manera.az
manera.az

Yeni imzalar, yeni nəfəslər - 10 müəllif

📅 02.02.2020 18:39

Yeni imzalar, yeni nəfəslər - 10 müəllif
Manera.az "Yeni imza" layihəsində 10 gənc şairin şeirlərini təqdim edir:


Yeni imzalar, yeni nəfəslər - 10 müəllif

Cəmil CƏMİLBƏYLİ


***
Özgəyə ağlayan yox,
Hərənin öz dərdi var.
Dünya qəm dünyasıdı,
Sərhəddi var, bəndi var.

Bu dünyanın ən pisi,
Bu dünyanın özüdü.
Sevgisi intihardı,
Eşqi Ölü dənizdi.

Qurtaran olmayıbdı
Həsrətinin əlindən.
Yetənə güllə atır
Fitnəsiylə, feliylə..

Yazılar qara-qura
Əlac yoxdu pozuya.
Dünyanın düzəlməyi
Qaldı gələn payıza.


Yeni imzalar, yeni nəfəslər - 10 müəllif

Əliqulu BƏDİRLİ


***
Ala səni bu şəhərdən bir külək
Suya həsrət dodaq kimi istəyə.
Hamı səni böyük kimi düşünə,
Hamı səni uşaq kimi istəyə.

Bir qız ola kədərinə ağlayan,
Səni sevən, ürəyində saxlayan,
Ümidini son yağışa bağlayan
Səhra kimi, quraq kimi istəyə.

Namə yaza aradabir Əzrail:
Nə var, nə yox, gəlim, yoxsa?.. və sair.
Ürəyini açmaq üçün bir şair,
Gəzə səni, varaq kimi istəyə.

Ümidləri qırmayan bir gələcək,
İnsanlığın yaşadığı bir ürək,
Sinən üstə bitmək üçün bir çiçək
Səni sulu torpaq kimi istəyə.

Bir ana ki, qəmdən qaşı çatılan,
Sənin üçün oda, suya atılan,
Nura həsrət iki gözü tutulan -
Oğlum deyə, çıraq kimi istəyə.

Nə suç ola, nə cəhənnəm, nə cənnət,
Nə din ola, nə bölgü, nə təriqət.
Bircə ola Allah adlı həqiqət,
Ölüm səni qonaq kimi istəyə.

Hamı səni böyük kimi düşünə,
Hamı səni uşaq kimi istəyə.


Yeni imzalar, yeni nəfəslər - 10 müəllif

Əlibala ƏHMƏDOV

BU GECƏ


Bu gecə yenə
zənbillər içində bacadan tənhalıq
atıldı evimə.
Gecənin içində səmanın solğun
rəngi -
ruhumun məyusluğu,
çöldə qurumuş tut ağacının
gövdəsinə yaxılan
kədərli küləklə birlikdə.
Yalqız bir hənirti var otaqda -
gözlərimdən soyuq və əllərimdən
ümidsizlik yığır.

... Bir otaq, bir qonaq və bir tənha
var bu gecə.
Və xatirələr öz şirəsini bu otağın
düz ortasına süzür
bu gecə.
Necə bir dadsızlıq...

Və beləcə, otaqdakı o tənha səhv salır
bir vaxtlar ağılsızca sevdiyi
qadının səsiylə
çöldəki küləyin pıçıltısını.
İndi dağlar, təpələr sonrasında
o qadın,
uzaqlıqda, ayrılıqda dayanıb.
Bu gecə
bir sönmüşlük,
bir yuxu ölümü kimi
gerçəklik var havada.

... Tənhalıq -
pəncərəmə toxunan
kiçik yarpaqlartək...
Ancaq
ümidim vardı
bu gecə bəlkə
əvvəlkilərtək olmayacaq...


