan insan sanki yarımçıq insandır, ona görə onlarla maraqlanmırıq. Şairlərimiz kimi yazıçılarımız da bunu düşünməlidirlər. Bizə cəmiyyətin vəziyyətini bildirmək istəyirlər? Bəzi insanların sevinclərini, kədərlərini göstərmək istəyirlərsə, bunları bir sevgi hekayəsi içərisində göstərsinlər. Sevgi əsərlərinin başlıca mövzusu olsun demirəm, amma yazılarında sevgini unutmasınlar. Yoxsa yaratdıqları qəhrəmanların real həyatda nə yaşadıqlarına bizi inandıra bilməzlər.

Nurullah Ataç _"Sevgi şeiri istəyirik"- (ESSE) Türk dilindən uyğunlaşdıran: Çinarə NüsrətliБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30