manera.az
manera.az

"Heç zaman gəlməyib gözlədiklərim..."- Vəfa Mürsəlqızı - Manera

"Heç zaman gəlməyib gözlədiklərim..."- Vəfa Mürsəlqızı - Manera

Manera.az Vəfa Mürsəlqızının şeirlərini təqdim edir:

Sevgi

Başa nə gəlirsə gəlsin bilirik,
Ya tale eyləyir, ya bəxt eyləyir,
Sevdiyin adamın məhəbbəti də,
Adamı arabir bədbəxt eyləyir.

Səhər boylandıqca pəncərələrdən,
Ovcunda gecənin qanı görünür,
Yolun əvvəlində baxırsan hərdən,
Çıxdığın o yolun sonu görünür.

Sevgin də, hissin də, əzabkeş bədən,
Ruhunun geydiyi dondur əslində,
Gözündə böyüdüb sevgi dediyin,
Kiməsə verdiyin candır əslində.

Dəyməz böyütməyə gözündə belə,
Sevgi bu dünyanın xəyanətidir,
Bir qadın cismindən yaranan kişi,
Bir qadın qəlbinə xəyanət edir.

Yeri yox

Gedirsənsə susub get,
Danışmağın yeri yox,
Bu yolun sonu birdir,
İrəli var, geri yox.

Qardaşım da, bacım da,
Hamısı bir biçimdə,
Adamların içində,
Bircə dənə diri yox.

Bata-bata günaha,
Asi olub Allaha,
Hamısın açdıq daha,
Bu dünyanın sirri yox.

Dərd ocağı gur yanır,
Düşən-düşən odlanır,
Dünya özü fırlanır,
Təkəri, çəmbəri yox.

Sevgi dolu baxışla,
Bir az ümid bağışla,
Mənə nağıl danışma,
Biri vardı, biri yox.

Varmış

Duyğuların ən gözəlin,
İçində boğmaq da varmış,
Ən böyük səadətinə,
Uzaqdan baxmaq da varmış.

Dərdə düşmək yar yasından,
Ölmək sevgi yarasından,
Dolub ürək parasından,
Gözündən yağmaq da varmış.

Doğmalaşmaq qışda, qarda,
Ayrı düşmək bir baharda,
Sevdiyini yuxularda,
Köksünə sıxmaq da varmış.

Can vermək yolunda belə,
Sağ olmaq solunda belə,
Onunla olanda belə,
Onsuz darıxmaq da varmış.

Yu yağan yağışla məni,
Gözümdəki yaşla məni,
Allahım, bağışla məni,
Sözündən çıxmaq da varmış.

***

Yavaş-yavaş unuduldu,
Hər şey eşqin tamı kimi,
Heç kim belə sevə bilməz,
Allahın adamı kimi.

Əzabından yorulmadım,
İncimədim, qırılmadım,
Hamı kimi vurulmadım,
Unutmaram hamı kimi.

***
Bu dünya ikisəslidir,
Zildir gülüm, bəmdir gülüm,
Bu fəsildə yağış olmur,
Gözümdəki nəmdir gülüm.

Zaman xəlbir, ələk deyil,
Hər döyünən ürək deyil,
Çiynimdəki mələk deyil,
Dərddir gülüm, qəmdir gülüm.

***
Dözə-dözə ağrılara,
Daş olmağı bacarmadım,
Adam olub adamlara,
Qoşulmağı bacarmadım.

Apardı bu yuxu məni,
Tutdu kimin ahı məni?
Baş bilirdi çoxu məni,
Baş olmağı bacarmadım.

Qan ağladı gözüm, dilim,
Qan ağladı zülüm-zülüm,
Səndə nə günah var, gülüm,
Yaşamağı bacarmadım!

Ümid

Hər şeyi bilirəm, demə əzizim,
Ürəkdə nə qədər ağrın, acın var,
Bəlkə də hardasa mənim ümidə,
Sənin ayrılığa ehtiyacın var.

Gücüm yox sadəcə çıxıb getməyə,
Titrək dodağımla , öpüb gözündən,
İsti nəfəsini duyduğum kəsin,
Mən yaman qorxuram payız üzündən.

Bürün ilıq-ilıq xatirələrə,
Bağla pəncərəni, payızdır artıq,
Hər qadın bir dəfə dönür mələyə,
Bir mələk bir dəfə enir nə yazıq.

Bəlkə də, bəlkə də ümid var hələ,
Hələ də qopmayan bağlarımız var,
Durna qatarına qoşulub gedək,
Bizim də hardasa baharımız var...

***
Döndü göz yaşına axdı gözümdən,
Sınıq ürəyimdə gizlədiklərim,
Səndə nə günah var, bəxtim belədir,
Heç zaman gəlməyib gözlədiklərim.

Tale çox ümidi çırpıb üzümə,
Yenə də köksümdə əzizləmişəm,
Həmişə qorxmuşam yol gözləməkdən,
Tərs kimi həmişə yol gözləmişəm.

Eşqinə
Hərə bir cür layla çalır,
Çalır bəxti kəm eşqinə,
Qollarını qələm etdi,
Qərib Şahsənəm eşqinə.

Gəl deyim qırıq baxdımdan,
Dünyanın qərib vaxtından,
Neçə zil endi taxtından,
Bir yaralı bəm eşqinə.

Özüm ağrım. özüm qadam,
Mən özüm özümə yadam,
Məni dindirmə, ay adam,
Gözümdəki nəm eşqinə.

Tanrım, bir günaha batdım.
Murad aldım, murad satdım,
Pərvanətək oda atdım,
Ruhumu sitəm eşqinə.

Vida günü öp gözümdən,
Taqətim getdi dizimdən,
Keçdim yolumdan, izimdən,
İkicə qədəm eşqinə.

Bağrım başın köz yazmışam,
Nə yazmışam az yazmışam,
Kitab- kitab söz yazmışam,
Bircə ovuc qəm eşqinə.

Sən məni başa düşməzsən

Mən gələrəm görüşünə,
Sən dağa, daşa düşməzsən,
Kirpiyimin kölgəsində,
Qara, yağışa düşməzsən.

Sözlərimi səs edərəm,
Sənə bir mən bəs edərəm,
Nəfəsimlə isidərəm,
Borana, qışa düşməzsən.

Eşq ağrısı canındadır,
Mənim sevdam qanındadır,
Doğmaların yanındadır,
Sən məni başa düşməzsən.

Yoxdur

Əcəlin gözündə hamı eynidir,
Qocası, cavanı, qarısı yoxdur.
Ömrün qürubunda tapdığım eşqin,
Yarısın yaşadım, yarısı yoxdur.

Hər qopan ülfətin yeri yaradır,
Hər ölən sevda bir ciyərparadır,
Dünya gözlərimdə ağla qaradır,
Yaşılı, mavisi, sarısı yoxdur.

Birtəhər günümü günə calayır,
Yolumu min səmtə yönə calayır,
Görürəm qəlbimdən qan danmıcılayır,
Açıram, baxıram yarası yoxdur.

Xar oldum çiçəklə gül arasında,
Can verdim dodaqla dil arasında,
Yalannan deyərsən el arasında,
Bu qızın mənimlə arası yoxdur.

manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728