manera.az
manera.az

Çəkilib hər yerdən, sözdə göründüm - Zakir Məmmədin şeirləri

📅 29.01.2019 09:49

Çəkilib hər yerdən, sözdə göründüm - Zakir Məmmədin şeirləri
Ədəbiyyatşünas, şair Zakir Məmmədin doğum günüdür. MANERA.AZ bu münasibətlə şairi təbrik edir, şeirlərini oxuculara təqdim edirik:

***
Bu, Allahın qismətidir,
Yazılanlar ta yazılıb.
Sevənlərin ayağına
Həmişə xəta yazılıb.

Yaza nə var, qışa nə var!
Ya yel əsər, ya gilavar.
Ürəyimdə qabar-qabar
Bütün qan-qada yazılıb.

Bu dağda ki dağdı hələ.
Köhnə bağlar bağdı hələ.
Zakir Məmməd sağdı hələ –
Bir yerdə bu da yazılıb.


***
Ürəyindən keçənlərin
İçində ola bilsəydim!
Sən yüz ölçüb, bir biçəndə
Biçində ola bilsəydim.

Gözündə ucala bilsəm,
Mən bunu bacara bilsəm!
Dərsindən üç ala bilsəm...
Vecində ola bilsəydim.

Çox götür-qoy edəcəksən.
Axır, kama yetəcəksən;
Sən də köçüb gedəcəksən.
Köçündə ola bilsəydim!


***
Göyün sən baxan yerindən,
Bir ağ ulduzla qayıtdım.
Dünyayla duz-çörək kəsdim,
Əlimdə duzla qayıtdım.

Dön dağa, dağı qucaqla,
Ana torpağı qucaqla,
Könlünü buz kimi saxla,
O dağdan buzla qayıtdım.

Dünyada bərkidim, bişdim,
Yeddi qat quyuya düşdüm,
Bir gün ayağına düşdüm,
Yanına sözlə qayıtdım.


***
Lap min il bundan qabaq,
Sənə gül gətirərdim.
Sonra susub durardım,
İki gül arasında.

Min il sonra yenə də,
Həmin duyğu, həmin hiss.
Arada gül söhbəti,
Bir də bizim ikimiz.

Çıxaq gedək

Çıxaq gedək bu ölkədən
Başqa bir ölkəyə sarı.
Bu istidə, bu soyuqda
Çəkilək kölgəyə sarı.

Növbə ilə bu dünyanı
Gəldik, vuraq dişimizə.
Daha belimiz ağrıdı.
Çıxaq gedək işimizə.

Qoy qalsın dağı, meşəsi,
Suları axsın yenə də.
Kol dibindən bənövşəsi
Boylanıb baxsın yenə də.

Canımız da qoy sağ olsun.
Ölməyə can lazım olur.
Söz də qucaq-qucaq olsun.
Şöhrət, ad-san lazım olur.

Yeyək bu meyvədən, yeyək,
Üzüm olsun, göyəm olsun.
Qoy gedək, hələlik gedək!
Allah özü deyən olsun.


***
Bu yer də qutu kimidir.
Alıb bir qutu göndərək.
Dünya lotuluq eləsə,
Biz də bir lotu göndərək.

Himayə edir oğrunu.
Dünya itirib ağlını.
Döyüşə Qoç Koroğlunu,
Bir də Qıratı göndərək.

Bu, BMT, bu da NATO.
Haqqa qoyulub kvota.
Düşmənə təcili nota,
Dosta bayatı göndərək.

Hər adama bir ad verib.
Uçmağa qol-qanad verib.
Allah bizə həyat verib,
Biz də həyatı göndərək.


***
Gedək gəzək yer üzünü,
Gedək Allahın böcəyi.
Baxaq bu torpağın, daşın
Nədir bizə deyəcəyi?

Səni böcək edən Allah
Məni də adam elədi.
Dünyaya hökmünü verdi;
Bu işi xitam elədi.

Yeri bizə bağışlayan
Yer - göy arasını sevər.
Bir az qarışqasını,
Bir az arısını sevər.

Gedək gəzək yer üzünü,
Qayıdaq Allaha sarı.
Böcək, sənin günahın yox;
Bizi əfv eləsin Tanrı.