Yeni imzalar, yeni nəfəslər - 10 müəllif

Gülay TAHİRLİ


***
Biri dünyanın o küncündə,
Biri də bu küncündə
İki nəfər darıxır...
Hər ikisinin fikri
Dağılmış gecənin zülmətinə...
Hər ikisi yaman darıxır,
Telefona əl atır axır...
Amma nə adam arayır,
Nədə ki qadın...
Darıxmağın da növləri varmış,
Ən qəribəsi: iki nəfər
Bir-birindən xəbərsiz darıxarmış...

Eyni söz düyünlənib qalır
Ayrı-ayrı ürəklərdə...
Bir- biri üçün darıxır
Adamlar kimi ürəklər də...
Fəqət ürəklər danışar,
Qürurun sərhədin keçər, aşar,
Amma adam...
Amma qadın...
Amma qürur...

Uzun-uzun gecələr qurban olur
Bir "Darıxdım" kəlməsinə.
Həsrət qalır neçə-neçə ömür
Bircə zənginsəsinə...
Bir-birini çağırır iki darıxan,
Nə qadın duyur,
Nə də ki adam...

Darıxmağın səsini kəsmir
Onların bağırtısı...
Gecənin də bağrı yarılır bu darıxmağa,
Ay heyrətlə baxır...
– "Siz ki qovuşabilərdiz..."
– "Siz ki danışa bilərdiz..."
Nə qadın günəşdir,
Nə də adam ay...
İkisi də bir doğulub, bir batar...
Amma adam...
Amma qadın...
Amma qürur...


Yeni imzalar, yeni nəfəslər - 10 müəllif

Rauf QƏDİM


* * *
Tarix əşyalara da öyrətdi acı çəkməyi.
Şəkillər acı verdiklərinə görə utandılar,
gizləndilər daima tozlu rəflərdə.
Ölüm hökmü yazılmış kağızlar
yandıra bilmədilər özlərini.
Gizlənməyə bir yer tapmadılar, adamlardan.

Ağladı hər gün,
cəlladın baltası aşağı endiyi üçün,
güllələr hədəfə dəydiyi üçün, ağladı.
Amma hiss etmədi kimsə bu ağrıları.

Bir gün,
dar ağacındakı ip də
asdı özünü dar ağacından,
Amma bacara bilmədi çəkməyə,
ayağının altından insanları.


Yeni imzalar, yeni nəfəslər - 10 müəllif

Malik ATİLAY

BİR OVUC AYRILIQ ƏTRİ


Dilə yatmayan həqiqətlər
İllər keçdikcə yalan oldu
Sevdiyimiz qız köçüncə məhlədən
İtirməyi də öyrəndik
O gündən olan oldu...
Sərçə yuvalarını dağıtdıq
Sərçə boyda əllərimizlə
Günahın nə olduğunu bilmədiyimizdən
Bilmədik ki,
Etdiklərimizin cəzasını çəkəcəyik nə vaxtsa.

Yaş keçdikcə böyüdük,
Futbol meydançasına sığmaz oldu günlərimiz
Elə bildik atamız qədər böyümüşük
Və sanki bir gecədə əvəzlədi oyuncaqlarımızı
Siqaretlə alışqan...
Suların yuduğu çaydaşıtək
illər içdən-içə kiçiltdi bizi,
Zamanın məzar daşlarından sildiyi adlar kimi
Unudulduqca bir az daha silindik sabahımızdan...

Üzr istədik hər Aşura
Susuz can verənlərin dodaqlarından
Heç vaxt gəlməyəcək
Xəyali qadınların ətəkləri toza bulaşmasın deyə
Yollarına ovuc-ovuc səpdiyimiz sular üçün...

Ölüm qapımızı döyən gündən
İtkini və ayrılığı saldı yadımıza gülab ətri.

İndi bu dəqiqə başımda dolanır
Yaşadığım bütün ayrılıqların havası
Sən də qarşımda siqaret çəkirsən
Üç ya dördüncü qədəhdən sonra
Artıq sərxoş-sərxoş baxırsan
Ruhunda qanayan adamsızlıq yarası
Çiyinlərinin titrəməsini gizlədə bilmir saçların.

İndi sənin də öldüyünü başa düşürəm
Əllərinin ətri deyilmiş hopan əllərimə
Bir ovuc ayrılıq ətri...
Bir ovuc gülab qoxusu...


