manera.az
manera.az

Məni sevmək yasaqdır - Əyyub Qiyasın şeirləri

Məni sevmək yasaqdır - Əyyub Qiyasın şeirləri
Manera.az yazıçı-tərcüməçi Əyyub Qiyasın şeirlərini təqdim edir:

Məni sevmək yasaqdır

Mən sevgi göylərində qara bulud kimiyəm,
Mən ürəkdə son arzu, ilkin ümid kimiyəm,
Məni sevmək yasaqdır

Dərdlə, qəmlə qalmışam ömrün ötən köçündə
Mən yaşaya bilmədim bu dünyanın içində
Dünən də belə idim, mən beləyəm bu gün də,
Məni sevmək yasaqdır

Məni sevmək boş xəyal, məni sevmək ümidsiz,
Birdən xəbərim olmaz çaşıb məni sevərsiz
Məni sevmək yasaqdır

Göydən yerə boylanan mələklərdən qaçıram,
Eşq yolunda saralan çiçəklərdən qaçıram,
Mənlə oyun oynayan fələklərdən qaçıram,
Məni sevmək yasaqdır...

Ruhumda gəzdirmişəm sevgi adlı əzabı,
Sevib unutmaq imiş taleyimin savabı.
Sevə bilənlər üçün məni sevmək cəzadı,
Məni sevmək yasaqdır...

Dünyanın göylərində ayaq izlərim yetim,
Sevgi ömür kimidir sonunda ölüm - itim,
Niyə qulaq asmadın, axı mən sənə dedim
Məni sevmək yasaqdır..

Hər əvvəlin bir sonu,yəqin ki, sonum çatıb,
Ağlım kəsəndən bəri bu eşq məni aldadıb,
Gör neçə illərdir ki, girib içimdə yatır
Məni sevmək yasaqdır...

Eşqimin son mənzili bir otaqlı olacaq,
O mənzilin hər yeri zil qaranlıq olacaq,
Məni sevməyin sonu ya edamlıq olacaq,
Ya da özün bilərsən..
Məni sevmək yasaqdır...

Səni külək aparacaq

Əsir dəli-dəli külək,
Təklikdən üşüyür ürək,
Ay qız, ver əlini görək
Səni külək aparacaq!

Qoparacaq çiçəkləri,
Qurudacaq ləçəkləri,
Əlindəki əlcəkləri...
Səni külək aparacaq.

Öpəcək qara telindən,
Qucacaq incə belindən,
Çətirini alıb əlindən
Səni külək aparacaq.

Bir himə bənddi, bir himə,
Hər şeyi salıb tilsimə,
Gəl bürünək pencəyimə
Səni külək aparacaq.

Dağıdıb bəndi-bərəni,
Eləyəcək öz yerini.
Qatıb qabağına məni
Səni külək aparacaq.


* * *
Bu qədər adam içində
bu adam tənha yaşayır.
Yalandan alır nəfəsin,
alır, bir daha yaşayır.

Gözlərində qəm gəzdirir,
ovucunda dən gəzdirir,
əynində kəfən gəzdirir,
ağzında dua yaşayır.

Yaşayr yalquzaq kimi,
adamlıqdan uzaq kimi.
yaşayır, lap uşaq kimi
yaşayır, guya yaşayır.


* * *
Yorulduq işdən, əməldən,
Qəbir qazmaqdan yorulduq.
Yatıb yuxular görməkdən
Durub yozmaqdan yorulduq.

Hərəmiz öz kefimizdə,
Məclis qurduq evimizdə,
Yenə əli cibimizdə
Bezib gəzməkdən yorulduq.

Biz də düşdük haya, küyə,
Heç bilmıdik nədən, niyə,
Gözümzü döyə-döyə
Baxıb dözməkdən yorulduq.

Çatdı dünyanın axırı,
Vurduq arağı,çaxırı...
Selləri üzü yuxarı
Qalxıb üzməkdən yorulduq.

Qatdıq gecəni gündüzə,
Baxdılar, güldülər bizə...
Özümüz öz dərdimizə
Şeir yazmaqdan yorulduq....

Bayraq

Dalğalan! Şanlı zəfər nitqi kimi ərşə yayıl!
Oyan, ey dünya, oyan! Onu gör, sən də ayıl!
Şəhid olsam, yemə qəm, gəl məzarım üstə qoyul!
Sənin uğrunda ölərsəm, mənə xoşdur, mənə xoş,
Kükrə ümman kimi, nəhr ol ləpələn, daima coş.

Türkün qanı hopmuşdur onun rənginə, dur bir bax,
Sellər kimi daş, göy kimi coş, şimşək kimi çax,
Uca ol, enmə yerindən, düşmənin bağrını yax!
Yolumu gözləyir amma hələ bir şanlı savaş,
Hələ uğrunda gedəcəkdir neçə can, gör neçə baş.

Min illik bir yolu vardır bu Vətən torpağının,
Ümmanı, bozqırı vardır bu Vətən torpağının.
Hürrü var, özgürü vardır bu Vətən torpağının!
Adı Türk, ünvanı İslam, başı üstündə də sancaq,
Südünü Qurddan əmən Hürr olacaqdır ancaq!

Önündə diz çökənin, baş əyənin var olsun,
Səni sevməz biri varsa, bu cahan dar olsun,
Duamı sonda deyim… Rəbbim sənə yar olsun!
Rənginin hər çaları, hər üzü göydən gəlmiş…
Daha enməz ucalıqdan, çün bir kərə yüksəlmiş!

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031