Ağır

Bir ağır işə qol qoyduq,
Qolumuz qaldıra bilmir.
Yana çəkilib yol qoyduq,
Yolumuz qaldıra bilmir.

Qıçını möhkəm uzadıb
Dəvə qulağında yatıb.
Bu daşı ağıllı atıb,
Dəlimiz qaldıra bilmir.

Olsa da bu işlər xırda,
Başa iş açır axırda.
Bu söz daş kimi ağırdı,
Dilimiz qaldıra bilmir.


***
Bir az kimə istəsən də,
Bir az elə bel bağla.
Bir az kimya istəsən də,
Bir az gülə bel bağla.

Bu qapını yavaş aç,
Ya baş apar, ya baş aç.
Nə tarixə savaş aç,
Nə bir belə bel bağla.

Baş altda bu nə balınc!
Dünya gülüncdü, gülünc.
Əyninə Misri qılınc,
Bir də Çənlibel bağla.


***
Qoy sənə tamaşa edim
Hündür yerdən düş aşağı.
Dünyayla sövdəmiz çoxdu,
Beş yuxarı, beş aşağı.

Yol qoy, çoxdu gedən-gələn,
Mən Kərəməm, bu eşq lələm.
O qədər ləngəm, tənbələm,
Göydən baxır eşq aşağı.

Sev məni, axı adamam,
Mən bir az ağır adamam.
Gəlmişəm, fağır adamam,
Dayanmışam başaşağı.


***
Bəlkə, bu etiraflar
Heç mənə aid deyil?
Sevgi qocalırmı ya,
Niyə müsaid deyil?!

Bax, qosqoca buludlar
Yenə də nalan edir;
Töküb göz yaşlarını
Eşqini elan edir.
Vurulub Yer üzünə
Allahın quşları da.
Qoca vaxtıma düşdü
Allahın işləri də...


***
Nəfsim min dağ dolaşır,
Allahım birdi, gözəl;
Sənə: sevirəm,- demək
Nə böyük sirdi, gözəl!

Bu, necə ömürdü ki,
Sıxır təkliklər məni.
Dörd yanım qayalıqdır,
Ötür kəkliklər məni...

Ən böyük qəlb içində
Ən böyük əsirlər var.
Yenə Allaha şükür,
Nə yaxşı bu sirlər var...

Elə bil...

Min yazının içində
Xəttini tanıyıram.
Hər yana kölgən düşüb,
Qəddini tanıyıram.

Sən elə nəğməsən ki,
Nə qəlb susar, nə simlər;
Elə bildim, sənindir
Qayadakı rəsmlər.

Qulaq kəsilib sənə
Elə bil ki, sükut da.
Səndən nəsə gözləyir
Ömrümdəki süqut da.

Elə bil, havam çatmır,
Tez gəl, qoşul havama.
Ömrümə bahar gətir,
Mən də dönüm obama.

Onda

Dünyasını dəyişmiş istedadlı
yazarların xatirəsinə


Hamı ayaq üstə idi,
ayaqda idi o gün -
bir cümlənin,
bir misranın,
bir kəlmə sözün üstündə.
O gün
sən gəlib çıxdın -
sözünün üstünə gəlib çıxan
adamlar kimi.
Yerdən sən götürdün sözü -
söz götürmürdün onda -
Yerdən sən götürdün o sözü;
Silib tozunu,
o üzünü, bu üzünü öpüb,
qoydun gözünün üstünə.
O gün
Ayaq üstə idilər,
Döyürdülər o sözü,
yıxıb sürüyürdülər,
sözlərinin üstündə söz yox idi.
Onda
ağılları dişlərinin dibindəydi,
söyürdülər o sözü.
O sözü
sən aldın əllərindən,
öpüb qoydun gözünün üstünə.
Sonra da köhnə əkinçilər kimi
səpdin şeir bitirən torpağın üstünə.


***
Yuxarı bağda sənsən,
Gələrəm güllər dalınca.
Mən bir anasız uşağam,
Qaçaram ellər dalınca.

Sözmü düzmüsən yaxana?
Söz paylayırsan baxana.
İzn versəydin yaxına,
Düşməzdim çöllər dalınca.