Yeni imzalar, yeni nəfəslər - 10 müəllif

Kənan İSMAYIL

ƏLVİDA GECƏSİ

Bədənimdə baş qaldırır,
sənsizlik ağrısı,
qocaldır bədənimi sənsizlik.

Bu ağrılar, ağrılar...
Sən getdiyin gecədi bu gecə,
elə həmin ağrımaqdı bu ağrımaq da...
Səssizliyindən,
sənsizliyindən
və bir də
ulduzların sayından tanıdım
bu gecəni...
Bu gecənin bir adı var –
Əlvida!

Sən bilmirsən,
sevgi dilində bütün əlvidalar
"bağışla” kimi çevrilir...
Bağışla,
bağışla ki gedirəm,
bağışla ki səni yarım buraxıram.
Kaş, səni bağışlamazdım,
indi yaman darıxıram...


Yeni imzalar, yeni nəfəslər - 10 müəllif

Mehman RƏSULOV

PƏNCƏRƏLƏR


Bağla pəncərələri
Soyuqdu dibçəklərə
Çiçəklər naxoşlayıb
Evimiz üşüməkdə
Bir az bizə oxşayıb

Bağla pəncərələri
Ört üstünü mənzilin
Yatıb bir az tərləsin
Kilidlə qapısını
Qonşular evimizi
Naxoş, xəstə görməsin

Çıxart ötən günləri
Şəkillərin içindən
Evə yemək hazırla
Rəsmlərdə can verən
Adamların ətindən

Bağla pəncərələri
Mənzilin son nəfəsi
Çıxmağa yer tapmasın
Yataq yerin isladan
Tavanın ayıbını
Gəlib görən olmasın

Saatı sayıqlayır
Əqrəbləri can verir
Bağla pəncərələri
Bu ev ölmək istəyir

Bağla pəncərələri
Xəstə otaqlar bezib
Özün eyvandan atar
Ya da bir balış götür
Bas pəncərə ağzına
Evi əzabdan qurtar


Yeni imzalar, yeni nəfəslər - 10 müəllif

Tural MUXTAR


***
Bir şeirlik ömürün qaldı sənin də
Bəlkə bir sətir, bir cümlə, bir söz
Sən də bitəcəksən.
Sən də oxunub silinib gedəcəksən.

Bir şeirlik məsafə var aramızda,
Sətirlər uzun, bitmək bilmir ki.
Nə qədər sözüm var imiş demə,
Get, get məsafələr bitmir ki...

Bir şeirlik gülüşüm qaldı mənim də,
Başlığı sonuna tay olan şeir.
Ölümə cığırdı şeirimin yolu,
Başlığı sonuna tay olan şeir.

Bir şeirlik kədərdi, ayırır bizi,
Yazdıqca süzülür gözümün yaşı.
Gücüm də çatmır ki, silim bir təhər,
Yazdıqca süzülür sözümün yaşı,

Bəlkə qarşılaşarıq eyni şeirdə,
Yan-yana düzülmüş şən sözlər kimi.
Şeir bitən kimi qovuşacağıq,
Başlığı sən kimi, sonu mən kimi?


Yeni imzalar, yeni nəfəslər - 10 müəllif

Əli RÜZGAR

YIXILIRSAN


Fərqi yoxdu nə olsan da.
Əvvəl axır yox olursan,
Həyat eşqi ürəyində,
Bu dünyadan sıxılırsan.

Sevinirsən, dərd çəkirsən
Yaşamaqçün ev tikirsən,
Qalan ömrə göz dikirsən,
Gedən ömrə dağılırsan.

Qəlb yorulur yormasan da,
Əcəl gəlir sormasan da,
Bir dağ kimi durmasan da,
Bir dağ kimi yıxılırsan.

p.s: layihə hər bazar günü yayımlanacaq

Tural Adışirinin təqdimatında


Baxış sayı - 1 934 | Yüklənmə tarixi: 02.02.2020 18:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031