manera.az
manera.az

Nə yaxşı ki, sən varmışsan - Mahirə Nağıqızının şeirləri

📅 07.09.2020 16:13

Nə yaxşı ki, sən varmışsan - Mahirə Nağıqızının şeirləri
MANERA.AZ professor Mahirə Nağıqızının şeirlərini təqdim edir:

Bilinmir

Bu illər haradan gəldi də getdi,
Gəlməyin,getməyin vaxtı bilinmir.
Çay idi,suyunda əksimə baxdım,
Götürüb haraya axdı,bilinmir.

Gözümü açandan bildim haradır,
Ömür də gün kimi ağdır,qaradır.
Dünyaya yad gələn ciyarparadır,
Nə zaman bəxtinə çıxdı,bilinmir.

Anamın əlidir kürəyimdə dağ,
Dizləri başımı qoyduğum ocağ.
Mən körpə qalmışam,dünya oyuncaq,
Nə zaman yandıra-yaxdı bilinmir.

Kimiydi ucadan mənəm,mən- dedi,
Minmişəm kəhərə,düşmənəm- dedi?
Enişdən,yoxuşdan keçmənəm-dedi,
Bilmədi fələyin baxtı bilinmir.

Mahirə gəlmədi becə dünyaya,
Söz ilə yol gedər uca dünyaya.
Bu zalım dünyaya,qoca dünyaya
Zülümdən kim qurdu taxtı,bilinmir.

Vətəndir

Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir.

Dünyanın sirri bir, sualları çox,
Boy verən nə qədər... cavab verən yox.
Oğlunun, qızının gözü-könlü tox,
Bir ümid yerinin canı vətəndir.

Hər ağla gələnlər yığbala gəlməz,
Haqdan gəlməyəni yığ bala, gəlməz.
Sevənin günahı babala gəlməz,
Ürəyə can verən qanı vətəndir.

Kimə doğma dedin, kimə yad dedin,
Nə haray istədin, nə imdad-dedin?
Qürbətin havası verməz dad-dedin,
Adının hər adı-sanı vətəndir.

Qurduğun dünyanın hər daşı-vətən,
Ömrünün-gününün yoldaşı-vətən.
Mahirə, demədi qəm daşı vətən,
Dərmanın hardadır, hanı-vətəndir.

Gizlədim

Qapını döyməyə qolum qalxmadı,
Adını istədim çəkəm ki, çaşdım.
Sənə deyiləsi ürək sözümü,
Divara danışdım, daşa danışdım.

İllər yük yeriydi, yük dolabıydı,
Sənsiz bilmədim ki, hara düşəm mən.
Dərdləri sən mənə vermişdin deyə,
Doğma balam kimi bəsləmişəm mən.

Gözümün yaşını görmədi bir kəs,
Səninçün axırdı deyə gizlədim.
Qəlbimə tökülən o nuru bilsən,
Mən necə oxşadım, nə əzizlədim!

Bilmədim bu qədər niyə doğmasan,
Gözümün nurusan, qəlbimin başı.
Oğlumsan, qızımsan, anam-bacımsan,
Qarın qardaşısan, köynək qardaşı?

Kəbəni dolandım, Məkkəni gəzdim.
Haqqın işığında özümü görəm.
Mən belə bilməzdim, belə bilməzdim,
Allahım, dərdinlə bəxtəvərəm mən.

Dolanar

Bir itiyin ətrafında hərlənər,
Axşam-səhər neçə güman dolanar.
Dar günündə qəflət olan dillənər.
Yüz xatada bircə aman dolanar

Hər addımdan bu dünyada bir nişan,
Ömür yoldu, rizə-rizə danışan.
Ulduz kimi gözümüzdə sayrışan,
Gözdən iraq yaxşı-yaman dolanar.

Bu dünyadı, kədər bitər, qəm bitər,
Qarşılama, yola salma birtəhər.
Kim dedi ki, nahaq itər, haqq itər,
Heç nə itməz, olar ümman, dolanar.