Nə desən, baldı, - deyirlər,
Sənə halaldı, - deyirlər.
Sevgiyə: laldı, - deyirlər,
Düşmüşəm lallar dalınca.


***
O əvvəlki qənd, şəkər
Dilini hardan alım?
Dünya çıxdı əlimdən,
Əlini hardan alım?

Dinən bir sözdü hələ;
Dönən bir qızdı hələ.
İçim köz-közdü hələ,
Çölümü hardan alım?

Aşiqə öz əsriylə
Könül dastan həsr eylər.
Yanmışammış Əsliylə,
Külümü hardan alım?!

Gözəllər gözəli

Döydüyüm qədim qapının
Ardında gözəllər gözəli.
Yardıma çox ehtiyacım var,
yardımda gözəllər gözəli.

Gözəllər gözəli, dünyada
iş aşırmaq nə gözəlmiş!
Fəsil-fəsil qışda-yayda
yaşamaq nə gözəlmiş!

Bir dəfə bir çöp yandırıb
keçərəm o işıqda burdan.
Adamlar işıq aparırlar
köçüb gedəndə yurddan.

Gözəllər gözəli həyat,
yatan könülləri oyat!


***
Məndən hələ də gen gəzib
Əllərimdən tutan sevgim.
Uyub vaxtın dillərinə
Baxtını unudan sevgim.

Qalxar bir dağın başına.
Dönər o yerin qışına.
Könlümün isti aşına
Soyuq sular qatan sevgim.

Bu könlüm nələr etmədi...
Bu eşq dastanı bitmədi.
Yəqin, kamala yetmədi
Bu ağılsız nadan sevgim.

Yol

Bu yolu gəl gedək, izn ilə gedək.
Bir az ağır-ağır, hüzn ilə gedək.
Beş ilə, on ilə, yüz ilə gedək;
Gedib çıxa bilək mənzil başına.

Bu yol haqq yoludur, düz adam gedir,
Qoşulub hər yerdən yüz adam gedir.
Bu yolu başacan az adam gedir,
Gedib çıxaq gərək mənzil başına.

Getdikcə bu yol da qurtaran deyil.
Yol gedən - yol kəsib artıran deyil.
Bu yol gedənləri qaytaran deyil.
Aparıb çatdırar mənzil başına.

Allah

Sula, bu adamları sula
hələ tutmamış sorğu-suala.
Dən yaxşı cücərmir
bunların içində;
Din yaxşı cücərmir,
qəm yaxşı cücərmir.
Torpağa düşməsə göydən
nəm, yaxşı cücərmir.
Sula bu yer üzünü, sula,
dünyanı tutunca sorğu-suala,
Allah.

İlahi qüvvə

Fələyin cəhrəsi, sapı da mənəm,
Bu evə, bu göyə qapı da mənəm.
Qoyub saxlamağa qabı da mənəm.
Məndən az o yanda ilahi qüvvə.

Bir zaman bir dəli atında gəzdim;
O uzaq dağların ardında gəzdim.
O uca göylərin altında gəzdim.
Üstümdə dayandı ilahi qüvvə.

Dildədir soyuqda, istidə Allah.
Dildədir şəfada, xəstədə Allah.
Fikrimin altı da, üstü də Allah.
Məni saxlayan da ilahi qüvvə.

Dərində yaşadım, üzdə göründüm.
Əyri də göründüm, düz də göründüm.
Çəkilib hər yerdən, sözdə göründüm.
İçimdə oyandı ilahi qüvvə.

Yaş qalıb

Kitabın üz qabığında
Bir şəkil yeri boş qalıb.
Sənin yazdığın şeirin
Bir cümləsində iş qalıb.

Üstümüzdən keçdi qış da,
Çiynimizdən uçdu quş da.
Çürütdü dünyanı diş də,
Ağzımda hələ diş qalıb.

Mən nə qədər atıb-tutdum,
Buraya gəldim, unutdum.
Hər yeri silib qurutdum,
Bir gözdə yenə yaş qalıb.

Tural Adışirinin təqdimatında


Baxış sayı - 2 190 | Yüklənmə tarixi: 29.01.2019 09:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031