manera.az
manera.az

"Uçan adam" - UŞAQ NAĞILI | MANERA.AZ

"Uçan adam" - UŞAQ NAĞILI | MANERA.AZ

Vüqar Haqverdiyev

"Uçan adam"
UŞAQ NAĞILI


Beş yaşlı Ayxan sehirbaz olmaq istəyirdi. Hər axşam yatanda sehirli yuxular görürdü. Bir dəfə anası mağazaya getmişdi. Balaca oğlan evdə tək qalmışdı. Birdən qonaq otağından səs eşitdi. Qorxa-qorxa qapını açıb içəri baxdı. Gözləri kəlləsinə çıxdı. Otaqda Uçan adam var idi, o tərəfə, bu tərəfə uçurdu. Ayxanı görən kimi Uçan adam dedi:

- Mən eşitdim ki, sən sehirbaz olmaq istəyirsən.

Uşaq qapının arasından başını yelləyib təsdiqlədi.

Uçan adam dedi:

- Mən sənə sehirli qüvvə verəcəm, ancaq, söz ver ki, onu xeyirxah işlərə sərf edəcəksən.

Ayxan o dəqiqə söz verdi ki, yalnız yaxşı işlər görəcək. Uçan adam ona inanıb sehirli qüvvə verdi və pəncərədən uçub getdi. Balaca tez ürəyində şokoladlı dondurma istədi. Bir də gördü ki, stolun üstündə qəşəng bir bağlamada dondurma var. Açıb ləzzətlə yedi. Əmin oldu ki, Uçan adam onu aldatmayıb.
Anası gələndən sonra həyətə düşdü. Sehirli qüvvəsini uşaqlara göstərib öyünmək istədi. Həyət uşaqlarla dolu idi. Kimi top-top oynayırdı, kimi də qaçdı-tutdu. Özü yaşda olan Seymur isə Ayxangilin köhnə, rəngi tökülmüş, içi boş dəmir qarajlarının qabağında qumdan evcik düzəldirdi. Seymurdan xoşu gəlmirdi, həmişə sözləşirdilər. Yaxınlaşıb dedi:

- Bizim qarajın ağzında oynama!

Seymur ona fikir vermədi, evciyi düzəltməkdə davam etdi.

- Eşitmədin, nə dedim? - Ayxan ayağı ilə basıb evciyi dağıtdı. Seymur qalxıb davaya hazırlaşanda, sehirli qüvvə ilə onu bir neçə dəfə göyə qaldırıb yendirdi. Seymurun qorxudan qıvrım saçları biz-biz oldu. Qaçıb güclə canını qurtardı. Digər uşaqlar da aradan çıxdılar.

Ayxan qonşu məhəlləyə keçdi. Gördü ki, həmişə onunla mübahisə edən uzun hörüklü balaca Narıngül skamyada oturub gəlinciklə oynayır. Uzaqdan oyuncağı yandırıb külə döndərdi. Qızcığazın az qaldı qorxudan ürəyi getsin, ağlaya-ağlaya evlərinə qaçdı.

Balaca Ayxan isə lovğa-lovğa sinəsinə vurub dedi:

- İndi mənə heç kim heç nə deyə bilməz!

Sonra qollarını açıb göyə qalxdı. Uça-uça maşın yoluna çıxdı. Sürücülər çaşıb idarəetməni itirdilər. Çoxlu qəza baş verdi. Yolda bütün hərəkət dayandı.
Kənardan Ayxanın hərəkətlərini səbirlə izləyən Uçan adam, nəhayət səbrini saxlaya bilmədi. Başa düşdü ki, uşaq onu aldadıb. Yaxşı işlər əvəzinə, pis işlər görür. Tez onun sehrini əlindən aldı. Ayxan guppultu ilə yerə dəydi. Əl-ayağı əzildi, üz-gözü göyərib şişdi. Ağlaya-ağlaya evlərinə qaçdı. Bir daha sehirbaz olmaq arzusuna düşmədi. Çünki, verdiyi sözə əməl etməmişdi...

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31