Özünü aparıb getdi Adam... | MANERA.AZ
![]()
/manera.az
Hədiyyə Şəfaqət
...Adam
Getdi və gözlərini də apardı...
Dərinlərində
İşığı qalmışdı, amma o bilmirdi, qadının göz yaşlarının...
...Qollarını da apardı gedərkən
Eləcə
Sallaya-sallaya.
Dağıldı
Qadının istiliyi qəmbər küçəylə üzüaşağı
Ayaqlar və maşın təkərlərinin altına...
Dənizi apardı Adam
Sahili
Və qağayıları...
...Adamın əynində
Köynəyi vardı-miləmil
Üstündə iz qalmadımı deyə yoxladı Adam,
Ya bir tel...
Ya bir iy...
Düşsəydi bir də yuyulunca silinməyəcəkdi
Yoxdu-qoxladı...
Başqa
Nə ola bilərdi?-
Barmaqların titrək toxunuşu...
Ondan arxayındı,
Bilinməyəcəkdi...
...Uzaqlara qayıtdı Adam...
Evinə...
Çantasını
Sevinə-sevinə
Taksinin yük yerinə ehtiyatla yerləşdirdi,
Uşaqlarının hədiyyələri əzilməsin istəyirdi,
Bir də ki, tələsirdi,
Başı qarışdı-
Görmədi qadının son baxışlarını...
Daha asan və sakitdi bu dəfə ayrılıq
Göz yaşlarsız, hıçqırıqsızdı...
Rahatdı
İçi-içini yeyib bitirməmişdi
Qadın bu dəfə qanını qaraltmamışdı son anda,
Susmuşdu...
...Və getdi
Özünü aparıb getdi Adam...
Və bəlkə də heç gətirməmişdi...[