Bədənimdə baş qaldırır sənsizliyin ağrısı | Yeni İmza

Manera.az “Gənc Ədiblər Məktəbi-4" üzvü, gənc şair Kənan İsmayılovun şeirlərini təqdim edir:
Leyla
Qıvrıl ürəyimin bir küncünə ,
Heç kim görməsin səni.
Heç, Allah da görməsin.
Qorxuram axı Leyla.
Birdən Allah da səni mənə çox gördü!
Çəkil ürəyimin bir küncünə, gizlən orda.
Gizlən
eynən uşaq vaxt anamızdan qaçıb,
çarpayı altında gizləndiyimiz kimi ..
Bilirsən Leyla ?
Mən , mənim olan hər şeyi itirdim bu dünyada.
Bir sən qaldın, birdə səni itirmək qorxusu..
Uşaq vaxt üstü bağlı məkanlarda,
Allahdan gizlətdiyim günahlar kimi,
gizlədim səni..
Payız duası
Yağış yağıb üst başına
Yağış qoxur əl, əyağın
Payız düşüb saçlarına,
Xəzəl olubdu saçların.
Payız qoxur şanələrin
Gözlərində yağışda var.
Payızdan bir yarpaq götür
Saxla məndən yadigar.
Sən ovcumun duasısan,
Qanadlanıb, uç Allaha
Payız gəlir uzaqlardan
Bir dəfəlik qaç Allaha..
Əlvidanın tərcüməsi
Bədənimdə baş qaldırır sənsizliyin ağrısı.
Qocaldır,deyəsən, bədənimi sənsizlik
Ehhh, bu ağrılar, ağrılar
Sən getdiyin gecədi, bu gecə.
Elə həmin ağrımaqdı bu ağrımaq
Elə həmin qaranlıqdı, həmin ay.
Səssizliyindən, sənsizliyindən
Və bir də ;
Ulduzların sayından,
tanıdım bu gecəni mən.
Bu gecənin bir adı var,
"Əlvida gecəsi.."
Sən bilmirsən, sevginin dilində,
əlvidalar bağışla kimi tərcümə olunur..
Bağışla, bağışla ki, gedirəm
Bağışla ki səni yarım buraxıram
Kaş ki səni bağışlamaz olaydım,
indi yaman darıxıram,
indi yaman darıxıram...
Günahsız
Bir qadın yarat İlahi,
Sol çiynində mələk olmasın.
Torpaqdan yox, savabdan yarat İlahi..
Bir qadın yarat İlahi,
Duaları sənin olsun, saçları mənim..
MANERA.AZ