manera.az
manera.az

Dünya bizdən inciyib - Zakir Məmmədin şeirləri

Dünya bizdən inciyib - Zakir Məmmədin şeirləri
(Gəraylı üstə)

***
Məni hələ dindirməyin,
Ağlayım-qurtarım, sonra.
Başımdan aşan dərdləri
Aparıb qaytarım, sonra.

Toxunub asta, bərk simə
Kökləyim sazı kök simə.
Dərdimi sıxım köksümə,
Oxusun qoy tarım sonra.

Dillənsin yerimə simlər,
Üstümdə tir-tir əssinlər.
Dərdimi alıb getsinlər,
Mən yenə taparam sonra.


***
Tələsirəm, tələsirəm
Uzaqlara, uzaqlara.
Hələ sirrəm, hələ sirrəm
Dodaqlara, dodaqlara.

Sıxır məni bu ucalıq.
Fikirlərdə bu haçalıq.
Çəkir adamı qocalıq
Uşaqlara, uşaqlara.

Olsaq da könül dustağı,
Yuxarıdan Allah baxır.
Bir gün qaranlıqlar çıxır
İşıqlara, işıqlara.

Yaş qalıb

Kitabın üz qabığında
Bir şəkil yeri boş qalıb.
Sənin yazdığın şeirin
Bir cümləsində iş qalıb.

Üstümüzdən keçdi qış da,
Çiynimizdən uçdu quş da.
Çürütdü dünyanı diş də,
Ağzımda hələ diş qalıb.

Mən nə qədər atıb-tutdum,
Buraya gəldim, unutdum.
Hər yeri silib qurutdum,
Bir gözdə yenə yaş qalıb.

Ağ, qara

Sinəmdə dağ-dağ olan
Yaranı mən vurmuşam.
Dünya bizdən inciyib,
Aranı mən vurmuşam.

Beş barmağın beşi də...
Adamların işi də...
Hanı məni eşidən!
İranı mən vurmuşam!?

Eşidirsən zəngi sən?
Yaxşı olmaz ləngisən.
Üzünə ağ rəngi sən,
Qaranı mən vurmuşam.


***
Bizi bir dərin quyudan
Neft çıxara bilmədi.
Alçaq yerdən hündür yerə
Lift çıxara bilmədi.

Nə səpiblərsə bu yerə,
Bu torpaq çətin göyərə.
Qaldıq göyərə-göyərə;
Nitq çıxara bilmədi.

Arzularla uçan quşduq.
Dedik, bəlkə, qanad açdıq.
Sidq-ürəkdən inanmışdıq;
Sidq çıxara bilmədi.

Yığışaq

Gəl bu yayı ötürməyək,
Bir gözəl ayda yığışaq.
Kef-damağı bitirməyək
Qaldırıb badə yığışaq.

Çay içib çayı adlayaq.
Mey içib meyi adlayaq.
Beləcə, yayı adlayaq,
Fani dünyada yığışaq.

Sular kimi şəlaləli,
Çəmənlər kimi laləli.
Sənli, mənli – ailəli
Qoyaq bir qayda, yığışaq.

Az görünüb, çox anlaşaq
Doğmalaşıb yaxınlaşaq.
Damla-damla axınlaşaq,
Axıb bir çayda yığışaq.

Üz tutub göyəcən gedək,
Gordan bələyəcən gedək.
Ən uzaq evəcən gedək.
Gedib o tayda yığışaq,
Gəlib bu tayda yığışaq.


***
Bu sevginin həsrət namlı
Qatarı indi gələcək.
Dünyadan çox gizlənmişik;
Radarı indi gələcək.

Yadlaşdıq hər yad baxışla.
Allah, sən də az bağışla!
Yenə yazımız bu qışla
Qurtarıb indi gələcək.

İsinməyib oda, közə
Könül verdik əhdə, sözə.
Haqq verib, haqq işimizə
Bu Tanrı indi gələcək.


***
Ürəyindən keçənlərin
İçində ola bilsəydim!
Yüz ölçəndə, bir biçəndə
Biçində ola bilsəydim.

Gözündə ucala bilsəm,
Mən bunu bacara bilsəm!
Dərsindən üç ala bilsəm...
Vecində ola bilsəydim.

Çox götür-qoy edəcəksən.
Axır, kama yetəcəksən;
Sən də köçüb gedəcəksən.
Köçündə ola bilsəydim!

Ağır

Bir ağır işə qol qoyduq,
Qolumuz qaldıra bilmir.
Yana çəkilib yol qoyduq,
Yolumuz qaldıra bilmir.

Qıçını möhkəm uzadıb,
Dəvə qulağında yatıb.
Bu daşı ağıllı atıb,
Dəlimiz qaldıra bilmir.

Olsa da bu işlər xırda,
Başa iş açır axırda.
Bir söz daş kimi ağırdı,
Dilimiz qaldıra bilmir.


***
Bu sular hələ axacaq,
Əriyib bu qum gedəcək.
Ölənlərin əvəzinə
Bu yolu bəs kim gedəcək?!

Yaşayıb ən son qəmini
Kim minər ən son gəmini?
Düzəldib öz görkəmini
Qamətim, qəddim gedəcək.

Bu dünya da rəzil-rəzil
Düşüb dalımızca gəzir.
Bir quş da əmrə müntəzir –
Uçub vətəndən gedəcək.

Bitməz bu ah-ufum mənim,
Bu sufim, hürufim mənim...
İnciyib bu ruhum mənim
Bir gün bədəndən gedəcək.

Zakir MəmmədБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31