İsmaEl Məmmədovu qalib edən şeir|MANERA.AZ
Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı şeir” nominasiyası üzrə münsiflərin səs çoxluğunu qazanaraq I yerin qalibi elan edilən İsmayEl Məmmədovun şeirini təqdim edirik:
Müharibə xəbərləri və ölüm
İnsanlar təlaşlı
Küçələrdə daha kölgəsini axtarmır yaralı itlər
Ağaclardan didərgin düşüb sərçələr
Binalar səbirsiz cəlladlara bənzəyir
Balta ucları solğun işıqlı pəncərələridir.
İnsanlar təlaşlı
Əlcəksiz əllərini xatırlayır birisi
20 il əvvələ aid əlcəksiz əllərini
Və bilir ki, zamanla birlikdə
onu qiymətli edən hər nə varsa,
ovurdlarından sürüşüb.
İnsanlar təlaşlı
Müharibə qorxusu qarışıb
sobanın üzərindəki heyva qoxusuna.
Arpa dəninin paslı gilizlərə corab toxuyan vaxtlarıdır
Yuxularımızdan qaçıb səmanın çılpaq bədəni
Ayaqlarımızda zəncir var,
ağır top mərmisinə bənd olunmuş zəncir.
Əllərimizi bağlayıblar keçmişlə.
Sərhədlərimiz sevgi və unutqanlıq adlı tikansız məftillərlə tutulub
Yorğunluğumuzdur anamızın uzun həsrətə dözməyən baxışları
Və bilinmir ki, bilinmir
Azadlıq adlı,
Xoşbəxtlik adlı
yolumuzun işıqları kimdədir.
İnsanlar təlaşlı
Gülüşlərdə üzə çıxıb kədərin cizgiləri
Mahnı oxuyur bir ağacdələn
Və “mənim ölkəm” deyə hayqıran səs
doldurur insan sevinclərindən arınmış,
orta əsrlərin qanı ilə suvarılmış bütün sərgiləri.
İnsanlar təlaşlı
Göz yaşları quruyub
Nağıl qəhrəmanları daha getmir dirilik suyunu axtarmağa
Ölməkdədir günəş
Qürubun dərdi ilə danışır bir daş,
Qürubun həsrəti ilə qanadlarını cilalayır bir quş.
İnsanlar təlaşlı
Bayrağa yox,
Anasının kədərinə bükülüb basdırılır bir oğlan.
Üsyan səsləri parçalayır saralmış otların bağrını,
Üsyan səsləri cəhənnəm nidasıyla doldurur
cənnətdəki xoşbəxt anlar bağını.
Alnından öpmək vardı sevdiyimiz hər kəsi,
Alnından öpmək.
Bax o məzar daşındakı anaya,
Oğlunun şəkillərdə qırmızı çillərlə düşmüş alnı əvəzinə
öpür kədər abidəsi kimi ucalmış sütunu.
Bax, bax yolun o biri tərəfindəki dilənçiyə,
Kirli saçları işğal edib qürurunu.
Və öpülmək yox, qırışlar nəğməsi oxuyur
cibindəki oyuncaq keçiyə.
Ahh çəkib indi laylaylar bəstəkarı.
Yırğalanan beşik ölkəmdir indi.
Dənizlərin ən qarası
fırtınaların ən güclüsündə
ölməmək üçün yırğalanır.
Ahh çəkib indi laylaylar bəstəkarı.
Saçlarımızda gizlənir ümid ulduzlarımız.
Yolçuluğumuz bir ovuc su,
Bir parça çörəyədir.
Dabanlarımızdan utanır bənövşə bağçası,
Dizlərimizdən utanır şux bir rəqs havası.
İndi yıxılmağın zamanıdır
Müharibə sərhədlərimizdən içimizə qonaq gəlib,
Bir fincan çay istəyir
əllərimizdəki əsirlik qorxusundan.
Dik dayanmışıq.
Çiynimizdə gah qoruyucu jilet,
gah da
yenilməz bir şahın əbası kimi
göyərir üşüməyin çin səddi olan adyal.
Dik dayanmışıq.
Çiynimizdə gah ağır bir yük,
gah da
dəmir bir medal kimi
parlayır öpüldüyü günü unutmuş xal..
Dik dayanmışıq.
Kəlağayılardakı çiçəklər
qaçıb gedib övlad qəbirlərinin üzərinə.
İndi səlib yürüşüdür
bütün müharibə istəməyənlərin kədərinə.
Küncütlü qoğal qırıntılarını tapdalayır bir zabit.
“Əvvəl küncüt ölür,
yoxsa qoğal?” deyə düşünür bir uşaq.
Əllərində tabaşir var,
arzularında peşmək.
Əllərində tabaşir var,
arzularında YAŞAMAQ..
P.S. Müsabiqə iştirak edən bütün müəlliflərin yaradıcılıq nümunələri saytda dərc olunacaq.
MANERA,AZ