manera.az
manera.az

Səni ürəyimdə mənsiz saxladım - Aləmzər Sadıqqızının şeirləri

Səni ürəyimdə mənsiz saxladım - Aləmzər Sadıqqızının şeirləri
Manera.az Aləmzər Sadıqqızının şeirlərini təqdim edir:

* * *
Daha nə yazım var, nə yaz günəşim,
Yazımdan adlayıb qışıma keçdim.
Səni ürəyimdə mənsiz saxladım,
İçimdən adlayıb dışıma keçdim!

Hələ ürəyimə vərəcəyin var,
Sənə yüz gileyim, deyəcəyim var,
Qal orda gör nəcə görəcəyin var,
Hər gün bir il qədər yaşıma keçdin.

Sənə özüm qədər dəyər vərmişəm.
Sənə sevgi adlı səhər vərmişəm.
Elə göz yaşımdan bəhər vermişəm,
Gözümdən yol edib başıma keçdin.

İnanıb uzatdım yara əlimi,
Sən qısa elədin uzun dilimi,
Yolunda ağartdım qara telimi
İndi də adlayıb qaşıma keçdin.

Daha nə yol qalıb, nə də iz qalıb,
Daha yaşamağa bu payız qalıb.
Məzarım qazılıb, vaxtım az qalıb,
Ömürdən inciyib daşıma köçdüm!


* * *
Yenə nə dolmusan bulud gözlərim.
Dərdini tökməyə yer axtarırsan.
Bezmisən dünyanın haqsızlığından
Quş kimi uçmağa göy axtarırsan.

Bir qərib yolçusan yol yoldaşın yox
Yollarda islanır yağışın altda.
Eləcə yol çəkir yol gözləyirsən,
Yollarda utanır baxışın altda.

Fələk çox ağladıb səni, əzizim.
Neyniyim bir azca güləsən, gülüm.
Yumum kirpiyimi bir azca dincəl.
Qorxuram dərdimdən öləsən, gülüm...

Sənsən bu Aləmin qəm daşıyanı,
Mən sənin bir qəmli yarın olmuşam.
Hər kəsin bəxtinə gülənlər düşüb,
Mən səni ağladan payın olmuşam.

Sənsiz darıxmıram ki…

Bir azca gündüzlər gecəyə dönüb,
Bir az da gecələr al-əlvan keçir,
Gündə çox yox…on iki ,ya, on üç saat…
Xəyalın gözümdən anbaan keçir…
Mən sənsiz ölürəm, darıxmıram ki…

Bir azca əllərim üşüyür sənsiz…
Bir az duyğularım uşaqlıq edir.
Mənim göz yaşlarım quruya bilmir,
Bir az da ürəyim cığallıq edir…
Mən sənsiz ölürəm…darıxmıram ki…

Bir az həyat sıxır, bir az sənsizlik,
Ömür gözlərimdə qara qəfəsdi…
Mənim yaşamağım yaşamaq deyil…
Aldığım-verdiyim quru nəfəsdi.
Mən sənsiz ölürəm…darıxmıram ki…

Bəlkə, də yoxsan heç sən bu dünyada,
Bəlkə Tanrı məni yarı bölməyib?
Bir az şübhəliyəm bəlkə göylərdən,
Gələn cismim olub, ruhum gəlməyib?
Mən sənsiz ölürəm…darıxmıram ki…

Bir azca Aləmin dünyası başqa…
Sənsiz bu dünyadan kam ala bilmir…
Mən sənsiz dünyanı sevə bilmirəm…
Dünyada heç mənə ram ola bilmir…
Mən sənsiz ölürəm…darıxmıram ki…

Sənin…

Nə səni sevməyə gücüm çatmadı,
Nə güldürə bildim üzünü sənin.
Könlümün yüz yerdən daman yerinə…
Sürdüm məlhəm kimi sözünü sənin.

Bilmədim qədrini sevən könlünün,
uçurdum qurduğun sevgi mülkünü…
Qoymusan boynuma ölüm yükünü,
Gəzirəm tapmıram izini ,sənin.

Bu da bir ömürdü keçir yel kimi,
Bulud tək yağıram hər gün sel kimi,
Gəlləm məzarına bir gün gül kimi,
Yığaram yollardan gözünü sənin!

Soruş…

Gör həsrət nə imiş, hicran nə imiş…
Bir gündə ağaran telimnən soruş.
Niyə özgə yerdə açılmır ürək…
Onu xarı bülbül gülümnən soruş.

Yuvası dağılan, yurdu alınan,
İçindən sevinci, dəmi çalınan,
Doğma vətənində qaçqın sayılan,
Gör nələr yaşayır…elimnən soruş.

