manera.az
manera.az

Bir ömürdü yol gedirəm - Tapdıq Yolçunun şeirləri

📅 18.12.2019 11:30

Bir ömürdü yol gedirəm - Tapdıq Yolçunun şeirləri
Tapdıq YOLÇU - 60

BADA GETDİ...
(60 yaşın şeiri)

Axır mən də qocaldım,
Gül ömrüm bada getdi.
Yaşım gur çaya döndü,
Sel oldu, suda getdi.

Qara qaşlarım vardı,
Qaya-daşlarım vardı,
Elə saçlarım vardı,
Ağardı, o da getdi.

Yolçu yolda durmadı,
Yar gözündən vurmadı.
Bu da belə qurmadı –
Qan düşdü, qada getdi.

Axır mən də qocaldım,
Gül ömrüm bada getdi...

DÜNYA – AYRILIQ YERİ

Üstümə dərd-qəm yağır,
Daha yağan yağışla.
Buz tək soyuq görünür,
Hər baxan od-baxışlar.

Işıq salmır üzümə,
Gün doğur, gendən gedir.
Gün gündən ötməyir ki,
Nə gedir məndən gedir.

Dünya – ayrılıq yeri,
Bilmirdim...
Bildim indi;
Yaşlanıb yalın qalan,
Yaşıma gəldim indi...

MƏN AĞLAMAQ BİLMİRDİM

Mən ağlamaq bilmirdim,
Səndən ötrü ağladım.
Göz yaşımı gözümdə,
Bu dəm üçün saxladım.

Gəzirdim bir dağ kimi,
Mən baş əyən deyildim.
Hardan çıxdın qarşıma?!
Səni gördüm...əyildim.

Nə vaxtdı dünyadayam,
Günüm,kəhərim, yolda.
Səni niyə görmürdüm,
Səni,ey...dünya boyda?!
Bu gün keçdin qarşımdan,
Gördüm,ayaq saxladım.
...Mən ağlamaq bilmirdim,
Səndən ötrü ağladım...

AYRILIQDAN AYRILIB...

Ayrılıqdan ayrılıb,
Gedə bilmək olurmu?
Üfüqdə göz-qulaqdan,
Itə bilmək olurmu?

Dost olub dərd-sər ilə,
Dövranla, dörd yer ilə,
Dərdləri dərd əliylə,
Didə bilmək olurmu?

Günə bir gün ağlayıb,
Bu dağları dağlayıb,
Gül-çiçəyə bağlanıb,
Bitə bilmək olurmu?

Ayrılıqdan ayrılıb,
Gedə bilmək olurmu?..

YURD YERİNDƏDİR

Sən burdan ayrılıb getsən də, gözəl,
Yolunu gözləyən yurd yerindədir.
Demə həsrətini daha çəkmirəm,
Qəlbimə qoyduğun dərd yerindədir.

Bilmirəm, səndənmi, Haqdanmı gəlib,
Ömrüm qəm əlində zəlildi, qalıb.
Nə sağım sağalıb, nə solum gülüb,
Canımı gəmirən qurd yerindədir.

Yolçu yol gəzməyir, yol keçib gedir,
Enir dərələrdən, yal keçib gedir.
Yaşanıb tükənir, il keçib gedir,
Əcəl günlərimin dörd yerindədir...

YOLMU VAR…

Bir ömürdü yol gedirəm,
Yolmu var yoldan savayı?!
Nə görür, nə eşidirəm,
Olacaq, oldan savayı?!

Tanrı yaxşı-pismi seçir,
Əkir, bir yandan da biçir.
Kim bilir, gedən nə çəkir,
Ölümdən, öldən savayı?!

Düpdüzüymüş, dünya – yalan,
Yalandı parlayan, solan.
Qiyamətə nədir qalan,
Torpaqdan, küldən savayı?!

KİMSƏ YOXDU...

Kimsə varmı bu kimsəsiz dünyada,
Ağız açam, deyəm, tökəm dərdimi?!
Tək bircə kəs arxa ola, yan dura,
Qamarlayam, əzəm, bükəm dərdimi.

Arzum vardı...
Arzu bağı hardadı?
Bağ deyilən bir əlçatmaz dağdadı!
Vaxtmı çatır, ömür-mənzil yarıdı,
Qoyacaqmı yığam, çəkəm dərdimi?!

Ay beyqafıl, sən nə gendən güdürsən,
Kefindəsən, nə qanır, nə bilirsən?
Sevinc sanıb bölməyəmi gəlirsən,
Qoysan özüm çözəm, sökəm dərdimi.

Qış günüydü mən göz açıb gələndə,
Nə Gün gördüm, nə gülmədim gülənlə.
Nə qazandım, əyləyim nə - gedəndə,
Son pay kimi səpəm, əkəm dərdimi?!

...Kimsə yoxdu, deyəm, tökəm dərdimi...

DURNALAR GEDƏN YERƏ

Bu güz qaça biləydim,
Burdan köçə biləydim,
Mən də uça biləydim,
Durnalar gedən yerə.

Gedəm üzüm sürtməyə,
Həsrətimi örtməyə.
Dəm gedə, qəm getməyə,
Durnalar gedən yerə.

O yer bura uyarmı,
Məni tutar, sayarmı,
Anam bilsə, qoyarmı,
Durnalar gedən yerə?

Bir üzdən üz görmədim,
O üzdən üz döndərdim.
Getmədim, söz göndərdim,
Durnalar gedən yerə...

NƏYİM QALIB...

Nəyim ötdü – bilirsən,
Bilmirsən – nəyim qalıb?
On ilim, on beş ilim,
Bəlkə bir ayım qalıb?

Nə qədər istəyirsən,
Yenə çəkim nazını?
Çoxunu ki, çəkmişəm,
Çəkim qalan azını?

Həsrətindən saralıb,
Sinəmin yaşıl donu.
Qorxuram – birdən olar
Bu payız ömrün sonu...

Tərs əsir dərd küləyi,
Çatmır sənə sözlərim.
Getdiyin izi görmür,
Heydən düşür gözlərim.

Çöküb ömür divarım,
Gəl, bir gör nəyim qalıb?
Sənsiz ölüb getməyə,
Bəlkə bir ayım qalıb...

BAXAN YOXDU İÇİMƏ...

Hər gün içim ağlayır,
Gəlirmi heç vecinə?!
Sən üzümə baxırsan,
Baxmayırsan içimə.

Gülüşündə gözümün,
Gülüm, yaşdı, gül deyil.
Sına bilmirəm, neynim,
Qürurum hey – gül, - deyir.

Bir Haqq bilir qəlbimdən,
Axan qara qanları.
(Mən çəkən dərdə düşsün,
Başıma qarayanları.)

Yol yorub, yaş sayıram,
Düşüb karvan köçünə.
Hamı baxır üzümə,
Baxan yoxdu içimə...

YENƏ...

Mən səni xatırladım,
Yenə bu axşam, bu gün.
Qəlbim sevginlə yandı,
Oldu bir ağ şam bu gün.

Yenə doldu başıma,
Həsrətin boz dumanı.
Gedib sənə çatmadı,
Yenə andım-amanım.

Yenə nahaq gözlədim,
Gəlmədin sən bu axşam.
Yenə həmdəmim oldu,
Dəftər-qələm, bir ağ şam...

Təqdim etdi: Tural Adışirin


Baxış sayı - 1 783 | Yüklənmə tarixi: 18.12.2019 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031