“Ər və arvad” komediyası maraqla qarşılanıb | MANERA.AZ
![]()
Azərbaycan Dövlət Musiqili Teatrında VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ü.Hacıbəylinin “Ər və arvad” ikihissəli musiqili komediyası nümayiş etdirilib.
MANERA.AZ xəbər verir ki, baş dirijoru Nazim Hacıəlibəyov olan tamaşada əsas rolları teatrın aparıcı aktyorları oynayıblar.
Hələ 115 il əvvəl Ü.Hacıbəyli müsəlman Şərqində kişilərin ailə başçısı kimi hər cür hüquqlara malik olduqlarını, qadınların isə ərinin kölgəsi kimi yaşamağa məcbur edildiklərini göstərirdi. Üzeyir bəy sözün, musiqinin qüdrəti ilə ziyalıları, xalqın gələcəyini düşünən maarifpərvər insanları cəhalətlə mübarizəyə çağırırdı.
Əsər bu günədək ölkəmizin müxtəlif teatrlarında dəfələrlə tamaşaya qoyulub, milyonlarla tamaşaçının rəğbətini qazanıb və bu gün də Üzeyir bəyin təkrarsız ədəbi irsi, musiqi incisi kimi sevilməkdədir.