Mən kiməm ki nagahandan söz deyəm,
Haqq eliyib əyri deyəm, düz deyəm,
Ha can atam, eşidənə yüz deyəm,
Çatanacan zaman-zaman dolanar.

Bilirəm ki, tanıyacaq ahınnan,
O bələddi Mahirəyə yaxınnan,
Başım üstə Həsən Mirzə ruhunnan
Tapanacan mənə loğman, dolanar.

Dünyanın

Mənzil istəyəni karvana qoşar,
Uzundur, qısadır yolu dünyanın.
Bilməzsən qaynayar, duymazsan daşar,
Görünməz qəhəti, bolu dünyanın.

Yazılıb uğruna hansı vaxt düşər
Kimə künc verilər, kimə taxt düşər.
Nə düşsə bilirəm, baxtabaxt düşər
Dolanar boynuna qolu dünyanın.

Nagahan anlamaz nə qeylü-qaldı,
Dərmanı zəhərdi, zəhəri baldı.
Bilən də özünnən apardı, qaldı,
Sinəsi sirr ilə dolu dünyanın.

Nəzər sal, göz gəzdir ha dönə-dönə,
Yol onun yoludur, yol seç min dənə.
Qisməti qolundan tutub gedənə
Fərq etməz nə sağı,solu dünyanın.

Açıqdır, gizlidir – yüz davası var,
Xəncər davası var, söz davası var.
Hərənin içində öz davası var,
Tərpənməz bir tükü ulu dünyanın.

Nə toyu boy vermir, nə yası olmur,
Hər cəfa çəkənin səfası olmur.
Mahirə, dünyanın ağası olmur,
Gələn də, gedən də qulu dünyanın.

Nə yaxşı ki, varmışsan...

Dünya bu rəngdə olmazdı,
Nə yaxşı ki, sən varmışsan.
Hər nə desəm, gülüm, azdır,
Nə yaxşı ki, sən varmışsan.

Ürəyində od payım var,
Söhbətində dad payım var.
Məhəbbətdə ad payım var,
Nə yaxşı ki, sən varmışsan.

Oxşar şirin dillər məni,
Bəzər qızılgüllər məni.
Təngitmədi illər məni,
Nə yaxşı ki, sən varmışsan.

Doldurdun bomboş dünyamı,
Mənə verib xoş dünyamı.
Ayıltdın sərxoş dünyamı,
Nə yaxşı ki, sən varmışsan.

Axan göz yaşımı sildim,
Adınnan yuvama gəldim.
Umud olan nədir bildim,
Nə yaxşı ki, sən varmışsan.

Mənzil yolu addım-addım,
Qəmi atdım, dərdi atdım.
Arzulardan ev yaratdım,
Nə yaxşı ki, sən varmışsan.

Qara günü ağ eylədin,
Bağça qurdun, bağ eylədin.
Mahirəni dağ eylədin,
Nə yaxşı ki, sən varmışsan.

Alladar

Bir gördün, sevdinsə sevdin,
Başqa cür deyən alladar.
Kimini Allah bəndəsi,
Kimini şeytan alladar.

Yolu çəkən Xudam olar,
Ondan çıxmaq xatam olar,
Eşq ya olmaz, ya tam olar,
Edər imtahan, alladar.

Ürək istədiyin tapmasa,
Göz görüb sevdiyin tapmasa,
Yar, yar dediyin tapmasa,
Özünü tamam alladar.

Nədir göstər dünya malı,
Həzrət Davuddan qalmalı,
Eşqdə nə var qalmaqallı,
Hay salar, nadan alladar.

Sevən sevdiyinin qulu,
Dili laldı,qəlbi dolu.
Tanrı bilər, çəkər yolu,
Yoldan çıxardan alladar.

Demə Mahirə demədi,
Eşq varsa, ürək göynədi.
Dünya özü əfsanədi,
Əfsanə, inan alladar.

Tural Adışirinin təqdimatında


Baxış sayı - 1 508 | Yüklənmə tarixi: 07.09.2020 16:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031