Qovruıa-qovrula dərdini yazan,
Dipdiri canına hey məzar qazan,
Çölündə var olan, içində azan,
İçindən “xəbərsiz” çölümnən soruş.

Özüm öz yurdumda sağır olmuşam,
Susub dayanmışam, fağır olmuşam,
Nədən batman gəlib, ağır olmuşam?
Dişimlə tutduğum dilimnən soruş!

Qarabağ adında oda qalandım,
Arazda bölündüm, Arazda yandım,
Necə yağmalandım,necə talandım,
Hələ də közərən külümnən soruş!

Yaşayım bilmirəm, ölüm bilmirəm,
İllərdir gözümün yaşın silmirəm.
Şuşam gedən gündən niyə gülmürəm!
Onu bir Şuşasız ölənnən soruş!


* * *
Çəkilib içinə sağ yaşayasan...
Dərdindən dirilən, ölən olmaya...
Ele ağlayasan ağlayanda da,
Gözünün yaşını görən olmaya...

Atıb bu dünyanın qayğılarını...
Unudub könlünün nağıllarını...
Gedəsən özünü tapdığın yerə...
Yerini bir görən, bilən olmaya!

Tanrının böldüyü yarı tapasan...
Bir tikə çörəyi yarı tapasan...
Dərdini böləsən, sirrin tapasan...
Onu səndən özgə sevən olmaya!

Başını qatalar, yalan deyələr..
Bir az yaxşı, bir az yaman deyələr
Qayıtma geriyə, dayan deyələr...
Ömrünü acıyla yeyən olmaya...

Hərdən darıxasan, hərdən anasan...
Ötən günlərini xatırlayasan...
Körpətək qoynunda hey ağlayasan...
Gözünün yaşını silən olmaya!

Bir Aləm var imiş unuda hamı...
Gözünün yaşını quruda hamı...
Xoşbəxt buraxasan doğmalarını...
Arxanca darıxdım deyən olmaya!


* * *
Göylərin altında, yerin üstündə,
Hər gecə hönkürən bir qadın ölür...
Səhəri dipdiri açır gözünü,
Ömrünü min dərdə, qayğıya bölür...

Yıxılıb dünyası başdan-binadan,
Hər isti kəlmədən üşüyən qadın...
Aləmin dərdini içinə yığıb,
İçində aləmi düşünən qadın...

Mələk ürəyindən dar ağacına
Hər gecə yüz dəfə yolunu azar...
Barmağı ucunda yeriyər ömrə,
Ürəyi üstündə nağıllar yazar...

Dərdini, odunu bilən tapılmaz,
Hər axşam içindən qaralan qadın...
Günəşi unudan, Ayı itirən,
Payızın yerinə saralan qadın...

Qarışıb içində fəsillər, illər,
Yayda da qar yağar arzularına...
Hərdən durnalara qoşulub gedər,
Gedər on yaşının nağıllarına...

Nə nağıl tükənər, nə ömür bitər,
Bir tikə ümidə şükr edən qadın...
Min ildir yolları tənha yüyürən,
Min ildir bir qarış yol gedən qadın.

Son şeir kimi

Daha nə ümid var, nə də bir güman...
Nə də gücüm qalıb yaşayam ömrü...
Yoruldum... əlimdən salıram daha...
Ruhum da qalmayıb daşıyam ömrü...

Ayağım altına qoydum dünyanı...
Allaha göndərdim ipin ucunu...
Gedib soruşacam Yaradanımdan...
Görüm bağışlamır hansı suçumu?

Bu kövrək, bu yazıq, incə ürəyi
Nə qədər aldadım, nə qədər axı?..
Bir aləm vermişdi guya ki, mənə...
Ömrümü çürütdüm hey hədər axı...

Daha gözlərimi yoran deyiləm...
Qoy göylər ağlasın mənim yerimə...
Alıb ürəyimi çıxıb gedirəm...
Alın bir ürəksiz qoyun yerimə...

Kimsə qınamasın, kimsə söyməsin...
Mən özüm bilirəm cənnət hardadır...
Cənnət balaların ayağı altda...
Ölən anaların harayındadır!

Qoy belə dünyanı yeyən adamlar
Bir az baş qaldırıb görsün dünyanı.
Bu acgöz adamlar, dəmir adamlar
Bir az dizin döysün, söysün dünyanı...

Aləməm əlimdə bir ağ bayrağım....
Yenildim ömrümün ağrılarına....
Tanrım, əllərində bərk-bərk saxla ki,
Qırılıb düşməyim ayaqlarına...

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930